İndi Azərbaycanın Qarabağın bütün məntəqələrində
tam suveren nəzarəti bərpa etməsi inkarolunmaz həqiqətdir
Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı vaxtından əvvəl tərk edir. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının Qarabağ iqtisadi bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizi tərk etməsi prosesinə artıq start verilib.
Sosial mediada bu barədə yayılan videogörüntülərdə sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarından keçdiyi əks olunub. Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov “Kommersant”a təsdiq edib. O bildirib ki, rusiyalı sülhməramlılar Qarabağı tərk edir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Azərtac-a müsahibəsində deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.
Qeyd edək ki, sülhməramlılar Kəlbəcərin Xudavəng monastırındakı postu tərk edərək, bu tarixi-dini memarlıq abidəsinin mühafizəsini Azərbaycan polisinə təhvil veriblər. Hazırda Xocalıdakı əsas dislokasiya bazası da boşaldılmaqdadır. Rusiya sülhməramlılarının ərazilərimizi birdəfəlik tərk edərək öz vətənlərinə qayıtması prosesi yaxın günlərdə tam olaraq yekunlaşacaq. Və bununla da Qarabağımızın keşməkeşli tarixinə dair sonuncu həlledici səhifə də qapanmış olacaq.
Bu barədə “Sherg.az”a danışan Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov bu hadisəni 44 günlük Vətən müharibəsindən və bir günlük antiterror tədbirlərindən sonra Azərbaycanın növbəti uğuru kimi dəyərləndirib:
“Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərarın hər iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilməsi həqiqətən də tarixi hadisədir. Və bu da sevindirici haldır ki, sözügedən qərar tərəflər arasında heç bir siyasi anlaşılmazlıq yaşanmadan, tam qarşılıqlı anlayış şəraitində qəbul edilib. Bu mənada Rusiya sülhməramlılarının ölkəmizdən dinc şəkildə çıxarılmasını ciddi siyasi uğur hesab etmək olar. Ümumiyyətlə, rusiyalı hərbçilərin Azərbaycan ərazisində fəaliyyətlərini davam etdirməsi üçün heç bir əsas yox idi. Onu da deyim ki, Prezident İlham Əliyevin məşhur deyimi – “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyimi növbəti dəfə öz həyatiliyini təsdiqlədi. Bu, çox ciddi hadisədir. Azərbaycanı istəməyən bəzi şər qüvvələr sülhməramlıların ərazilərimizdən çıxarılması məsələsində Bakı ilə Moskvanın toqquşacağını gözləyirdilər. Lakin bədxahlarımızın proqnozları özünü doğrultmadı. Zaman Azərbaycanın xeyrinə işləyir. İndi Azərbaycanın Qarabağın bütün məntəqələrində tam suveren nəzarəti bərpa etməsi inkarolunmaz həqiqətdir”.