Sağlamlığın əsas şərtlərindən biri təmiz havadır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqların sağlamlığı evdən, ailədən başlayır

 “İdman oyunları, məktəblər arasında idman yarışlarının təşkili ona görə vacibdir ki, uşaqlarda fiziki hazırlıq yüksək olsun”

  Gələcək nəslin sağlam ruhlu yetişməsində mənəvi amillər nə dərəcədə önəmlidirsə, fiziki inkişaf da bir o qədər böyük əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq uşaqların sağlam böyüməsi üçün uşaq bağçalarında, orta ümumtəhsil məktəblərində xüsusi təlim-tədris proqramları işlənib hazırlanır və icrasına diqqət yetirilir. Uşaq bağçalarının fəaliyyəti hazırda o qədər də qənaətbəxş sayılmaz. Lakin işinə, vəzifəsinə məsuliyyətlə yanaşan, uşaqların maraqlarının təmin edilməsiylə yanaşı, onların mənəvi və fiziki inkişafına qayğı göstərilən müəssisələr də var. Uşaqların gün ərzində müəyyən vaxtlarda açıq havada oyunlara cəlb edilməsi, gəzintiyə çıxarılması vacibdir. Amma heç də bütün uşaq bağçaları belə şəraitə malik deyil. Bəzi bağçaların həyəti, istirahət üçün qarşısında kiçik də olsa ərazisi var. Eləsi də var ki, nə bağçası var, nə də uşaqlar ətraf ərazilərə, parklara gəzintiyə çıxarılır. Orta ümumtəhsil məktəbləri barədə də müsbət fikir söyləmək çətindir. Məktəblilər repetitor hazırlıqları ilə o qədər yüklənib ki, istirahətə, idman oyunlarına zaman ayırmaları mümkün deyil. Valideynlər də bu məsələdə məsuliyyət daşıyır. Gün ərzində övladını bir neçə fənn üzrə repetitor yanına hazırlığa göndərən valideyn uşağın fiziki inkişafını gözardı edir. Halbuki təhsilimizdə müsbət örnək olan “Şahin”, “Sərhəd” hərbi-idman oyunları kimi nümunələr var. “Sərhəd” hərbi-idman oyunları Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında hər il təşkil olunur. Bu oyunlara sərhədyanı bölgələrlə yanaşı, digər bplgələrin məktəbliləri cəlb edilir. Növbəti belə tədbir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub və ümumilikdə üç mərhələdə keçirilib. Yarışlarda 35 sərhədyanı və digər rayonların 161 məktəbinin 805 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə, 11 komanda final mərhələsində mübarizələrini davam etdiriblər. Komandalar “Sərhəd pozucusunun yaxalanması və onun təxliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baxışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib. Final mərhələsinin yekunlarına görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun internat məktəbinin “Xətailər” komandası birinci, İmişli rayonunun Qızılkənd kənd tam orta məktəbinin “Turan” komandası ikinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası isə üçüncü yeri tutub. Yekun tədbirdə iştirak edən DSX-nin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunların gənclərdə Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar. Qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə, oyunlarda fəal iştirak etmiş komandalar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar. Cəmşid Naxçıvanski adına Hərbi liseydə isə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Gənclər və İdman Nazirliyinin idarələrinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər iştirakçı komandalara uğurlar arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilərin fiziki sağlamlığının möhkəmləndirilməsi və çağırışçı gənclərin hərbi xidmətə hazırlığının artırılmasından ibarətdir. Qeyd olunub ki, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolu əvəzsizdir. Rəsmi mərasimdən sonra hərbi liseyin kursantları və məktəblilər hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçiblər. Komandalar sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər. Yekun nəticələrə əsasən, qaliblər diplom və kubokla mükafatlandırılıblar. “Şahin” hərbi-idman oyunlarının Bakı şəhəri üzrə zona mərhələsinin qalibi respublika final mərhələsinə vəsiqə qazanıb.
  Şəkidə isə “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin rayon mərhələsi keçirilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki rayon sektoru və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində keçirilən yarışda 11 komanda mübarizə aparıb. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin məlumatında qeyd edilir ki, əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar estafet və fiziki hazırlıq mərhələləri üzrə yarışlarda qüvvələrini sınayıblar. Rayon birinciliyinin qalibi olan Şəki şəhər 10 nömrəli tam orta məktəbin komandası, eyni zamanda yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb. Şəhər 11 nömrəli və Qoxmuq kənd tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib komandalar diplomlarla mükafatlandırılıblar.
  Uşaq və gənclərin sağlam inkişafında idmanın əvəzsiz rolunu vurğulayan pediatr Vaqif Qarayev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, uşaqların sağlamlığı evdən, ailədən başlayır:
"Sağlamlığın əsas şərtlərindən biri təmiz havadır. Uşaqların sağlam böyüməsi üçün təmiz hava çox vacibdir. Uşağı eyvana çıxarmaq, təmiz havada olmaq deyil. Amma valideynləri də qınamaq olmur. Əvvəllər binanın həyəti anlayışı var idi, həyətdəki oyunlar, uşaqların ünsiyyəti sosiallaşmaq baxımından çox əhəmiyyətli idi. İndi bütün bunlar yoxdur. Yeni tikilən hündürmərtəbəlilər havasızlıq yaradır həyətlərdə. Əksər məhəllələr kvadrat şəklində tikilir. Ona görə həyətdə təmiz hava olmayacaq, maşınların çoxluğu da həyətdə oynamağa yer qoymur. Bəs uşaqlar neyləsin? Sonra da gileylənirik ki, uşaqlar telefondan qopmur. Uşaqlar üçün oynamağa, əylənməyə, qaçıb-atlanıb düşməyə yer yoxdur. Məktəblilər də idmanla çox az məşğul olur. Ata-ana əsas diqqəti verib repetitorluğa. Məktəbli dərsdən çıxıb yorğun halda hazırlıqlara gedir. Axşama kimi gah bu, gah da o biri müəllimin hazırlığına gedir. Evə yorğun, ac-susuz gəlib çıxır. Onun idman hərəkəti etməyə gücü, həvəsi qalmaz. İdman, fiziki inkişaf, fiziki hərəkətlər çox vacibdir, sağlamlıq üçün. Yaxşı ki, bəzi yerlərdə idman oyunları keçirilir. Baxıb görürsən ki, uşaqlar bu cür idman yarışlarında maraqlıdır, həvəslə iştirak edirlər. Belə idman yarışları çox təşkil edilməlidir. Bütün orta məktəblər buna cəlb edilməlidir. Dərsləri öyrənmək, elmə yiyələnmək öz yerində. Dünyada elm, robototexnika, süni intellekt çox inkişaf edib. Bizim məktəblilər də hərdən qatılır belə yarışlara, uğur qazananlar var. Amma ilk növbədə uşağın sağlamlığıdır. Bu da uşaq bağçasından başlayaraq məktəblərə qədər hamını əhatə edir. Bağçada uşaqların sağlamlığına və bədən tərbiyəsinə diqqətli yanaşılmalıdır. Uşağın bədən quruluşunun düzgünlüyünə, qamətinin əyilməməsinə çalışılmalıdır. İndiyədək dəfələrlə məktəbli çantalarının ağırlığından, uşaqlarda erkən skalyoz xəstəliyindən danışmışıq. Bəzən görürük, məktəbli çantasını valideyn daşıyır, asıb çiynindən. Görürsən ki, bir tərəfi əyilib qadının. Təsəvvür edin, bu ağır çantanı məktəbli 5 saat daşıyır özüylə. Əlbəttə, beldə, onurğa sütununda əyrilik əmələ gələcək. İdman oyunları, məktəblər arasında idman yarışlarının təşkili ona görə vacibdir ki, uşaqlarda fiziki hazırlıq yüksək olsun".