Düşünülmüş, balanslaşdırılmış və uzaqgörən siyasət hər zaman uğur gətirir- ŞƏRH


Rusiya sülhməramlılarının ölkəmizdən dinc şəkildə çıxarılmasını ciddi siyasi uğur hesab etmək olar

Rusiya sülhməramlı kontingenti Azərbaycanı tərk edir. Sülhməramlılar ikinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyannaməyə əsasən, Qarabağa daxil olublar. Bu sənədə görə, sülhməramlılar ən azı 2025-ci ilin noyabrına qədər bölgədə qalmalı idi.  Lakin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror əməliyyatından və bu bölgədəki qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsindən sonra sülhməramlıların  bölgədə qalması üçün heç bir vəzifə qalmayıb. 

Sülhməramlıların digər funksiyası Laçın yolunun rahat işləməsini təmin etmək idi. Erməni əhalisi könüllü olaraq Qarabağdan köçdükdən sonra bu vəzifə də təbii olaraq aradan qalxdı. Bəzi ekspertlər Rusiya silahlı qüvvələrinin sadəcə olaraq regionu tərk etməyəcəyini və Azərbaycanda hərbi baza kimi və ya başqa əsaslarla qalacağını iddia edirdilər. Bir qisim isə  sülhməramlıların ərazilərimizdən çıxarılması məsələsində Bakı ilə Moskvanın toqquşacağını gözləyirdi. Beləliklə, Azərbaycanın uğurlarını gözü götürməyən antimilli qüvvələrin gözləntilərinin əksinə olaraq sülhməramlıları vaxtından əvvəl Qarabağdan getməsi Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə heç bir xələl gətirmədi. Bu isə həm Azərbaycan-Rusiya münasibətləri, həm də  Cənubi Qafqazda  sülhün və təhlükəsizliyin bərqərar olması üçün mühüm amildir. 
Həmçinin, bu mövzuda  Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin arasındakı qarşılıqlı münasibətləri də  
olduğunu da xüsusi qeyd etmək lazımdır. 


 
Millət vəkili Azər Badamov  da “Sherg.az”a açıqlamasında deyib ki,  sülhməramlıların qarşılıqlı anlaşma şəraitində Qarabağı tərk etməsi çox əlamətdar hadisədir. Sülhməramlıların çıxarılmasında Azərbaycan Prezidentinin səylərini xüsusi qeyd edən millət vəkilinin fikrincə bu ilk növbədə Azərbaycan hakimiyyətinin diplomatiyanı düzgün istiqamətdə və tempdə qurmasının nəticəsidir: 

“Məsələnin uğurlu və operativ şəkildə həlli ilk növbədə Azərbaycan diplomatiyasının uğuru və ən başlıcası isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu faktın özü bir daha sübut etdi ki, Azərbaycan liderinin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”  fikri təsadüfi deyil. Azərbaycan Prezidenti atdığı addımları, həyata keçirdiyi tədbirləri publika üçün yox milli və dövlət maraqları üçün edir. Belə vəziyyətdə isə bəzən zamana ehtiyac duyulur. Düşünülmüş, balanslaşdırılmış və uzaqgörən siyasət hər zaman uğur gətirir. Qarabağda Rusiyanın sülhməramlı kontengenti 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanata əsaslanmışdı. Bəyanat imzalananda  yarımçıq qalmış məsələlər dövlət rəhbərlərinin imzaları ilə təsdiq olunmuş sənədin 9 bəndinin icrası ilə öz həllini tapmalı idi. Təəssüf ki, Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə əməll etmədi və bütün məsələləri Azərbaycan öz gücü ilə həll etməsinə məcbur oldu. Sülhməramlılar Qarabağda etimad mühüti yaratmalı və azərbaycanlılarla ermənilərin birgə təhlükəsiz yaşayışını təmin etməli idi. Amma erməni separatçıları Azərbaycanın tərkibində yaşamaq istəmədilər və bölgədə yenidən təhlükəli vəziyyət yaratmağa cəhd etdilər. Ona görə də 20 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur olduq. Beləliklə, Azərbaycanda yaşamaq istəməyən ermənilər ərazilərimizi könüllü şəkildə tərk etdilər, qalanları isə vətəndaşlığımızı qəbul etmək üçün müraciət etdilər. Hazırda Azərbaycan dövlət Qarabağda yaşamaqda davam edən ermənilərin təhlükəsiızliklərini və təminatlarını  yüksək səviyyədə təmin edir. Bu baxımdan Rusiya sülhməramlılarının Qarabağda görəcək bir işi qalmayıb. Ona görə də dövlət başçılarımız Rusiya sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı qərar qəbul etdilər və bu proses artıq həyata keçirilir. Hətta BQXK-sinin ofisi də Xankəndində  bir iş qalmadığına görə ofisini  Bərdəyə köçürüldüyünü bildirdi”.

Millət vəkilinin sözlərinə görə,  Azərbaycan öz ərazilərində suverənliyini və təhlükəsizliyini bərpa etdiyi üçün hər hansı bir beynəlxalq təşkilatın və ya da sülhməramlıların o ərazilərdə görə biləcəyi bir fəaliyyəti yoxdur. A.Badamov hesab edir ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərarın hər iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilməsi həqiqətən də tarixi hadisədir: 

“O da sevindirici haldır ki, sözügedən qərar tərəflər arasında heç bir siyasi anlaşılmazlıq yaşanmadan, tam qarşılıqlı anlayış şəraitində qəbul edilib. Bu mənada Rusiya sülhməramlılarının ölkəmizdən dinc şəkildə çıxarılmasını ciddi siyasi uğur hesab etmək olar. Qarabağ mövzusu artıq bağlandığı üçün rusiyalı hərbçilərin Azərbaycan ərazisində fəaliyyətlərini davam etdirməsi üçün heç bir əsas yox idi. Fikrimcə münasibətlərdən hərbi komponentin çıxarılması əməkdaşlıq üçün daha geniş imkanlar açacaq”.