“Yalnız bundan sonra belə halların qarşısı alına bilər”
Son vaxtlar qazi adından sui-istifadə edənlərin törətdiyi qanunsuzluqlarla bağlı faktlara tez-tez rast gəlirik. 44 günlük müharibədə, antiterror əməliyyatlarında iştirak etmədiyi halda əyinlərinə hərbi forma geyinib pul yığırlar.
Onlar həm cəmiyyətdə, həm də dövlət qurumlarında qazilərə və şəhid ailələrinə böyük hörmət olduğunu çox yaxşı bilir və bundan faydalanmağa çalışırlar.
Qeyd edək ki, Sumqayıt şəhərində özünü qazi kimi təqdim edərək hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi köməklik edilməsini tələb edən Şirvan şəhər sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb.
Onun 2012-2017-ci illərdə hərbi xidmətdə olduğu, heç bir hərbi əməliyyatlarda, eləcə də 44 günlük Vətən müharibəsində iştirak etmədiyi müəyyən edilib.
N.Məmmədov hərbi forma əldə edərək, guya, torpaqlarımızın azad olunmasıı zaman bir gözünü itirdiyi görüntüsü yaradıb. “Vətən müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirən N.Məmmədov asan və daha çox “qazanc” əldə etmək niyyətində olub.
İctimaiyyət nümayəndələri isə hesab edir ki, hərbi formadan qanunsuz istifadə ilə bağlı cəzalar sərtləşdirilməlidir. Sözügedən şəxs sadəcə maddi gəlir əldə etmək məqsədilə bu addımı atsa da, bu görüntü ölkəmizi istəməyən qüvvələr tərəfindən ölkəmizdə şəhid ailələrinə və qazilərə “qayğı göstərilmədiyi” rəyi formalaşdırmaq üçün istifadə edilə bilər.
Hərbi formanı yalnız qanunla icazə verilən şəxslər daşımalıdır. Sosial şəbəkələrdə qeyd olunan rəylərə görə, hər bir forma geyinən şəxsə ayrı-ayrılıqda nəzarət etmək mümkün deyil. Bu problemdən çıxış yolu yalnız maariflənmədən keçir.
Bəzən məsələdən xəbərsiz olan vətəndaşlar “qazi”lərin qanunsuz əməllərinə haqq qazandırır, “onlar vuruşanda biz isti yatağımızda yatırdıq” kimi şərhlər verirlər. Bəli, biz onlara həmişə minnətdar olacağıq, onların etdiyi fədakarlıq heç vaxt unudulmamalıdır. Amma bu o demək deyil ki, qazi, şəhid ailəsi adından istifadə edib istənilən qanunsuz əməli törətmək olar. Şəhidlərimiz, qazilərimiz Vətəni təmənnasız sevib, onun uğrunda canlarından, sağlamlıqlarından keçiblər. Vətənə sevgi təmənnalı olmur. Haqsız tələb irəli sürüb qanunsuz iş tutanlar da bu təmənnadan əl çəkməlidirlər.
Diqqət etsək görərik ki, bu gün həqiqi döyüş yolu keçmiş şəxslərin heç biri özünə əlavə imtiyazlar tələb etmir, hansı ki buna daha çox haqqı çatır. Müharibədə iştirak etmiş, ən ağır əməliyyatları, o cümlədən Şuşa əməliyyatını həyata keçirmiş xüsusi təyinatlılar arasında bir nəfər də bu cür davranan şəxsə rast gəlinməyib. Fırıldaqçılarsa təkcə özlərini yox, həm Ordunu, həm də əsl qaziləri gözdən salır. Onların çirkin metodlara əl atması şəhidlərin, qazilərin ucaldığı ən müqəddəs zirvəyə ləkədir.
Filologiya üzrə fəlsəfə doktoru, müstəqil ekspert Elyar İslamoğlu isə “Sherg.az"a açıqlamasında deyib ki, hərbi formanın daşınması üçün nəzərdə tutulan tələblər var və buna əməl edilməlidir:
“Hərbi geyim formasını daşımaq hüququna Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi lisey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir. Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.
Çox təəssüf ki, 44 günlük müharibədən sonra tez-tez şahidi oluruq ki, əsgər və zabitlərimizin hərbi forması bəzən təyinatı üzrə istifadə edilmir. Hərbi formanı qanunsuz əldə edən şəxslər həm də müharibə iştirakçısı, qazi adından sui-istifadə edərək fırıldaqçılıq da edirlər. Hərbçi ordudan təxris olunanda onun hərbi biletinə geyimi daşımaq, ya da daşımamaq haqqında xüsusi qeyd yazılır. Hərbi formanı mülki həyatda yalnız xüsusi icazəsi olan şəxslər daşımalıdır. Ölkəmizdə çox sayda hərbi geyimlər satan mağazalar var. Məncə, həmin mağazalar da diqqətli və məsuliyyətli olmalı, hər istəyənə hərbi geyim satılmamalıdır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Düşünürəm ki, hərbi formadan sui-istifadəyə görə cəzalar sərtləşdirilməli, cərimələrin miqdarı artırılmalıdır. Yalnız bundan sonra belə halların qarşısı alına bilər”.