Blinken: ABŞ Moskvadakı terror aktını qətiyyətlə pisləyir

ABŞ dövlət katibi Antoni Blinken dünən Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını kəskin şəkildə pisləyib.
Sherg.az xəbər verir ki, Blinken verdiyi yazılı açıqlamada hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verib və "Terrorun hər növünü pisləyirik və bu dəhşətli hadisəyə yas tutan rus xalqı ilə həmrəy olduğumuzu bildirmək istəyirik" deyib.

Martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib.

Sosial mediada paylaşılan görüntülərdə təcavüzkarların zalda avtomat silahlarla təsadüfi atəş açdıqları görülüb.

Konsert zalının yerləşdiyi binanın damında yanğın baş verib, dam örtüyü bir müddət sonra uçub.

Rusiya İstintaq Komitəsi hücumda 133 nəfərin öldüyünü açıqlayıb. Hadisə zamanı yüzdən çox insanın yaralandığı açıqlanıb.

Rusiya prezidenti Vladimir Putin hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla 11 nəfərin saxlanıldığını bildirib.