Uşaqların üzlərini güldürən fotoqraf

Hədiyyə bayramı

Artıq bu oyuncaq paylamalar “Oyuncaq qardaşlığı” layihəsinə çevrilib

“Məni sevən, yolumu gözləyən hər kəsi qucaqlayıb, bağrıma basıram”

  Uşaqlıq illəri Suriya ilə sərhəddə - Şanlıurfanın Ceylanpınar bölgəsində keçmiş Ümit Kavak, uşaqlara oyuncaqlar hədiyyə etməklə üzlərini güldürən fotoqraf kimi tanınır. Ümid Kavak bu günlərdə Midyata səfər edib və orada əqli qüsurlu Əhməd adlı uşaqla görüşüb, ad günü münasibətiylə onu təbrik edib. Fotoqraf Ümid Kavakın Əhmədi ziyarətini əks etdirən videogörüntülər yayılıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən Ü.Kavakın uşaqlara yaşatdığı sevincə aparan yolu barədə məlumat verir.
  38 yaşlı Ümit Kavak uzun müddət Muğlada yaşayıb, Muğla Sıtqı Koçman Universitetini bitirdikdən sonra ailəsiylə birlikdə Şanlıurfaya köçüb. Burada kafe açıblar. Lakin Suriyada başlanan münaqişə onların işinə də mənfi təsir göstərib. Suriya müharibəsindən təsirlənən Ümit ətraf bölgələri gəzərək fotolar çəkməyə başlayıb. Belə günlərin birində 2 uşaqla rastlaşıb. Yusuf və İsmayıl. Onlarla dostlaşıb, imkan tapan kimi ziyarətlərinə gedib. Bu haqda sosial mediada paylaşımlar edib. Belə ziyarətlərdən birində telefonuna mesaj gəlib: “İstifadəyə yararlı oyuncaqları sizə göndərə bilərikmi, siz də onları bu uşaqlara hədiyyə edəsiniz”. Ümit bu mesaja sevinib və beləliklə oyuncaqların uşaqlarla görüşü başlayıb. İlk oyuncaqları payladıqda ağlına da gəlməzdi ki, bu, uzun illər davam edəcək və o, uşaqlar arasında bu qədər seviləcək. Oyuncaqları payladıqca, sosial şəbəkədə fotoları paylaşılır, hər dəfə də kimlərsə ona müraciət edərək oyuncaq göndərmək istədiklərini bildirirlər. Artıq bu oyuncaq paylamalar “Oyuncaq qardaşlığı” layihəsinə çevrilib. “ilk zamanlar özümü o uşaqlardan biri hesab edirdim. Getdikcə layihəmiz böyüdü, daha çox insanla əlaqə yarandı, təşkilatlar, qurumlar müraciət etməyə başladı. Döyə biləcəyim qapılar da çoxaldı, üzümə açılan qapılar da. Hiss edirdim ki, məsuliyyətli bir işlə məşğulam. Hər evdə fərqli bir həyat hekayəsi, hər uşağın öz arzusu, öz istəyi var”, söyləyən Ümit Kavak suriyalı uşaqların oyuncaqlara ehtiyatlı yanaşmasını isə unuda bilmir. “Bir uşağa oyuncaq təyyarə verdim. O isə “bu təyyarə bomba atmır ki?!”, soruşdu. Həmin anda ona nə cavab verəcəyimi bilmədim. Bir başqa uşaq isə onlara diş məcunundan necə istifadə etməyi öyrətdiyimiz zaman, mənə yaxınlaşıb “almanın dadı gözəl imiş”, dedi. Elə bilib ki, şokoladdır, yeyib. Bu mənzərələr məni bir tərəfdən kədərləndirirdi, bir tərəfdən də onlara kiçik də olsa xoşbəxtlik bəxş etdiyimizə görə sevinirdim”. Ümit Kavak getdiyi kəndlərdə insanların onu mehribanlıqla qarşıladıqlarını deyib: “Sosial mediadakı paylaşımlardan bilirlər ki, qayğanağı çox sevirəm. Kəndlərə gedəndə mən istəmədən bir də görürəm sapılcaya tezcə 2 yumurta salıb gətirirlər. Özümü uşaq kimi hiss edirəm, onları da ata-anam. Bu bölgədə bir çox ailənin fotosunu çəkib, sonra çərçivəyə salıb hədiyyə etmişəm. Məndən yadigar qalsın. Oyuncaq paylamaq da gözəldir, foto hədiyyə etmək də. Ruhu uşaq kimi qalmış hər kəsə sevgilərimi bildirirəm. Mesaj yazanlar da çoxdur. Yazırlar ki, məni görmək istəyirlər, hədiyyə üçün yox, qucaqlamaq üçün. Mən də məni sevən, yolumu gözləyən hər kəsi qucaqlayıb, bağrıma basıram”.