Fransanın bütün cəhdləri iflasa uğrayacaq

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Bu gün Avropa İttifaqı üçün Azərbaycan kimi etibarlı bir tərəfdaşla əməkdaşlıq etmək vacibdir

  Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli qərarına, ölkəmiz əleyhinə sərgilədiyi ədalətsiz mövqeyə baxmayaraq, Avropa məkanında Azərbaycanla əməkdaşlıqda maraqlı olan ölkələrin sayı çoxdur. Bakıya qarşı qərəz nümayiş etdirən dövlətlərin sayı isə kifayət qədər azdır. Azərbaycana olan marağın Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə görüşmək üçün sıraya girmiş şəxslər fonunda bir daha şahidi olduq. Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələrinin Prezident İlham Əliyevlə görüşü məhz qarşı tərəflərin israrlı xahişləri ilə baş tutmuşdu. Dövlət başçısı İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadeful, “İndra” şirkətinin prezidenti Mark Tomas Murtra və başqa şəxslərlə görüşlər keçirmişdi. Görüşlər haqqında müraciətlərin və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin bariz nümunəsi idi. Dövlət başçısının qrafikinə baxdıqda mövcud intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq olması ilə izah etmək olar. Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər də ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artmasına təsir göstərir. Prezident İlham Əliyevin də inauqurasiya mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur. Qeyd edək ki, Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı səmərəli iqtisadi münasibətləri getdikcə genişlənir. Azərbaycan beynəlxalq aləmdə nüfuzunu genişləndirərək investisiya cəlbediciliyini artırmaqla yanaşı, Avropa İttifaqı (Aİ) ölkələri ilə də beynəlxalq ticarət əlaqələrini qarşılıqlı əməkdaşlıq çərçivəsində daim inkişaf etdirir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın hazırda ticarət əlaqələrinin 50 faizdən çoxu məhz Aİ ölkələrinin payına düşür. Ölkəmizdə həyata keçirilən çoxşaxəli, uğurlu siyasət nəticəsində hazırda Azərbaycan dünyada baş verən iqtisadi təlatümlər fonunda dünyanın sürətli inkişaf tempinə çatan ölkələrindən birinə çevrilib. Bu, özünü daha çox çevik və səmərəli iqtisadi idarəetmənin qurulması, köklü struktur-institusional islahatların reallaşdırılması nəticəsində qeyri-neft sektorunun payının yüksəlməsi ilə büruzə verib. Qeyri-neft sənayesinin inkişafı ölkəmizin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlirlər hesabına sürətlənib. Bunun sayəsində isə daxili istehsalın və istehlak bazarının idxaldan asılılığı azalıb, ixracın şaxələnməsi reallaşıb. Son 20 il ərzində respublikada yüzlərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması da yerli məhsulların payının əhəmiyyətli dərəcədə artmasını şərtləndirməklə yanaşı, ixrac imkanlarının genişlənməsində önəmli rol oynayıb. Təbii ki, ixrac imkanlarının genişlənməsi üçün respublikada müxtəlif sahələri əhatə edən istehsalat sahələrinin, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühitinin və siyasi sabitliyin yaradılması diqqət mərkəzində saxlanılıb. Bu gün dünyada ciddi narahatlıq doğuran geosiyasi proseslər, qarşıdurmalar fonunda enerji təhlükəsizliyi zəruri amilə çevrilib. Bütün ölkələrin, xüsusilə də, Avropa ölkələrinin enerji təhlükəsizliyi diqqət mərkəzində saxlanılıb. Azərbaycanın gerçəkləşdirdiyi uğurlu enerji siyasəti nəticəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinin qarantı rolunda tanınıb. Azərbaycan-Aİ enerji əməkdaşlığı istiqamətində 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Bütün bunlar Avropanın enerji xəritəsini tamamilə dəyişdirib. Neft hasilatı ilə başlayan enerji layihələri daha sonra qaz hasilatı, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin tikintisi, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə davam edib. Artıq Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir və bununla da, Azərbaycanın təbii qazı Avropaya çatdırılır. Bütün bunlar Azərbaycanın Aİ üçün önəmli tərəfdaş olduğunun bariz ifadəsidir. Azərbaycanla Aİ-nin enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələri mühüm önəm daşıyır.
  Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, bəzən Avropanın siyasi qurumları Fransanın oyuncağına çevrilərək Azərbaycana qarşı qərəzli qərarlar qəbul edir. Deputatın sözlərinə görə, AŞPA və Avropa Parlamentində oturanlar ölkəmizə qarşı qərəzi nümayiş etdirməklə elə Avropa İttfaqının da maraqlarına zərbə vurmuş oldular:

"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısıdır. AŞPA və Avropa Parlamenti Azərbaycana qarşı qərəz nümayiş etdirərək sanksiyaların tətbiq olunmasına və iqtisadi əlaqələrin dayandırılmasına çağırışlar etsə də, Avropa İttifaqı onların çağırışlarına əhəmiyyət vermir. Cənab Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransına səfəri çərçivəsində Avropa Şuasının və Avropa İttifaqının rəhbərlərinin ölkə başçımızın qəbulunda növbə gözləməsi və Azərbaycanla əməkdaşlığı davam etdirməyin vacib olduğunu bildirmələri ölkəmizin Avropa üçün nə qədər vacib tərəfdaş olduğunun göstəricisidir. O cümlədən Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin dövlət başçımıza təbrikində də Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin inkişafına böyük dəyər verdikləri ifadə edilmişdi. Avropa Birliyinə daxil 9 ölkə ilə Azərbaycanın strateji əməkdaşlığı mövcuddur. Bu da Avropa İttifaqına daxil olan ölkələrin üçdə biri deməkdir".
  Parlament üzvü vurğulayıb ki, Azərbaycan Avropa İttifaqına daxil digər ölkələrlə də ikitərəfli strateji əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır və bu istiqamətdə işlər aparılır: "Azərbaycan Avropa İttifaqının 6 ölkəsini qazla təmin edir. Həm də 2 ölkəsinə də qazın verilməsi ilə bağlı məsələlər müzakirə olunur. Azərbaycan Qara dənizin dibi ilə Avropaya Yaşıl Enerji Kabel marşrutunu çəkmək istiqamətində işlər görür. Bu həm də, Avropa İttifaqını yaşıl enerji ilə də təmin edəcəyimiz deməkdir. Təbii ki, Avropa İttifaqı Azərbaycan kimi etibarlı bir tərəfdaşı heç vaxt itirmək istəmir. Təəssüf ki, Fransa duru suları bulandırmağa çalışır. Hesab edirəm ki, Fransanın bütün çalışmaları iflasa uğrayacaq. Çünki bu gün Avropa İttifaqı üçün Azərbaycan kimi etibarlı bir tərəfdaşla əməkdaşlıq etmək vacibdir".