Millət vəkili də hiddətləndi: "Alatava"da hamı siqaret çəkir

Fazil Mustafa: “Başlı-başına olanda belə olmalıdır. Filmlərimizdə siqaretin təbliği, açıq şəkildə tamaşaçılara təqdim edilməsi səbəbsiz deyil”

“Hamı öz kefində, hamı öz laqeydliyindədir. Məqsəd güdürük ki, malımız satılsın, xeyrimiz olsun. Bununla cəmiyyətə vurduğumuz zərəri görmürük”

   “İTV əlində siqaret, spirtli içki içə-içə girir evimizə - həm də hesabı bizə ödətdirərək”. Bu barədə sosial media hesabında jurnalist Razi Abbasbəyli deyib.
Jurnalist qeyd edib ki, təsadüfən "Youtube"də qarşısına İTV-də yayımlanan "Alatava" filmi çıxıb: “Film haqqınnda danışmayacam. Çünki mənim sahəm deyil. Nə aktyor işi, nə rejissor işi, nə ssenari barədə heç bir fikir bildirməyəcəm.
Amma bunu yazmalıyam. Söhbət İctimai Televiziyadan gedir. O televiziyadan ki, bizim pullarımızla mövcuddur. O televiziyadan ki, həmin kanala ailəlikcə tamaşa etməliyik. Düzdür, mən baxmıram. 15 ildir mənzilimdəki televizordan, ümumiyyətlə, Azərbaycan kanallarını silmişəm. Amma "Alatava" filminə baxdım.
  Filmin əvvəlindən axırına qədər hamı siqaret çəkir. Ekran tüstü-duman.
Mənə elə gəlir ki, artıq bu qərarı vermək lazımdır. Tütünə aludəçilik orta məktəblərin aşağı siniflərinə qədər yayılıb. Ölkədə 18 yaşı tamam olmayanlara siqaret satışı qadağandır. Amma bu qadağanı bir az da genişləndirmək lazımdır.
  Televiziyalarda siqaret səhnələri qadağan edilməlidir. Qardaş Türkiyə bunu edir. Hətta Rusiya və Avropa televiziyalarında da bu qadağa var.
Azərbaycanda İctimai Televiziyanın efirini tüstü basıb. Bu çox pis təbliğat və pis bir örnəkdir. Yeri gəlmişkən filmdə qadın, qoca, orta yaşlı, hamı spirtli içki içir.
Bu barədə düşünmək lazımdır. Cəmiyyətimizdə spirtli içki də içilir, siqaret də çəkilir. Amma normalda biz adətən yaşadığımız evin içində təkcə siqareti ona görə çəkmirik ki, uşaqlarımızın sağlamlığına ziyandır. Biz həm də evimizdə ona görə siqaret çəkmirik ki, uşaqlara pis örnək olmayaq. Amma İTV bir dəstə aktyorun əlinə siqareti, spirtli içki badəsini verib girir evimizin içinə. Həm də o siqareti də içkini də bizim pulla alırlar. Yəni İTV hər bir azərbaycanlının pulu ilə mövcud olan kanaldır”.
  Qeyd edək ki, Azərbaycanda həm teleradio yayımı, həm də reklam haqqında qanunvericiliyə görə, televiziya və radio ilə tütün məmulatlarının reklamı ümumiyyətlə qadağandır. Ancaq bu qadağalar filmlərdə siqaret çəkilməsi ilə bağlı səhnələrə şamil edilmir. Belə ki, müxtəlif köhnə filmlərdə, yeni çəkilən ekran əsərlərində və teleseriallarda oxşar kadrlar yer alır. Məsələnin həllini necə tapacağı isə maraqlıdır.
Bu barədə “Sherg.az"a danışan millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə deyib ki, heç ümidi yoxdur. Deputat bildirib ki, bu cür zərərli reklamların fonunda ölkədə siqaret çəkənlərin sayı hər keçən gün artır. Xüsusilə də gənc nəslin, yeniyetmələrin bu zərərli vərdişə aludə olması cəmiyyətimiz üçün böyük təhlükə hesab olunur:

“Azərbaycnda “Tütün və tütün məmulatı haqqında” qanun olsa da, bu qanunun müddəaları işləmir. Nə aidiyyəti qurumların, nə də cəmiyyətin özünün bu prosesə hər hansı bir şəkildə müdaxilə etmək həvəsi görünür. Hamı öz kefində, hamı öz laqeydliyindədir. Məqsəd güdürük ki, malımız satılsın, xeyrimiz olsun. Bununla cəmiyyətə vurduğumuz zərəri görmürük.
Halbuki bu məsələyə cəmiyyətin gələcəyini özündə əks etdirən bir problem kimi baxılmalıdır. Bu mübarizədə hər kəs aktiv iştirak edib öz yerini almalıdır. Qanunda olan tütün məhdudiyyətlərini gündəmə gətirmək lazımdır. Həmçinin yeniliklər də etmək olar. Acınacaqlı vəziyyət odur ki, bu mövzuya ciddi diqqət ayırmırıq. Bu məsələnin qarşısını almağa heç kəsin gücü və iradəsi çatmır”.
  F.Mustafanın sözlərinə görə, filmlərimizdə siqaretin təbliği, açıq şəkildə tamaşaçılara təqdim edilməsi də səbəbsiz deyil: “Başlı-başına olanda belə də olmalıdır. Halbuki filmlərin ideyası bu cür zərərli vərdişlərin təbliği yox, məhz bu aludəçiliklərin səbəb olduğu faciələrin işıqlandırılması ilə bağlı olmalıdır.
  Sözün açığı, indiki halda bu istiqamətdə heç bir müsbət dəyişiklik gözləmirəm. Bizim insanların başlıca amalı pul qazanmaq olduğu üçün bu cür tendensiyaların ailələrə, uşaqlara, cəmiyyətin gələcəyinə nə qədər zərər vurduğunun heç kim fərqində deyil. Təəssüflər olsun ki, Azərbaycnda nə narkomaniya, nə siqaret, nə də spirtli içki aludəçiliyinə qarşı mübarizə strategiyası var. Bu istiqamətdə fəaliyyət göstərən adamlar var, səlahiyyətli qurumlar da var. Lakin mübarizənin, müalicə prosesinin icra mexanizmi yoxdur”.