Ekologiya və ətraf mühitin mühafizəsi
Azərbaycan su ehtiyatlarını qorumalı, suvarma texnologiyalarında dəyişikliklər etməlidir
Hazırda dünyada həllini gözləyən başlıca ekoloji problemlərdən biri də səhralaşmadır. Quru iqlimə malik Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməzsə, ölkəmizdə səhralaşma prosesi sürətlənə bilər.
Bu gün biz cəmiyyətdə bu vacib ekoloji problemin qarşısının alınmasına, su çatışmazlığına məruz qalan ərazilərdə fəaliyyətlərin gücləndirilməsinə diqqəti yönəltməli, ilk növbədə suvarma sistemlərinin qənaətcil əsasda qurulmasına, səhralaşmaya məruz qalan və bu təhlükədə olan ərazilərə suvarma suyunun çatdırılmasına nail olmalıyıq.
Qeyd edək ki, dünən "İqlim dəyişikliyinə kosmosdan baxış" mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxışı zamanı Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib ki, Azərbaycan 2040-cı ilədək qlobal quraqlıq riskinə məruz qalan ölkələr sırasına daxildir: "Bugünədək Azərbaycanda 2017-ci illə müqayisədə Böyük və Kiçik Qafqaz dağlarının buzlaqlarının 18 faizi əriyib. Azərbaycan ərazisinin 15 faizində quraqlıq riski var. Xüsusilə ölkə ərazisində Gəncə-Daşkəsən zonasının quraqlıq riski ilə üz-üzə qaldığını vurğulamaq lazımdır”.
Qızılağac Dövlət Təbiət Qoruğu haqda danışan S.Əsədovun sözlərinə görə, son öyrənilən rəqəmlərə görə, buradakı su hövzəsinin 40 faizi itirilib: “Son 100 ildə Azərbaycanda orta illik temperatur artıb. Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son 7 ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb ki, bunun da 1,5 metri son beş ilə təsadüf edib. Ölkə üzrə quraqlıq səviyyəsinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, Azərbaycan ərazisinin 15 faizi çox yüksək quraqlıq riski altındadır. Ölkə ərazisində yanğınların kosmik monitorinq təhlilinə əsasən, ötən il ümumilikdə 10 563 hektar ərazinin yandığı müşahidə edilib. Həmçinin atmosferin tərkibini dəyişdirən zərərli qazların dəyərləri də ilbəil artıb”.
Saməddin Əsədov həmçinin qeyd edib ki, "Azərkosmos" atmosferdə karbon qazı parametrlərini ölçmək niyyətindədir: "İqlim dəyişikliyinə kosmosdan baxış" mövzusunda tədbirdə çıxışında deyib.
"Azərbaycanda atmosferə buraxılan metanın kəmiyyəti ilbəil artır. Hazırda atmosferdə karbon qazı parametrlərini dəqiq ölçməmişik. Lakin qarşıdakı illərdə bunu etmək niyyətindəyik".
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev isə hesab edir ki, peyk əsaslı erkən xəbərdarlıq sistemləri fermerləri potensial təhlükələrdən qoruya bilər:
“Azərbaycanda peyk şəkilləri və uzaqdan zondlama üsulları vasitəsilə torpaqdan istifadədə dəyişiklikləri xəritələyə, məhsul növlərini müəyyən edə və zamanla məhsulun sağlamlığına nəzarət oluna bilər. Bu məlumat fermerlər və digər maraqlı tərəflər üçün əvəzolunmazdır, çünki o, bizə riskləri azaltmaq və dəyişən ətraf mühit şəraitinə uyğunlaşmaq üçün əsaslandırılmış qərarlar qəbul etməyə kömək edir. Məsələn, peyk əsaslı erkən xəbərdarlıq sistemləri fermerləri quraqlıq, zərərvericilərin yayılması və ya ekstremal hava hadisələri kimi potensial təhlükələr barədə xəbərdar edə bilər ki, bu da onlara məhsullarını və dolanışıq vasitələrini qorumaq üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir”.
F.Tağıyev bildirib ki, peyk məlumatlarını yerüstü müşahidələr və meteoroloji məlumatlarla inteqrasiya etməklə fermerlərə kənd təsərrüfatı əməliyyatlarının idarə edilməsində vaxtında və effektiv seçim etmək imkanı verən qərar qəbul etmək üçün dəstək mexanizmləri hazırlana bilər. Nazirliyin rəsmisi qeyd edib ki, peyk monitorinqi dəqiq kənd təsərrüfatı (əkinçilik) təcrübələrinin həyata keçirilməsini asanlaşdırır, resurs səmərəliliyini optimallaşdırır.
“Azərbaycanın dağlıq rayonlarında bitki örtüyünün faizi ümidvericidir”.
Bunu isə "Azərkosmos" ASC-nin Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov deyib.
O bildirib ki, Dağlıq ərazilərin bitki örtüyünün faizi 90,4 faizdir ki, bu da Azərbaycan üçün olduqca yaxşı göstəricidir. Belə ki, dünya üzrə orta göstərici 76 faizdir.
Qeyd olunan tarixə isə cəmi 16 il qalıb. Görəsən, ölkəmiz quraqlıq probleminin həllində nələr etməlidir?
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə "Sherg.az"a açıqlamasında deyib ki, qlobal istiləşmə şəraitində dünyada su resurslarının azalması, quraqlığın genişlənməsi prosesi gedir:
"Beynəlxalq təşkilatların hesablamalarına görə, Avropada son 500 ilin ən güclü quraqlığı müşahidə oluna bilər. Yağıntıların normadan az düşməsi, iri çaylardan təsərrüfat əhəmiyyətli istifadənin artması quraqlığı şərtləndirən əsas amillərdəndir. Quraqlıq təhlükəsi təəssüf ki, ölkəmizdən də yan keçmir. Azərbaycan əsas içməli su qaynağı olan çayları ölkəmizdən kənarda formalaşır. Kür, Araz, Samur transərhəd çaylarıdır. Bu çayları ölkəmizə daxil olduqları ölkələrin ərazilərində ciddi şəkildə itkilərə məruz qalır. Quraqlıq məhsuldar torpaqların şoranlaşmasına gətirib çıxarır. Havaların tədricən istiləşməsi əkinə yararlı torpaqların və otlaq sahələrinin azalmasına səbəb olur. Bu da öz növbəsində yaşıllıqların, meşəliklərin geniş şəkildə susuzluqdan yanaraq sıradan çıxması, bəzi hallarda isə meşələrdə, əkin və otlaq sahələrində güclü yanğınların baş verməsi ilə nəticələnir.
Azərbaycanın son illər quraqlıqdan əziyyət çəkən bölgələri Aran iqtisadi rayonuna daxil olan Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonlarıdır. Xüsusən Neftçalada vəziyyət daha dözülməzdir. Susuzqluq, əkinə yararlı torpaqların sıradan çıxması bölgədən miqrasiyanı gücləndirir. Çox təəssüf ki, son zamanlar Xəzər dənizində də çəkilmə müşahidə olunur. Biz bu günlərdə Xəzər sahilində monitorinq apardıq. Xəzər və Pirallahı rayonu ərazilərində sahilyanı əraziyə getdik. Xəzər gözlə görünən səviyyədə geri çəkilib. Xeyli quru əraziləri meydana çıxıb. Bu, yaxın gələcəkdə sahil zolağında yaşayan, balıqçılıqla məşğul olan əhalinin durumuna təsir edəcək".
Ekoloq hesab edir ki, quraqlığın ciddi fəsadlar törətməməsi üçün lazımi addımlar atılmalıdır. İlk növbədə su təsərrüfatında idarəetmə müasir texnologiyalara əsaslanmalıdır. İçməli və suvarma suyunun bir nöqtədən başqa nöqtəyə daşınması zamanı itkilərin qarşısı alınmalıdır. Daşınma zamanı itkilərin minimuma endirilməsi üçün su kanalları yenidən qurulmalıdır. Su plastik borular və beton səthli kanallarla daşınmalıdır. Suvarmada selləmə üsulundan imtina olunmalı, nə qədər xərc tələb etsə də, damcı suvarma metodu tətbiq olunmalıdır. Bir sözlə, dövr qənaət dövrüdür. İnsanlarımız vəziyyətin ciddiliyini nəzərə almalıdır. Elə bir durum yarana bilər ki, iri şəhərlərdə suyun verilməsi qrafiki 2-3 saata düşə bilər. Buna görə də əhali arasında maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Daha çox yaşıllaşdırma idarələrində, avtoyuma məntəqələrində içməli suya qənaət edilməlidir. Həmin müəssisələrə təkrar emaldan gələn texniki su verilsə, daha yaxşı olar”.
"Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimlinin açıqlamasına görə, quraqlıq planetimizdə müşahidə olunan və son illər daha da kəskinləşən iqlim dəyişiklikləri ilə əlaqədardır: “Yəni quraqlıq iqlim dəyişikliyinin birbaşa fəsadıdır. Çaylarda suyun miqdarı isə təbii ki, birbaşa yağıntılarla əlaqəlidir”.
Ekoloq deyib ki, quraqlığın birinci səbəbkarı təbiət və təbiətdə baş verən proseslərdir: “Təbiətin etdiyi bu dəyişikliyin qarşısını heç bir yolla ala bilmərik. Əgər anomal istilər keçirsə, quraqlıq olursa, yağıntılar düzgün şəkildə paylaşılmırsa, burada insan rolunun da sayı az deyil. Ətraf mühitin çirkləndirilməsi, suyun istifadəsində qənaətin olmaması, sənaye müəssisələrinin çoxalması iqlim dəyişikliyinə, həmçinin quraqlığa səbəb olur. Suyun düzgün şəkildə istismar olunmaması isə başlıca problem hesab olunur. Bilirsiniz ki, Azərbaycana su ehtiyatlarının böyük hissəsi xaricdən gəlir. Daxili sularımız o qədər də zəngin deyil. Buna görə də əlimizdə olanları qorumalıyıq, suvarma texnologiyalarında dəyişikliklər etməliyik. Həmçinin torpaqların şoranlaşmasının indidən qarşısını almaq lazımdır”.