Qazaxıstan Türkiyədən sonra Türk Dövlətləri Təşkilatında təmsil olunan ən böyük dövlətlərdən biridir
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda səfərdədir. Dünən rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü keçirilib. Azərbaycan-Qazaxıstan arasında sənədlərin imzalanması mərasimi baş tutub. Sonra Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Prezident İlham Əliyev vurğulayıb ki, Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir: "Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir". Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib ki, Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının iclasının ilk dəfə keçirilməsi tarixi hadisədir: "İqtisadi-ticari və investisiya əməkdaşlığımızla, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı demək olar ki, bütün məsələlərin müfəssəl müzakirəsini apardıq və ümumi nəticələrə gəldik. Bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır". Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksəksəviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.
Professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın Qazaxıstanla münasibətləri çox yüksəkdir. Professorun sözlərinə görə, Qazaxıstan Türkiyədən sonra Türk Dövlətləri Təşkilatında təmsil olunan ən böyük dövlətlərdən biridir:
"Turan ideyasının da müəllifi Qazaxıstan və Türkiyədir. Türk Dövlətləri Təşkilatının doğum şəhadətnaməsi də 2009-cu ildə Azərbaycanda yazılıb. Bu siyasət günümüzdə də davam etdirilir. Tokayev həm Azərbaycanın Qarabağda həyata keçirdiyi layihələri dəstəkləyir, həm də bizimlə işləmək istəyir. Füzulidə Kurbanqazı uşaq yaradıcılıq məktəbi də birgə fəaliyyətin nümunəsidir. Təbii ki, bu başlanğıcdır, qarşıda çoxlu layihələr var. Ötən gün politoloq Stanislav Tarasov adından bir məlumat yayıldı ki, Priston Universitetinin professoru, tarixçi Bernard Lyus islam dövlətlərini parçalamaq layihəsini hazırlayıb. Həmin layihədə göstərilib ki, "Dağlıq Qarabağ" ayrıca "dövlət" kimi tanınmalıdır. Cənab Prezident andiçmə mərasimində bu məsələni təsadüfən qaldırmadı. Dedi ki, Azərbaycan bir çox daşları yerindən tərpədib. Ona görə də Azərbaycana qarşı səlib yürüşü olacaq. İlham Əliyev Azərbaycanı çox böyük bir bəladan, növbəti yüzillik bir təhlükədən qurtardı. Həmin təhlükə sadəcə keçmiş "Dağlıq Qarabağ"la bitmirdi, Azərbaycanın bir neçə rayonu da qurulacaq "Kürdüstana" birləşdirilirdi. Layihənin arxasında güclərin əsas məqsədi o idi ki, 2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış vəziyyəti öz xeyrinə dəyişsinlər. Məqsəd türk-islam dövlətlərini, Türk dünyasını parçalamaqdır. Bu da Qərbin yeni layihəsidir. Lakin gizli sənəd təsadüfən ələ keçib. Başqa açılmayan konturlar da var və şübhə etmirəm ki, Tokayevlə görüşdə bu məsələlər müzakirə olunub. Peşəkar siyasətçi Tokayevin Azərbaycana səfəri, cənab İlham Əliyevlə görüşü, verdiyi mesajlar, layihələrdən danışması göstərir ki, məqsəd TDT-nin gələcəyini və inkişafını daha rahat istiqamətə yönəltməkdir".