Məlum olduğu kimi “Toplum TV”də axtarış-əməliyyatı aparılıb və qaçaqmalçılıqda şübhəli bilinən şəxslər saxlanılıb. Hər şey istintaq zamanı ortaya çıxacaq, lakin Azərbaycanda media adı altında qaçaqmalçılıq fəaliyyətlərinin həyata keçirildiyi sirr deyil. Söhbət anti-Azərbaycan planlarının icra edilməsi qarşılığında ayrılan maliyyənin ölkəyə qanunsuz yollarla gətirilməsindən gedir. Bununla bağlı faktlar “Abzas media” işində ortaya çıxdı. Belə mexanizmdən 2013-cü ildən – qrant layihələrinin alınması ilə bağlı qanuna edilən dəyişikliklərdən sonra tətbiq etməyə başladılar. Qərbdə donor təşkilatları Azərbaycanda onlara bağlı QHT-ləri, media orqanlarını, o cümlədən, digər təşkilatları qrant layihələri üzərindən maliyyələşdirirdi. Qanuna edilən dəyişiklik isə bu işi çətinləşdirdi, lakin nə anti-Azərbaycan dairələr, nə də ölkə daxilində onlara işləyən şəbəkə fəaliyyətlərini dayandırmadı.
"Vəziyyətdən çıxış yolu” kimi qeyri-qanuni addımlara əl atdılar. Ayrılan maliyyə Azərbaycan daxilindəki şəbəkəyə üçüncü ölkələr üzərindən ötürülür. Bu prosesdə Gürcüstan əsas platforma olaraq seçilib. Pullar Gürcüstanda konkret şəxslərin, yaxud bu ölkədə eyni şəbəkəyə bağlı olan təşkilatların hesablarına köçürülür. Azərbaycandan bu işi görən şəxslər Tbilisiyə “turist” səfəri edir və həmin pulları qaçaqmalçılıq yolu ilə ölkəyə daxil edirlər. İndiyə qədər bu qaçaqmalçılıq faktlarının aşkarlanması halları baş verib. Qrant layihələrinin alınması çətinləşdiyi üçün ayrılan maliyyə Azərbaycanda fiziki şəxslərin bank hesablarına yatırılır və həmin pullar layihələrə xərclənir. Son dövrlər istifadə edilən yollardan biri də həvalə mexanizmdir. Pul Azərbaycanda şübhə oyandırmayacaq, sıradan bir şəxsin hesabına köçürülür, daha sonra həmin pullar eyni bankda açılan başqa bir hesaba yatırılır. Adətən terror təşkilatlarının iz azdırmaq məqsədilə istifadə etdiyi bu mexanizmdən Azərbaycanda Qərb şəbəkəsi də geniş şəkildə yararlanır. Qanunsuz maliyyənin Azərbaycan daxilindəki şəbəkələrə çatdırılması üçün bu və digər üsullardan istifadə olunur. Qeyd edək ki, "Toplum TV” Azərbaycan qanunvericiliyinə uyğun olaraq, media orqanı sayılmır. Nə “Media reyestri”ndən qeydiyyatdan keçib, nə də “Media haqqında” qanunun tələblərinə uyğun fəaliyyət göstərir. Bu baxımdan, onun maliyyə mənbələri də şübhəlidir.
Millət vəkili Azər Badamov deyib ki, Azərbaycanda söz azadlığı yüksək səviyyədə təmin edilib və insan haqlarına yüksək səviyyədə dəyər verilir. Deputatın sözlərinə görə, xalqın milli maraqlarına qarşı, dövlət əleyhinə işləyən və qeyri-qanuni üsullarla fəaliyyət göstərməkdən çəkinməyən şəbəkələrin müəyyənləşdirilməsi və neytrallaşdırılması istiqamətində tədbirlər davam etdirilməlidir:
"Abzas Media və Toplum Tv Qərb fondları tərəfindən himayə olunaraq Azərbaycanın ərazisində siyasi sabitliyi pozmaq istiqamətiundə sifarişlərin icrası ilə məşğul olurlar. Azərbaycan dövləti güclüdür və ölkə daxilində çaşqınlıq yaratmaq istəyən Qərbin sifarişlərinin icraçılarına qarşı vaxtında tədbirlər görür. Bu gün güclü Azərbaycanın yaranmasında narahat olanlar çoxdur. Xalqımız və dövlətimiz ölkəmizə düşmən gözü ilə baxanlara daxili sabitliyi pozmağa heç vaxt imkan verməyəcək. Qərbi və onun himayə etdiyi fondları insan haqları, demokratiya və insanların gələcəyi narahat edirsə milli müstəqil dövlətlərin dağıdılmasına xərclənən pulların bir hissəsini Afrikada aclıqdan əziyyət çəkən insanlara göndərsinlər. Onların da yaşamaq haqları var . Samanta Pauer, USAİD və digərləri qoy onlara yardımlar göndərsin və düşdüyü faciəlli vəziyyətdən çıxarmağa çalşısınlar. Amma onlar üçün kasıb, yoxsul ölkələr maraqlı deyil. Çünki, onları narahat edən müstəqil və inkişaf edən ölkələrdir. Ona görə də öz milyonlarını müstəqilliyi ilə uğur qazanmış dövlətləri məhv etmək istiqamətində xərcləyirlər. Onlar bilsinlər ki, Azərbaycanla belə oyunların aparılması heç vaxt baş tutmayacaq.
ABŞ və Qərb ölkələri jurnalistləri, vətəndaş cəmiyyətin nümayəndələrini, tanınmış şəxsləri xarici ölkələrlə əməkdaşlıqda, informasiya yaymaqda günahlandıraraq təqib edir və həbs etməyə çalışırlar. Misal üçün Edvard Snoouden, Culian Asanc və s. misal göstərmək olar. Bu şəxslərin heç bir günahı olmadığı halda onları təqib edib və həbslərə məruz qoyaraq gününü qara edirlər. Onda belə çıxır ki, söz azadlığı və insan haqlarının Qərbə aidiyyatı yoxdur, bu ancaq Azərbaycan kimi ölkələrdə təmin olunmalıdır?".