“Ağ”, “qırmızı” taksi tələbi köhnələrə şamil edilmir -AÇIQLAMA

Amma başqa tələblər var, sürücülər avtomobilin salonu, texniki göstəricilər məsələsinə əməl etməlidir

“Bundan sonra ümid edək ki, taksi xidmətində nizam-intizam yaranacaq. Biz özümüzün və doğmalarımızın mənzil başına sağ-salamat çatacağından arxayın olmalıyıq”
 

 Taksilərə rəng limiti sürücülər arasında təşviş yaradıb. Amma tələblər təkcə rənglə məhdudlaşmır. Taksi xidmətiylə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi yeni tələblər bir çox məsələləri əhatə edir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i şərh edib. Açıqlamada bildirilir ki, tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır: sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi, taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz, gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.
 Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər də var idi. Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların olmasıdır. Taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – AYNA hazırda taksi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyən şəxslərdən qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı almalarını xahiş edir. Çünki 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

 Taksi sürücülərinin təşvişini normal qarşıladığını deyən nəqliyyat məsələləri üzrə eskpert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında vəziyyəti şərh etdi:
- Bu tələblər 2024-cü il, iyulun 1-dən qüvvəyə minəcək. Hazırda taksi fəaliyyəti ilə məşğul olanlar istifadə etdiyi avtomobili o vaxta qədər qeydiyyatdan keçirməlidir. Hazırda istifadədə olan taksilərin (əgər rəngi ağ və qırmızı deyilsə) iyulun 1-dək fəaliyyət göstərmək hüququ var. Heç bir qurum onların fəaliyyətinə müdaxilə etməyəcək. Lakin bu taksilər iyulun 1-dək AYNA-nın elektron portalında  qeydiyyatdan keçirilməlidir. Qeydiyyatdan keçsələr, həmin taksi ilə yenə fəaliyyət göstərə biləcəklər. İndi möhlət verilir, iyulun 1-dək. Amma qeydiyyatdan keçməsələr, iyulun 1-dən etibarən onların fəaliyyəti qadağan ediləcək. Məlumatda açıq şəkildə bildirilir ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarda istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir. Yəni indiyədək istifadədə olan və istifadəsi davam etdirilən, ölkərə gətirilmiş, alınmış taksilərə qadağa qoyulmayacaq. “Ağ”, “qırmızı” taksi tələbi köhnələrə şamil edilmir. Amma başqa tələblər var, bunlara sürücülər əməl etməlidir. Avtomobilin salonu, texniki göstəricilər və sair. Bunlar hamısı açıqlanıb.

 E.Cəfərov bildirdi ki, NK-nin qərarında əsas məqsəd taksi xidmətinin keyfiyyətli və təhlükəsiz təşkil edilməsidir:
- Hamımız görürdük, müşahidə edirdik ki, istənilən şəxs taksi fəaliyyəti ilə məşğul ola bilirdi, bu da xaos yaradırdı. Sürücü-sərnişin arasında problemlər yaşanırdı, kriminal hadisələr baş verirdi. Müxətlif məqsədlər üçün taksi xidmətiylə məşğul olan insanlar vardı. Bundan sonra ümid edək ki, taksi xidmətində nizam-intizam yaranacaq. Biz özümüzün və doğmalarımızın mənzil başına sağ-salamat çatacağından arxayın olmalıyıq.