Qarabağda yaşıl iqtisadiyyata uyğun modern şəhərlər - RƏY

Azərbaycanın potensialı kifayət qədər yüksəkdir

  “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir. “Yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ hüquqi aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir.
  Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Ölkəmizdə bərpaolunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilib. Son illərdə sahə üzrə görülən işlər davam etdirilib və bərpaolunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilmişdir. Qanunun tətbiqi və icrasının təmin edilməsi məqsədilə alt qanunverici sənədlərin hazırlanması istiqamətində müvafiq tədbirlərin icrası davam etdirilməkdədir.
Qeyd edək ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. “Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilib və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir. Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir.
  İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az"a açıqlamasında deyib ki, alternativ enerji potensialı Azərbaycanda kifayət qədər yüksəkdir. Həm Günəş enerjisi, həm də külək enerjisindən kifayət qədər yüksək effektivliklə istifadə etmək olar və bununla bağlı da ciddi şəkildə investisiyalar edilib:

“Ölkəmizin yerləşdiyi coğrafi mövqeyi nəzərə alsaq, günəş və külək enerjisindən istifadə etmək üçün təbii resurslarımız var. İşğaldan azad edilən ərazilərimizdə yaşıl iqtisadiyyata uyğun modern şəhərlərin salınması çox yaxşı ideyadır.
Lakin təkmilləşdirilməsinə də ehtiyac var. Söhbət böyük elektrik istehsal edən generasiyalardan getmir. Ev təsərrüfatlarında bundan istifadənin yeni yolları və və təşviq proqramlarına ehtiyac var. Hələ ki Azərbaycan böyük Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı genişmiqyaslı lahiyələr həyata keçirib”.
  İqtisadçı düşünür ki, bu cür layihələrin ev təsərrüfatlarına şamil edilməsi daha yaxşı olar: “Azərbaycanın Aran rayonlarında il ərzində günəşli günlərin sayı 250-dən çoxdur. Orada yaşayan əhalinin şəxsi fərdi evlərinin və ya fermer təsərrüfatlarının güzəştli şərtlərlə günəş panelləri ilə təmin edilməsi, onların elektrik generasiyasına kömək və dəstək göstərilməsi daha doğru olar. Nəticə etibarilə bu cür yanaşma ilə əhali həm öz enerji tələbatını ödəyə bilər, həm də artıq qalan elektrik enerjisinin dövlətə geri satılması ilə bağlı mexanizm yaradıla bilər. Təsəvvür edək ki, ev təsərrüfatı öz elektrik tələbatını ödəyə bilir. Bunun özü çox yaxşı stimullaşdırma proqramına səbəb ola bilər. Nəticə etibarilə Azərbaycan üzrə elektrik enerjisinin payını artıracaq. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı kifayət qədər yüksəkdir.
  Tərtərçay və Həkəri çayı kimi çayların qollarında böyük hidroenerji imkanları mövcuddur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait vardır. İlkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2000 MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və Şuşa rayonlarında geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur”.
  Ekspertin sözlərinə görə, “Yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır. “Yaşıl enerji” mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün vacibdir. “Yaşıl enerji” istehsalı enerji təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yer tutur, yeni texnologiyaların və innovasiyaların inkişafına təkan verir.