Deputat: Qlobal Bakı Forumu tarixi hadisədir

Bu forum öz əhəmiyyətinə və miqyasına görə bu gün Davos Dünya İqtisadi Forumu kimi toplantılarla da müqayisə oluna bilər
 
"Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir"
 
 Azərbaycan daha bir mötəbər qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməkdədir. “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu dünən öz işinə başlayıb. Martın 16-dək keçiriləcək Forumun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə də XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir. Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq. Yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq. Dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq. Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq. Qeyd edək ki, münaqişələr dünyanın bir çox hissəsini caynağına alıb. Dünyanın çox hissəsində müharibələr gedir. Dövlətlərdə sabit milli idarəçiliyi sual altına qoyan və hər hansı immiqrasiya növünə mənfi təfsir edən etnik, dini və siyasi ayırıcı xətlər bir çox qatları təşkil edir. Bu, hazırda qaçqınların və məcburi köçkünlərin sayının hətta 100 milyonu keçdiyi halda baş verir. Nəhəng Amerikanın böyük kölgəsi göstərir ki, onun dərindən parçalanmış siyasəti ayırıcı xətlərin daim yenidən çəkilməsi ilə müşayiət olunan tektonik platformalardan ibarət bu dünyada hər hansı ardıcıl iştiraka olan inamı sarsıdır. Bununla yanaşı, gücü artan Çin formalaşan yeni dünya düzənində haqlı olaraq əsas rol oynamağa çalışır. Dünya özünün qəbul etdiyi dayanıqlı inkişaf yolunda uğursuz olmaqla yanaşı, təhdidlər də artır. İqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Xatırladaq ki, ötən il keçirilən X Qlobal Bakı Forumunda ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak etmişdi. X Qlobal Bakı Forumunun panel iclaslarında - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər - iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği və digər mühüm mövzular barədə müzakirələr aparılmışdı. Əlavə edək ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Qlobal Bakı Forumu ən müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir platformadır. Keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumun digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsidir. Bu baxımdan Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti mövcuddur. Bu forum öz əhəmiyyətinə və miqyasına görə bu gün Davos Dünya İqtisadi Forumu kimi toplantılarla da müqayisə oluna bilər. Hətta onlardan daha da əhəmiyyətlidir. Qlobal Bakı Forumunda sözün əsl mənasında dünyanı narahat edən məsələlər ətrafında müzakirələr aparılır. Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Bakı forumu artıq qlobal müzakirə platformasına çevrilib. Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır.

 Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, Bakı dünyada mötəbər beynəlxalq forumların keçirildiyi mərkəzlərdən birinə çevrilib və təsadüfi deyil ki, bu günlərdə Bakı şəhərində XI Qlobal Bakı Forumu keçirilir. Deputatın sözlərinə görə, Foruma daxil olan təbriklərdən də göründüyü kimi, bu Forum dünyanın təhlükəsizliyi, əməkdaşlığı üçün mühüm əhəmiyyət kəsb edir:
 "Forumun gündəliyi də maraqlı və aktualdır, dünyanın diqqət mərkəzindədir. Çünki Forum "parçalanmış dünyanın bərpası" məsələlərinə həsr olunub. Forumda dünyanın 70 ölkəsindən 350-dən çox nümayəndənin iştirak etməsi bir daha Qlobal Bakı Forumuna olan diqqətin böyüklüyü kimi qiymətləndirilə bilər. Əslində, Qlobal Bakı Forumunda nəyə şahidlik edirik?
 Dünya liderlərinin Foruma göndərdiyi təbrik məktublarında yeni dünya nizamının gələcəyi, dünyanı narahat edən təhlükəsizlik məsələləri ilə bağlı onların fikirlərini, düşüncələrini görürük. Beynəlxalq aktorların düşüncələrinin ifadə olunması çox mühüm hadisələrdən biridir".
 
Parlamentari qeyd edib ki, Azərbaycan Prezidenti Qlobal Bakı Forumunda çıxış edərkən regionda yaranmış yeni reallıqlarla bağlı fikrini səsləndirdi. Aydın oldu ki, Azərbaycan nümunəsində ədaləti bərpa etməklə parçalanmış dünyanı yenidən bərpa etmək olar:
 "Çünki dünya nəyə görə parçalanır? Müharibələr nəyə görə baş verir? Beynəlxalq hüquq pozulduğuna, ədalət meyarları dağıldığına görə. Düşünürəm ki, bu kontekstdə  BMT-nin ali nümayəndəsinin fikirləri də çox maraqlı idi. O qeyd etdi ki, bəzi dövlətlərin dövlət adamlarının davranışları dünyanı bu hala gətirib çıxara bilir. Yəni bu o deməkdir ki, dünyada həm də bir lider qıtlığı var. Bu, doğrudan da belədir. Ona görə də XI Qlobal Bakı Forumu təkcə məsələlərin müzakirə olunduğu platforma deyil, həm də dünyada təhlükəsizliklə bağlı yeni ideyalar, yeni fikirlərin müzakirə olunduğu bir platformadır".