Xaricə beyin axınının qarşısını almalıyıq

İctimai və dövlət maraqlarının müdafiəsi;

Elm gələcəkdir

“Həqiqi elm uğrunda çalışan alimlərin sosial şəraitini yaxşılaşdırmalıyıq”

  Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. Ölkəmizdə Elm Günü, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Onun diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir. Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu sahədə islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlət başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” qanun qüvvəyə minib. Prezidentin 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edildi. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradıldı. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başladı. AMEA-nın elmi müəssisə və qurumlarının bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Prezidentin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə AMEA-nın yeni Nizamnaməsi təsdiq edildi. “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
  Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır. Onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Eyni zamanda ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır. Elmin davamlı və sistemli inkişafının təmini, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, martın 27-si təkcə Azərbaycan Milli Elmlər Akademiyasının yaranma günü deyil, həm də elm ictimaiyyətinin hesabat günüdür. Elm Günü bu sahədə aktiv fəaliyyət göstərən şəxsin özünə hesabat verdiyi gündür. Eyni zamanda elm adamı bu gün də növbəti il ərzində görəcəyi işləri planlaşdırır və qarşısındakı hədəfləri bir daha müəyyənləşdirir: "Azərbaycanda elmə münasibət, dövlətin inkişafında elmin rolu düzgün müəyyənləşdirilib və elmin inkişafı üçün münbit şərait yaradılıb. Elmə göstərilən diqqət və qayğını əks etdirən məqamlar elm adamlarına bəllidir. Bu istiqamətdə dövlətin atdığı addımlardan konkret faktlarla danışmışıq. Hesab edirəm ki, bundan sonrakı dövrdə Azərbaycan elminin qarşısında hansı vəzifələrin durması ilə bağlı fikir və düşüncələri paylaşmaq yerinə düşər. Dövlət başçısı hər zaman elm adamları ilə görüşündə, onlara müraciətində ölkənin inkişafında elmin rolunu hansı məqamda görmək istədiyini dilə gətirib. Dövlət büdcəsində elmin maliyyələşdirilməsi ilə bağlı məsələ hər zaman Prezidentin diqqət və qayğısı ilə əhatələnib. Azərbaycan elminin dünya səviyyəsində inkişafı ilə bağlı düşüncələr və baxışlar ortaya qoyulub”. İlqar Orucov əlavə edib ki, Azərbaycanda elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazası xeyli gücləndirilib, onlar ən müasir avadanlıqla təmin edilib: Azərbaycanda, həmçinin elmi kadrların hazırlığı məsələsi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycan ali təhsil müəssisələrinin elmi potensialını gücləndirmək istiqamətində konkret işləri ortaya qoyur. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, elmtutumlu ölkələrdə universitetlər təkcə ali təhsil verən müəssisələr deyil, həm də elmi müəssisələr rolunda çıxış edir. Əslində, onların istehsal etdikləri məhsullar yeni texnologiyalar, innovasiya məhsullarıdır. Hesab edirəm ki, Azərbaycanda elmin idarə edilməsinin yüksəldilməsi, səmərəliliyinin artırılması məqsədilə Elm və Təhsil Nazirliyinin yaradılması çox mühüm qərarlardan biridir. Nazirliyin yanında məhz bu sahəyə cavabdeh olan və idarəetməni şaxələndirmək məqsədilə yaradılmış Elm və Ali Təhsil üzrə Dövlət Agentliyini buna nümunə göstərmək olar. İdarəetmədə olan bu islahatlar yaxın gələcəkdə öz töhfələrini verəcək”. Ekspert hər il ən mühüm elmi nailiyyətlərinə görə alimlərin əməyinin stimullaşdırılması istiqamətində addımlar atıldığını vurğulayıb: “Qalib Azərbaycan dövləti elm adamlarının üzərinə böyük vəzifələr qoyur. 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız bu gün azaddır. Həmin ərazilərdə “ağıllı” şəhərlər, kəndlər yaradılır, ən müasir məktəblər tikilir. İşğaldan azad olunmuş ərazilərdə ali təhsillə bağlı mühüm qərarlar verilir. Qarabağ Universitetinin yaradılması haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı işğaldan azad olunmuş ərazilərə elm və təhsilin qayıdışının nümunəsidir. Bizi yeni çağırışlar gözləyir. Dördüncü Sənaye İnqilabının çağırışları, qlobal müstəvidə rəqabətə davam gətirmək üçün elm və texnologiyanın, təhsil imkanlarının səfərbər edilməsi təhsilin inkişafına qayğının nəticəsidir. Azərbaycan elminin gələcəyi ilə bağlı nikbin danışmaq olar. Azərbaycanda mövcud olmuş elmi məktəblər yeni nümunələr yaratmağa qadirdir”. Məlumat üçün onu da qeyd edək ki, tanınmış “AD Scientific Index” təşkilatı dünya alimlərinin, ölkələrinin və elmi müəssisələrinin reytinqini açıqlayıb. Bakı Dövlət Universitetinin (BDU) 32 alimi “Azərbaycanın top 100 alimi” siyahısına daxildir. Azərbaycanın dünya və region üzrə reytinq sıralamasındakı yeri ölkəmizin 50 universitet, elmi-tədqiqat və digər müəssisələrindən “AD Scientific Index”in Azərbaycan üzrə top 1000 alimi siyahısına daxil olan 945 tədqiqatçısının elmi fəaliyyəti əsasında müəyyən olunub.
  AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a bildirib ki, Azərbaycanda son illərdə elm sahəsində müəyyən inkişaf hiss olunur. Alimin sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə beynəlxalq arenaya çıxmaq və dünya elminə az da olsa töhfələr vermək təşəbbüsləri ortadadır: 

"Xüsusən, dünyanın nüfuzlu jurnallarında məqalələrin çap olunması, yaxud hansısa texniki sahədə müəyyən nailiyyətlərin əldə edilməsi intensiv hal alıb. Ancaq Azərbaycan hələ də elmin daha çox populyarlaşması məsələsində əziyyət çəkir. Bu da fikrimcə, elm sahəsinə ayrılan vəsaitin kifayət qədər olmaması və elmi təcrübələrin azlığı ilə bağlıdır. Elm sahəsində çalışan insanların, alimlərin əməkhaqları azdır. Bu da problemlərə səbəb olur. Elm sahəsinə, alimlərin fəaliyyətinə, elmi araşdırmalara çox ciddi yanaşılmalıdır. Elmdə təsadüfi, kənardan gətirilmiş adamlar hər zaman olub, yəqin ki, bundan sonra da olacaq. Ancaq söhbət ondan gedir ki, beynəlxalq səviyyədə ciddi elmi işlər görən alimlərin önə çəkilməsində də problemlər müşahidə olunur. Elə şərait yaradılmalıdır ki, elmə gəlmək istəyən, elmi kəşflərdə, icadlarda maraqlı olan gənclər burada özlərinə yer tapmadıqları üçün xarici ölkələrə getməsinlər. Elm sahəsinə, ciddi elmi sınaqlara maddi qayğı artırılmalıdır və ayrılan vəsait müvafiq qaydada xərclənməlidir. Gənc alimlərin özlərini ifadə etməsi üçün əlverişli mühit yaradılmalıdır. Bəzən gənc alimlərin fəaliyyətinə, qeyri-ciddi, barmaqarası baxılır ki, bu, yeniliklərin qarşısını alır. Həm xaricə beyin axınının qarşısını almalıyıq, həm də həqiqi elm uğrunda çalışan alimlərin sosial şəraitini yaxşılaşdırmalıyıq. Əməyi, zəhməti olanlarla, heç bir iş görməyənlər eyni tutulmamalıdır. Son dönəmdə bu məqamlarla bağlı müəyyən addımlar atılır və bu da elm sahəsində gələcəyə ümidlər yaradır".