Zelenski: Bizə hava hücumundan müdafiə sistemləri lazımdır, uzun müzakirələr yox


Bu gün Ukrayna daxilində bir çox enerji obyektinə hücum edən Rusiya qüvvələri paytaxt Kiyevdəki böyük elektrik stansiyasını raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurub. 
Sherg.az xəbər verir ki, Kiyev yaxınlığındakı Trypilska istilik elektrik stansiyasının rəsmisi açıqlamasında bildirib ki, Rusiya tərəfindən həyata keçirilən genişmiqyaslı hücumlar nəticəsində stansiya tamamilə dağılıb. Ukrayna Hərbi Hava Qüvvələri hücumda ümumilikdə 82 raket və PUA-dan istifadə edildiyini və hava hücumundan müdafiə sistemlərinin 18 raket və 39 PUA-nı vurduğunu bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında hücumu "terrorizm" adlandırıb və "Bizə gözləri bağlamaq və uzun müzakirələr deyil, hava hücumundan müdafiə sistemləri lazımdır" deyib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynadakı yanacaq və enerji obyektlərinin vurulduğu, hücumların Ukraynanın Rusiyadakı neft, qaz və enerji obyektlərinə qarşı həyata keçirdiyi İHA hücumlarına cavab olduğu bildirilib.