Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır -ŞƏRH

Ortada Türkiyə faktoru olduğu üçün Qərb planlarını ehtiyatla, yüz ölçüb bir biçərək icra edəcək

  5 apreldə keçirilən Brüssel görüşü gözlənildiyinin əksinə sönük olmaqla yanaşı, beynəlxalq diqqəti özünə cəlb etməyib. Yəni Ermənistanın təqdim etdiyi kimi ajiotaj doğurmayıb. Görüşlə bağlı yayılan xəbərlər, səslənən bəyanatlar da bunu deməyə əsas verir. Ermənistan üçün müsbət nəticə sadəcə ayrılacaq növbəti sədəqə tranşı ola bilər. Təbii ki, bu da əvəzsiz olmayacaq. Ermənistan çox ciddi və nəticələri fəlakətə gətirib çıxara biləcək ssenarilər yaşaya bilər.
  Qeyd edək ki, Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistan Baş naziri arasında keçirilən üçtərəfli görüşün iddia olunduğu kimi ciddi nəticələr doğurmamasında Azərbaycanın rəhbərinin qətiyyətli və prinsipial mövqeyi ilə yanaşı, qardaş Türkiyənin sərt reaksiyası da mühüm rol oynadı. Türkiyə Xarici İşlər Nazirliyi görüşdən öncə bəyanat yayaraq, Azərbaycanın iştirakı olmadan keçirilən görüşün Cənubi Qafqazda sülhə xidmət etməyəcəyini, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacağını vurğulamışdı. Türkiyə XİN üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırmışdı.
  Regionda və dünyada baş verən geosiyasi vəziyyəti təhlil edən ekspertlər isə belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib.
  Politoloq Qabil Hüseynli isə “Sherg az"a açıqlamasında deyib ki, regionda sülh və təhlükəsizliyin bərqərar olmasında Türkiyə-Azərbaycan qardaşlığı həlledici rol oynayır:

“Türkiyənin Azərbaycanla sıx koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyi və bu çərçivədə müəyyən müsbət irəliləyişlərə nail olunduğu bir dönəmdə haqqında danışılan üçtərəfli görüşün təşkili təxribatdan başqa bir şey deyil. Əvvəla onu deyim ki, aprelin 5-də keçirilən görüşün məqsədi heç də Ermənistana humanitar yardım etmək, onların iqtisadi vəziyyətini dirçəltmək planları qurmaq deyildi. Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatlarının Ermənistanla bağlı başqa planları vardı. Amma Azərbaycanın etirazları və dövlət başçısının prinsipial mövqeyi, həm də Türkiyənin Xarici İşlər Nazirliyi səviyyəsində sərt reaksiyasından ehtiyatlanıb Qərb planlarında dəyişiklik etməli oldu. Məhz görüş günü TBMM-nin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun Bakıya səfəri, Prezident İlham Əliyevin qəbulunda olması da Ankaranın Bakıya dəstəyinin nümayişi idi.
  Həm də ki iki qardaş ölkə arasında imzalanan Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. İki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanla Türkiyənin regional və beynəlxalq rolunu, çəkisini artırmasında əhəmiyyətli rol oynayır.
  Sirr deyil ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra regionda yeni siyasi reallıqlar yaranıb. İki qardaş dövlətin Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün imzaladığı bu Bəyannamədə əks olunan məsələlər strateji əhəmiyyətə malikdir. Xüsusən ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan və öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsi ilə bağlı məqamların bu sənəddə əksini tapması olduqca önəmlidir. Eləcə də müştərək milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi məsələsi yeni reallıqlar kontekstində strateji əhəmiyyət daşıyır”.
 
  Politoloqun sözlərinə görə, Brüssel görüşünün nəticəsi olaraq Aİ və ABŞ-nin Ermənistana ayırdığı məbləğ o qədər də önəmli rəqəm deyil. Buradan isə o məna çıxır ki, Qərb Ermənistanı Rusiyanın təsirindən çıxarıb Avropaya inteqrasiyası məsələsində çox da tələsmir: 
“Daha doğrusu, indiki situasiyada bu riskə getmək istəmirlər. Prosesi mərhələli şəkildə idarə etmək niyyətindədirlər. Əgər Brüssel görüşü zamanı pərdə arxasında müzakirə edilən və ictimaiyyətə açıqlanmayan gizli məqamlar yoxdursa, bir ay əvvəldən geniş təbliğ olunan və xüsusi əhəmiyyətli bir tədbir kimi şişirdilən bu görüş adi bir görüş oldu. Görüşdə müzakirə olunan bir çox məqamlar məhz Azərbaycana qarşı yönəlmiş olsa da, ciddi narahatlığa səbəb olacaq bir məsələ deyil. Lakin bir daha əmin olduq ki, Qərb dairələri Güney Qafqazda sabitlik olmasını istəmir, bölgəni yenidən qızışdırıb münaqişə ocağı yaratmaq istəyirlər. Lakin bu, onların düşündüyü qədər asan olmayacaq.
  Ortada Türkiyə faktoru olduğu üçün Qərb planlarını ehtiyatla, yüz ölçüb bir biçərək icra edəcək. Ona qədər də bölgədə bütün daşlar yerinə oturacaq, Azərbaycanla Ermənistan arasında Sülh müqaviləsi bağlanacaq, sərhədlər delimitasiya ediləcək, kommunikasiya yolları açılacaq. Regionda indikindən fərqli tamam başqa mənzərə müşahidə ediləcək. Cənubi Qafqaza Rusiyanın təsiri, Ermənistanda rus qoşunlarının və hərbi bazalarının olması hələ uzun illər Qərbin başını qatacaq və onlar üçün prioritet olaraq qalacaq”.