Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb. Abadlaşdırma işləri Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində aparılıb. Səfirliyin məlumatında bildirilib ki, kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub. Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə anıb.
Cümhuriyyət dövrünün tədqiqatçısı, araşdırmaçı-yazar, "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhməd "Sherg.az"a deyib ki, 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə vəfat etdiyində onun bütün cənazə mərasimi və məzarının hazırlanması ilə Azərbaycan Kültür Dərnəyi məşğul olub. Araşdırmaçı vurğulayıb ki, Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 90-cı ildönümündə - 2008-ci ildə dərnək həmin qəbri anıt məzar şəklində yenidən hazırlayıb:
"Anıt məzarın dizaynı dərnəyin katibi, rəssam Tuncer Kırhana aiddir. Anıt 26 kv.m mərasim ərazisində yerləşirdi. 4 bərabər ölçüdə olan sütunların yüksəkliyi 285 sm-dir. Bu rəqəm simvolikdir: - 28-ci gün, 5-ci ay kimi, yəni Cümhuriyyətin qurulduğu tarix. Sütunlarda türk kilim motivləri və Qafqaz xalqlarının ortaq mədəni dəyərlərini əks etdirən naxışlar əks olunmuşdu. Sütunun üzərini əhatə edən daşda bayraq və gerbimiz verilmişdi. Qəbrin ölçüləri isə 34x71 sm-dir. 34 Rəsulzadənin Cümhuriyyəti elan etdiyi vaxtdakı yaşı, 71 isə vəfat etdiyi yaşıdır. Yəni dərnək xüsusi bir məna ilə hazırlamışdı".
D.Əhmədin sözlərinə görə, şübhəsiz ki, zamanla məzarda təmirə ehtiyac yaranır: "Bu baxımdan səfirliyimizin məzarı təmir etmək barədə qərarı təqdirəlayiqdir. Amma məzarın təmirini kültür dərnəyi ilə koordinasiya etmək daha doğru olardı. Çünki 70 ildir ki, məzar onlara əmanət idi və ona görə də onların da iştirakı ilə edilsəydi, daha yaxşı olardı. Əlbəttə ki, M.Rəsulzadə hər kəs üçün ortaq dəyərdir. Onun məzarı müqəddəsdir bizim üçün. Dövlət başçımızın 140 illiklə bağlı sərəncamı var, daha gözəl işlər də görüləcək".