Qarabağda yaşayan erməni cütlük Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin müşayiəti ilə Xankəndidən Ermənistana aparılıb.
Bu barədə məlumatı BQXK-nin Ermənistandakı kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni açıqlayıb. Bildirilib ki, evli olan Sarkis Qalstyan və Marqarita Şahnazaryan cütlüyü öz istəkləri əsasında Ermənistana getmək istəyiblər və proses martın 29-u baş tutub. Ermənistan İstintaq Komitəsinin rəsmi nümayəndəsi Qor Abramyanın sözlərinə görə, Sarkis Qalstyan Ermənistanda həbs edilib. O, casusluqda ittiham edilir.
Politoloq İlyas Hüseynov isə “Sherg.az”a açıqlamasında deyib ki, öz istəkləri ilə Azərbaycandan Ermənistana gedən cütlüyün İrəvana çatan kimi həbs edilməsi Ermənistan hakimiyyətinin əsl simasını bir daha üzə çıxarmış oldu:

“Dinc vətəndaşların casusluqda ittiham edilməsi həm də Ermənistan daxilində baş verən gərginliyin təzahürüdür. Həmin şəxsə qarşı sorğu-suallar, təzyiqlər həm də Qarabağda yaşayan ermənilərə görkdür. Azərbaycan dövlətinin işğaldan azad olunan ərazilərdə gördüyü işlər, mülki əhalinin həyati əhəmiyyətli ehtiyaclarının ödənilməsi, iş imkanlarının yaradılması kimi müsbət tendensiyaları Ermənistana gedən cütlüyün istintaq prosesində mənfi məcrada təqdim edəcəklər. Bu artıq Ermənistan üçün ənənə halını almış bir prosesdir. Antiterror əməliyyatlarından sonra Xankəndini rahat şəkildə tərk edən ermənilərin Ermənistana çatan kimi Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirməsi buna əyani misaldır”.