Martın 6-da Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib. İclasda komitə sədri Bəxtiyar Əliyev deyib ki, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya stimullaşdırıcı tədbirdir: “Kim daha çox bal toplayırsa, onların əməkhaqqına əlavələr olur. Bu da müəllimlərimizin minimum əməkhaqqının 2026-cı ildən təqribən 1000 manatdan yuxarı başlayacağına dəlalət edir. Bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var. Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir”.
Deputat Musa Qasımlı bildirib ki, "Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklər bütün pillələrdə təhsilin hamı üçün əlçatan olmasına xidmət edir: "Təklif edilən bu dəyişikliklər həqiqətən də çox böyük əhəmiyyət daşıyır. Qanun qəbul edildikdən sonra bir sıra kateqoriyalardan olan ailələrin yükü azalacaq, onların övladlarına təhsil vermək imkanları yaranacaq. Çünki qanun layihəsində nəzərdə tutulan bir sıra kateqoriyalar üzrə bütün xərclər dövlət büdcəsindən ödənilir. Bununla da, dövlət həmin kateqoriyaya aid ailələrin yükünü azaltmış olar". O qeyd edib ki, qanun layihəsi qəbul olunduqdan sonra onun müddəalarının təbliğinə ehtiyac var: “Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bununla bağlı mətbuata geniş açıqlama verməlidir və dövlətin vətəndaş üçün hansı şərait yaratdığını ictimaiyyətə açıqlamalıdır. Çünki təhsildə keyfiyyət aşağı düşərsə, cəmiyyətdə xurafat, radikalizm artacaq. Biz nə qədər çox insana təhsil versək, inkişaf daha da o qədər yüksək səviyyədə olacaq”.
Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında deputat Etibar Əliyev deyib ki, şəhid övladlarının özəl orta məktəblərdə pulsuz oxuması üçün güzəşt olmalıdır. Deputat təklif edib ki, özəl orta məktəblər də bu kateqoriyaya aid edilməlidir: “Bu güzəştlərin orta məktəblərə aid edilməsi yaxşı olar. Digər tərəfdən bələdiyyənin orta və ali məktəbləri yoxdur. Bələdiyyələr illərdir yaradılıb, amma bu məktəblər yoxdur. 25 ilin içərisində bu məktəblər yaradılmış olsaydı, indiyə kimi 2 məzun buraxılışı edə bilərdilər”.
Komitə sədri Bəxtiyar Əliyev Etibar Əliyevin təklifini dəstəkləyib: "Bu, köhnə redaksiyada nəzərdə tutulmuşdu. Yeni redaksiyada isə yalnız özəl bələdiyyə, orta, ali təhsil müəssisələri nəzərdə tutulur".
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.