Millət vəkili: “Fransanın müstəmləkəçi siyasətini davam etdirəcəyi, Ermənistanı müharibəyə hazırladığı şübhəsizdir”
"Fransanın Cənubi Qafqaz siyasəti Azərbaycana qarşı irqi-dini zəmində açıq-aşkar düşmənçilik xarakteri daşıyır". Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, Fransa bütün çirkin vasitələrdən istifadə etməklə, ölkəmiz əleyhinə siyasi təhdidlərini, informasiya müharibəsini davam etdirir: "Fransa Ermənistanı yeni silahlarla təmin edir, Avropa İttifaqı müşahidəçi statusunda hərbçiləri sərhədlərimizə göndərir, erməni terror dəstələrinə təlimlər keçir və s. Fransa həmsədr olduğu dövrdə də Ermənistanı dəstəkləyirdi. 44 günlük müharibənin nəticələrindən narahat olan rəsmi Paris sülh prosesini pozmaq üçün əlindən gələni etdi. Ona görə də vasitəçilik missiyasından tamamilə kənarlaşdırıldı. Alçaldılmış E.Makron ermənidən daha çox erməniçilik etməyə başladı. Onun davranışları ilk növbədə təmsil etdiyi Avropa dəyərlərinə ziddir. Düşünürəm ki, əgər Fransanın kobud müdaxiləsi olmasaydı, sülh müqaviləsi imzalana bilərdi".
Parlamentari vurğulayıb ki, Ermənistanın silahlandırılması, avropalı müşahidəçilərin sayının artırılması, Fransa müdafiə nazirinin, hərbi-sənaye komplekslərin nümayəndələrinin səfərləri birbaşa gərginliyin saxlanmasına xidmət edir: "Eyni zamanda müəyyən fasilədən sonra yenidən müharibəyə başlamaq məqsədi daşıyır. Bir məsələ tam aydındır. Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasını Fransa və bəzi imperiyapərəst qüvvələr öz geosiyasi maraqlarına təhdid kimi görürlər. Onlar saxta “erməni məsələsinin” beynəlxalq gündəlikdən birdəfəlik çıxarılmasına heç zaman imkan verməyəcəklər. Məsələ təkcə bizim bölgədən getmir. Daha geniş coğrafiyanı, Yaxın Şərqdən tutmuş, Afrikanın şimalını, Aralıq dənizini və s. regionları əhatə edir. Fransanın müstəmləkəçi siyasətini davam etdirəcəyi, Ermənistanı müharibəyə hazırladığı şübhəsizdir. Hər an hər şeyə hazır olmalıyıq".