Ermənistanın növbəti fiaskosu: Əsir əsgərimiz Bakıya qaytarıldı

 Ermənistan azaraq sərhədi keçən əsgərimiz Ruslan Pənahovu Azərbaycana təhvil verib. Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb, şərti sərhədi keçdiyi üçün Ermənistan tərəfindən saxlanılan Ordumuzun əsgəri dünən Bakıya gətirilib.
 Hava limanında jurnalistlərə açıqlama verən R.Pənahov səhhətinin normal olduğunu, özünü yaxşı hiss etdiyini deyib: “Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib: “Bilirdim ki, məni əsirlikdən xilas edəcək".
 Qeyd edək ki, 28 fevral 2024-cü ildə azaraq Ermənistanla şərti sərhədi keçən və ermənilər tərəfindən saxlanılan Ruslan Pənahova qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri, 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə saxta ittiham irəli sürülmüşdü.
 Sözügedən maddələr “təxribata cəhd”, “başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd”, o cümlədən “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozma”nı nəzərdə tuturdu.
 Lakin dünən Ermənistan Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatında qərarın “ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya uyğun olaraq” qəbul edildiyi bildirilib. Qeyd edilib ki,  Ermənistanla şərti sərhədi keçən və ermənilər tərəfindən saxlanılan E.Pənahovun azaraq Ermənistan ordusunun mövqeləri yaxınlığına gəlib çıxması təsdiqlənib.
 Göstərilənlərə əsasən, Ruslan Pənahov haqda cinayət təqibinə xitam verilməsi barədə prokurora vəsatət verilib və o, təmin edilib.
Bir müddət əvvəl 2 əsgərimizə qarşı 32 erməni  hərbiçisini alan Ermənistanın Ruslanı Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən qaytarması  ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. 
 Gözlənilirdi ki, İrəvan əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə etsin, onun bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı. Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar.
Bir sözlə, Ermənistan tərəfinin növbəti təxribat cəhdi fiaskoya uğradı. Azərbaycan isə hər zaman olduğu kimi, bu dəfə də heç bir vətəndaşının, əsgərinin, zabitinin, insanının taleyinə biganə qalmadığını bütün dünyaya göstərdi. Bu hadisə həm də, Azərbaycanın regionda baş verən hadisələrdə diktə edən tərəf olmasının növbəti əyani təzahürüdür.
 Maraq doğurur ki, 3 gün əvvəl üzərinə 5-6 maddə ilə cinayət məsuliyyəti yüklənən əsgərimiz haqqında Ermənistanın anidən “obyektiv” qərar verməsinin arxasında hansısa maraq dayanır? Yoxsa İrəvan rəsmi Bakının tələbi üzərinə bir neçə əvvəlki mövqeyindən geri çəkilməyə məcbur  qalıb?

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov isə “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanla şərti sərhədi səhvən  keçən hərbi qulluqçu Ruslan Pənahov haqda  irəli sürülən iddialar saxta və ədalətsiz olduğu üçün gec-tez  cinayət təqibinə xitam verilməli idi:
 “Çətin coğrafi və iqlim  şəraitində xidmət edən əsgərlərin azaraq qarşı tərəfə keçməsi təbii haldır. Daha əvvəllər yolu azaraq biz tərəfə keçən erməni hərbçiləri də olub. Azərbaycan isə heç vaxt onlar kimi bu hadisə üzərindən “tamaşa” qurub “şou” göstərməyib.  Dövlətimiz onları qısa zamanda geri qaytarıb.  Biz də şərti sərhədi keçən ermənilərin  əlinə silah verib, terrorçu kimi təqdim edə bilərdik, amma Azərbaycan humanizm göstərərək belə addımlar atmadı.  Ermənistan isə Ruslandan əvvəl azaraq Ermənistana keçən əsgərlərimiz Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı məhkəmə tamaşası  qurub, şou göstərdi. Ruslan Pənahov haqqında isə  heç bir halda qondarma cinayət işi qaldırıla bilməzdi. Faktiki olaraq bu əsgər hələ heç tam müəyyənləşməmiş şərti sərhəd hesab edilən ərazidə dumanda azıb. 


 T.İsmayılovun sözlərinə görə, hər bir azərbaycanlının taleyi ilə yaxından maraqlanan ölkə başçısının səyi və qətiyyəti nəticəsində  Ermənistan bu qərarı verməli olub:  
“Əsgərimizin təhvil verilməsi ilə bağlı razılaşmanın əldə olunmasında ən yüksək səviyyədə danışıqların  keçirilməsi istisna deyil.
 Zənnimcə, Ruslan Pənahov haqda cinayət təqibinə xitam verilməsində  bu günlərdə  Almaniyada  keçirilən görüşlərin də müstəsna əhəmiyyəti var. Almaniya Fransadan fərqli olaraq bölgəyə daha obyektiv, dürüst və bitərəf münasibət göstərə bilir”.