Azərbaycanın NATO-ya daxil olmaq planı yoxdur - Hərbi ekspert

Əməkdaşlığımızın 30 illik tarixi var

Azərbaycan NATO strukturları ilə əməkdaşlığı davam etdirəcək

Yeni mərhələdə Türkiyə ilə birgə təhlükəsizliyimizin təminatını Şuşa Bəyannaməsi üzərindən həyata keçiririk

  Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 18-də Bakıda rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər hərbi əməkdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Nazir 30 illik işğal dövründə və indiki mərhələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib. Həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar barədə məlumat verib. Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Stoltenberq Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı və NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə fəaliyyətlərini yüksək qiymətləndirib. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb. Eləcə də azad edilən ərazilərdə görülən minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan şərti sərhədindəki cari vəziyyət barədə ətraflı məlumat verilib. Sonda kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrin digər sahələrində inkişaf perspektivləri müzakirə edilib. Regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
  Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxalıyev "Sherg.az"a deyib ki, NATO ilə əməkdaşlığımızın 30 illik tarixi var. Ekspert vurğulayıb ki, 1994-cü ildən sonra sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələri NATO strukturları ilə birgə xüsusi təlim mərkəzlərində təlimlər keçiblər: 

"NATO-nun qərargahında da nümayəndəliyimiz var. Birinci Qarabağ müharibəsi dönəmindən etibarən Türkiyə ilə bərabər Silahlı Qüvvələrimizin şəxsi heyətinin yetişdirilməsi, hərbi təhsilə keçid prosesi başlamışdı. Şuşa Bəyannaməsindən sonra tam ştat strukturu ilə eyniləşmə prosesi yekunlaşmaq üzrədir. Çox az ölkələrdənik ki, NATO standartları ilə eyniləşdirilmiş Silahlı Qüvvələrimiz var. Amma hərbi alyansa daxil olmaqla bağlı perspektiv planımız yoxdur. Azərbaycan bu məsələni özü üçün prioritet hesab etmir. Yeni mərhələdə Türkiyə ilə birgə təhlükəsizliyimizin təminatını Şuşa Bəyannaməsi üzərindən həyata keçiririk. NATO-nun Cənubi Qafqaz maraqları var. Ermənistan və Gürcüstan üzərindən Rusiyaya qarşı cəbhə açılması planlanır. Həmçinin Azərbaycanın Ukraynaya daha çox dəstək verməsi məsələsi gündəmə gətirilir. Məsələ ondadır ki, bizə nə zaman ehtiyac duyurlarsa, o zaman müraciət edirlər. Amma bizə lazım olanda NATO-ya daxil olan ölkələr nə sahədə, nə də siyasi sferalarda bizi dəstəkləmirlər. Hərbi alyansın və ona üzv ölkələrin ikili standartlı mövqeləri var. Yeni dönəmdə NATO-Rusiya qarşıdurması fonunda hərbi alyans öz tərəfdaşlarının sayını artırmaq istəyir. Hazırda NATO-da 32 ölkə təmsil olunur. Amma yenə də Rusiya-Ukrayna müharibəsinin içindən çıxa bilmirlər".
  Polkovnik vurğulayıb ki, NATO Cənubi Qafqazı öz strateji bölgəsi kimi görür. Baş katibin region ölkələrinə səfərlərinin mahiyyəti budur: "Hərbi alyans qarşıdakı dönəmdə, Rusiya ilə qarşıdurmada hansı ölkələrin onların tərəfində, yanında olacağının axtarışındadır. Buna baxmayaraq, Azərbaycan NATO strukturları ilə əməkdaşlığı davam etdirəcək. Çünki Silahlı Qüvvələrimiz "Sülh Naminə Əməkdaşlıq", "NATO əməliyyatlar konsepsiyası proqramı" çərçivəsində alyansla əməkdaşlıq edir. Bu əməkdaşlıqlar Ordumuzun döyüş əməliyyatlarının NATO standartları səviyyəsində saxlanmasına kömək edəcək. Həm Brüssel, həm də Pentaqon Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlərlə, dördüncü və beşinci nəsil texnologiyalarla dəstəklənən hərbi texnikalarla təchiz olunmağımla, PUA-larla bağlı məsələlər çox maraqlanırlar. Silahlı Qüvvələrimizlə yaxınlaşma niyyəti güdürlər. Amma siyasi düşərgə ilə sahədə istəkləri üst-üstə düşmür. Ermənistana münasibət tamam fərqlidir. Şübhə yox ki, mövcud durumla bağlı bütün iradlar NATO baş katibinin diqqətinə çatdırılıb. Ümid edirik, aparılan müzakirələr və qərəzli yanaşmadan əl çəkilməsi Azərbaycanla NATO-nun əməkdaşlığını yeni mərhələyə daşıya bilər".