Bərdədə Bakıya tabe olmayan BQXK-nin fəaliyyətinə imkan verməməliyik - Millət vəkili

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzünə məruz qalan və bunun nəticəsində ərazilərinin 20 faizi işğal olunan, bir milyona yaxın vətəndaşı öz yurdlarından didərgin salınan Azərbaycana daxil olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qaçqınlara yardım, itkin düşmüş şəxslərin axtarılıb tapılması istiqamətində fəaliyyət göstərdiyini bəyan etsə də, öz missiyasını tam yerinə yetirə bilmədi.
Qarabağ müharibəsi zamanı 4 min nəfərdən artıq azərbaycanlının itkin düşməsinə baxmayaraq, BQXK-nın onların tapılaraq geri qaytarılması yönündə ardıcıl və məqsədyönlü fəaliyyətlərinə şahid olmadıq.
Hətta  BQXK bir çox azərbaycanlının Ermənistanda əsir düşərgələrində saxlandığına dair dəqiq məlumata malik olsa da, üzərinə düşən vəzifələrin icrasından yayınmaq yolunu seçdi və müxtəlif bəhanələrlə özünü bu prosesdən kənarda saxlamağa çalışdı. O baxımdan, Birinci Qarabağ müharibəsinin gedişində əsir və itkin düşmüş çox sayda azərbaycanlı haqqında indiyə qədər heç bir məlumat əldə edilməməsində BQXK-nın fəaliyyətsizliyinin böyük rolu var.
Bununla belə, İkinci Qarabağ müharibəsi davam edən müddətdə və ondan sonra BQXK ermənilərin problemlərinin həllinə yönəlik proseslərə çox fəal şəkildə qoşuldu. Komitənin erməni təəssübkeşliyindən qaynaqlanan “fədakar fəaliyyəti” sayəsində 1700-dən artıq erməni hərbçisinin cəsədi aşkarlanaraq Ermənistana təhvil verildi.
Qeyd edək ki, BQXK-nin Xankəndi ofisi fəaliyyətini dayandırıb. Komitə guya "Qarabağ bölgəsindəki fəaliyyətini yenidən qurur". BQXK-nin həmin əraziləri əhatə edən fəaliyyəti də  Bərdə ofisindən idarə olunacaq. 
Lakin BQXK-nin Xankəndi ofisinin bağlanması haqda məlumatı Bakıdakı ofis yox, İrəvandakı ofis tərəfindən yayılması ictimaiyytədə suallar yaradır. 
Millət vəkili Azər Badamov  isə "Sherg.az" a açıqlamasında deyib ki, BQXK sözdə neytral fəaliyyət göstərən humanitar təşkilat olsa da, əməllərində ikili standartlar amilinə əsas yer verir: 

"Bu baxımdan Azərbaycanın torpaqları işğal altında olduğu 30 ildə BQXK-si azərbaycanlıların qarşılaşdığı humanitar problemlərinə heç də adekvat reaksiya vermədi. Bəlkə də 1988-ci ildə BQXK-si Qərbi Azərbaycanda etnik təmizlənməyə məruz qalmış azərbaycanlılara zamanında öz dəstəyini göstərsəydi, 300 minə qədər soydaşımız öz ata yurdlarından departasiya olunmazdı".

A. Badamovun sözlərinə görə,  90-cı illərin əvvəlində, I Qarabağ müharibəsi zamanı soyqrımlara məruz qalmış azərbaycanlılara lazımı səviyyədə humanitar dəstək göstərilsəydi bəlkə də 4 mindən çox vətəndaşımız itkin düşməzdi: 

“O cümlədən BQXK 30 ildə əsir və itkin düşmüş azərbaycanlıların problemləri ilə məşğul olsaydı, bu gün bu problem müəyyən qədər həll olunmuş olardı. Həm də uzun illər çadır şəhərciklərində ağır şəraitdə yaşamağa məhkum olunmuş azərbaycanlılara lazımı səviyyədə humanitar dəstək göstərmədi.
Amma 44 günlük Vətən müharibəsindən sonra BQXK-si sanki ermənilərin himayəçisi kimi çıxış etməyə başladı. Belə ki, müharibə meydanında qalmış 1700-dən çox erməni cəsədinin təhvil verilməsində canfəşanlıq etdi. Həkəri çayı üzərində sərhəd keçid məntəqəmizi yaradanda Xankəndidə yaşayan ermənilər üçün qaçaqmalçılıq yolu ilə gizli daşımalarla məşğul oldu. Azərbaycan sərhədçiləri BQXK-nin bu əməllərini ifşa edəndən sonra təşkilatın iki əməkdaşı Azərbaycandan çıxarıldı.
Hətta Qarabağda yaşayan ermənilərə humanitar yardımların Azərbaycandan aparılması ilə bağlı tələbimizə də qarşı çıxdı. Halbuki, ölkə ərazilərimizdəki humanitar məsələlər suveren hüquqlarımız çərçivəsində həll olunmalı idi. O cümlədən, bu gün də qeyri-qanuni şəkildə Bərdədə İrəvandan idarə olunan ofisin fəaliyyətini davam etdirir. Halbuki BQXK-nin ofisinin fəaliyyəti qanuna görə Bakıdakı ofisindən idarə olunmalı idi.
Amma BQXK-si Ukraynada Rusiyanın nəzarəti altındakı Donetsk vilayətinə humanitar yardımların Rusiya ərazisindən aparılmasına razı olmadı" .

Millət vəkili həmçinin qeyd edib ki, bu gün Xankəndidəki ofisin bağlanması və Bərdədə fəaliyətinə davam etdirilməsinin açıqlamasını İrəvan ofisindən bildirməsi də tamamilə beynəlxalq hüquq normalara və eləcə də BQXK-nin nizamnaməsinə ziddir:

"Azərbaycanlılara qarşı düşmənçilk mövqeyində olan BQXK-nin ölkəmizdə fəaliyyətinin davam etdirilməsi bizə lazımdırmı kimi bir sual meydana çıxır. Bu sualın cavabı ancaq yoxdur. Hesab edirəm ki, BQXK-nin Cenevrədə yerləşən mərkəzi ofisinin qarşısında ölkəmizdə ikinci bir ofisin fəaliyyət göstəriməsinin yolverilməzliyi ilə bağlı məsələni qaldırmalıyıq. Əgər onlar Bərdədə Bakıya tabe olmayan ikinci ofisində fəaliyyətini davam etdirmək istəyirlərsə, ona imkan verməməliyik. Təbii ki, bu ölkəmizin suveren hüququdur”.