Bir olmaq hürr olmaq deməkdir - 44 günlük müharibədə Çanaqqala ruhu

  Qəhrəman Türk əsgərinin tarixə qızıl hərflərlə yazdığı Çanaqqala savaşının növbəti ildönümü ölkəmizdə təntənə ilə qeyd edilib. Dünən paytaxtda – Hüseyn Cavid adına parkda möhtəşəm konsert təşkil edilib. Türkün gücünü, qüdrətini vəsf edən mahnılar ifa edilib, türk bayraqları dalğalandırılıb. Çanaqqala zəfərinin 109-cu ildönümündə Bakıdakı türk şəhidliyi ziyarət edilib. Məlumdur ki, Çanaqqala cəbhəsindəki əzmkarlıq və şücayət türk hərb tarixinin daha bir möhtəşəm qələbəsi kimi çoxəsrlik Türk tarixinin ən parlaq zəfərlərindən biridir. Bu savaş təkcə türk hərb tarixinin qələbəylə taclanmış parlaq səhifəsi deyil, eymi zamanda türk kimliyinin təsdiqidir. Bu təsdiqdə isə ən yüksək insani keyfiyyətlər cəmləşir; mərdlik, igidlik, şücayət, qeyrət, sədaqət, mərhəmət, şəfqət və Vətən namusunun hifz edilməsi!.. O keyfiyyətlər ki, əsrlərdir dünyanı heyrətə salır. Dünya heyrətlə, təəccüblə türk kimliyinin ucalığını, nəhəngliyini seyr etməkdədir. Burada hərb qanunlarına sözsüz riayət də var. Hansı ki şanlı Azərbaycan ordusunun əsgərləri də cəmi Qarabağ savaşında mərdliklərini, türk kimliliyini mərdlikləriylə bir daha sübut etdilər. “Basdığını kəsmə”, “zavallıya rəhm et” – türk – Azərbaycan əsgəri bu keyfiyyəti ilə tanınıb. Hər nə qədər “dünya” özünü korluğa vursa da, həqiqət olduğu kimi qalır və dəyişmir. Çanaqqala savaşı türk birliyi, türk həmrəyliyi baxımından da örnək alınası tarixi hadisədir. 1915-ci il, hələ dövlət təsisatları olmayan, Rusiya imperiyasının işğalı altında olan bir ölkədən – Azərbaycandan Çanaqqala savaşına qatılanların dəqiq sayı da bilinmir. Çünki bu, ürəyin hökmü ilə baş tutmuş, lakin gizli saxlanması gərəkən qatılım olub. Bu gün Çanaqqala şəhidliyində Azərbaycan türkləri də uyuyur. Eləcə də dünyanın başqa-başqa ölkələrindən gəlib şəhid olan türklər – müsəlmanlar. Biz türk həmrəyliyinin daha bir təzahürünü 44 günlük Vətən savaşında gördük. Qardaş Türkiyənin Azərbaycana mənəvi dəstəyi ordumuzun ruh yüksəkliyini daha da artırdı. Vacib deyil ki, hansısa hərbi texnika ilə dəstək olsun. Vacib olan qardaşın kürəyində qardaş əlini hiss etməlidir və biz bunu hiss etdik, bu gün eynilə belədir.
  Yazıçı-publisist İlqar Rəsul Çanaqqala zəfəri ilə bağlı fikirlərini “Sherg.az"la bölüşüb:
- Çanaqqala qarşılaşmasında “Dünya Yığması”na qarşı öz evində mücadilə aparan türkün “baş məşqçisi” Uca Rəbbimiz Özü olub. “Dəyməyin, özləri həll etsin”, deyib də, mələkləri belə, döyüşə müdaxilədən kənar tutub. Və bu savaş dünya hərb tarixinə, dünya qəhrəmanlıq tarixinə, dünya mərhəmət tarixinə, dünyanın xarakter tarixinə insanlığın əvəzsiz töhfəsi, təkrarsız nümunə kimi düşüb. Qəbul edilsə də, edilməsə də, bu planetin sahibi ingilislərdi. Və bu, təsadüf deyil. Amma onlar da Türkün üzərinə gedəndə ya ölüb Türkün ayaqları altına düşüb, ya da yaralanıb türkün qolları üstündə xilas olaraq geri qayıdıblar. “Onlar da bizim balalarımızdır”, deyib, əldə silah öldürməyə gələn və ölən düşmən əsgərlərini ədəb-ərkanla torpağa tapşırandır Türk. Öz Şəhidlər xiyabanı ilə yanaşı düşməninin də ölüsünə anım məzarlığı yaradandır Türk. Savaşa başlamazdan əvvəl savaşın nə ilə nəticələnəcəyini düşmənə anladan, əl uzadandır Türk. Hamının haqqını özünə verən, öz haqqını heç kimə yedirtməyəndir Türk. Zəfərin mübarək, Türkiyə. Yeni və yenə möhtəşəm zəfərlər ərəfəsindəsən, əziz Məmləkət! Uca Rəbbimiz bu döyüşlərdə də bizimlədir.
  Siyasi şərhçi, şair və publisist Elçin Mirzəbəyli də “Sherg.az"a türk birliyinin, türk həmrəyliyinin bariz nümunələrindən danışdı:

- Həm Çanaqqala savaşı, həm də 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə həmrəyliyinin, qardaşlığının, dostluğunun tarixi rəmzləridir. Bütövlükdə türk xalqlarının tarixi rəmzləridir. Bu iki müqəddəs savaşda qardaş xalqların, qardaş ölkələrin bir-birinə dəstəyi, qarşılıqlı mücadiləsi, nəticə etibarilə bütün Türk dünyası üçün nümunə oldu. Birlikdə dirilik var, deyirlər. Həm Çanaqqala savaşı, həm də 44 günlük Vətən müharibəsi sübuta yetirdi ki, bir olmaq diri olmaq və hürr olmaq deməkdir. Əgər azadlığını qorumaq, hürr yaşamaq, öz dövlət bayrağın altında müstəqil yaşamaq istəyirsənsə, mücadilə aparmalısan və ilk növbədə səninlə eyni tarixi, mədəni köklərə bağlı olan xalqlarla bir arada irəliyə doğru addımlamalısan. Bu gün Türk dünyasının birliyinin ərsəyə gəlməsində Azərbaycan-Türkiyə birliyinin çox böyük rolu var. Əgər bu birlik, qardaşlıq olmasaydı, Türk dünyası birliyinin cazibədarlığı da olmazdı. Əldə olunan bugünkü nəticə bu baxımdan gələcək nəsillərə mühüm bir mesajdır.