Qazaxın 4 kəndi qaytarılır: İlham Əliyevin növbəti diplomatik qələbəsi

“Həmin kənlərin qaytarılması ilə bərabər strateji mövqelər də Azərbaycanın nəzarətinə keçəcək”

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib. Bununla bağlı razılaşma Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasında əldə olunub. 

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Həmçinin qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Bakı ilə İrəvan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək. Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Eyni zamanda razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun. Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib. 
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. Əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq. 
Heç şübhəsiz, 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması dövlətimizin və Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ümumiyyətlə, 44 günlük müharibədə möhtəşəm qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdədir. Dövlət başçısı İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə oldu. Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və digər Qərb dövlətlərinin propaqandası da bir daha ifşa olundu. Azərbaycan ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə imkan vermədi. Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər. Ona görə bəzi Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq. 


Ehtiyatda olan polkovnik, Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov "Sherg.az"a açıqlamasında deyib ki, Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı əldə olunan razılığın çox mühüm olduğunu deyib. Polkovnik vurğulayıb ki, həmin kənlərin qaytarılması ilə bərabər strateji mövqelər də Azərbaycanın nəzarətinə keçəcək. Rövşən Məhərrəmov Qazaxın kəndləri ilə bağlı son günlər mediada səslənən yanlış açıqlamalara da aydınlıq gətirib: 

"Qazaxın 7 kəndi, xüsusən anklav olmayan 4 kəndin qaytarılması ilə bağlı müzakirələr gedir. Ermənistanın baş naziri də bildirmişdi ki, Qazaxın 4 kəndinin ermənilərə aidiyyatı yoxdur və onları qaytarmalıdırlar. Anlayışı olmayan bəzi ekspertlər, həmin əraziləri tanımayanlar çıxış edirlər, nə gəldi danışırlar. Bəziləri deyirlər ki, "Paşinyan bizim Bağanıs Ayrımda, Aşağı Əskiparada olub, ermənilər bizim ərazilərdə yaşayırlar" və s. Əraziləri yaxşı tanıyan şəxs kimi həmin açıqlamalara aydınlıq gətirmək istəyirəm. Bizim Qazaxda Aşağı Əskipara kəndi var, ermənilərin isə sovetlər dövründə Voskepar kəndi var idi. Aşağı Əskiparadan keçən erməni yolu var. Dağ yolu deyirlər, iki dağın arası. Zamanında ermənilər həmin dağı yarıblar, ortasından yol çəkiblər. Ora "iki dağarası yol" deyirlər. Onun yanında da Alban kilsəsi var. Kilsənin ətrafında azərbaycanlılar yaşayırdı. Sovet dövrünün sonlarında, 80-ci illərdə kilsənin ətrafında ermənilərə, cavan ailələrə, bizim Əskipara kəndinə tam bitişik ərazidə torpaq sahəsi ayırdılar və orada evlər inşa olundu. Ümumiyyətlə, sovet dövründə Voskepar kəndində əhalinin sayı çox deyildi. Qazaxa gedəndə müşahidə etdim ki, artıq yüzdən artıq ev var. Ancaq heç bir eməni bizim Aşağı Əskipara kəndinə yerləşməyib. Bizim kəndlərimiz, evlərimiz dağıdılıb. Paşinyan da Voskepar kəndinə gedib, orada sakinlərlə görüşmüşdü. Voskepar kəndindən bizim Yuxarı Əskiparaya yol gedir. Yəni iki kəndin - Aşağı Əskipara ilə Yuxarı Əskipara kəndinin arasında ermənilərin Voskepar kəndi yerləşir. Dağ meşənin ərazisində isə, yəni el dilində "çayın o tayında" ermənilər yaşayırlar. Aşağı Əskiparadan Yuxarı Əskiparaya getmək üçün mütləq Voskepar kəndinin ərazisindən keçmək lazımdır. Paşinyan əhalinin köçürməsi dedikdə bizim Əskiparaya bitişikdə tikilən evlərin köçürülməsini nəzərdə tuturdu. Orada təxmini 20-30 ev var. Demək istəyirəm ki, bizim kəndlərimizdə ermənilər yaşamırlar, öz kəndlərində yaşayırlar. Götürək, Bağanıs Ayrım kəndini. Bağanıs Ayrım kəndi Noyemberyana gedən yolun üzərində, mənzərəli yerdə yerləşir. Bağanıs Ayrım kəndində sovet dövründə 80-90 ev var idi. Kəndin mərkəzindən asfalt yol gedirdi. Noyemberyandan Əskipara kəndini keçirərək Xeyrımlının yanından İcevan-Dilican-İrəvan yolu gedirdi. Yolun alt hissəsində çay var. Çayın yol olan tayında və o tayında azərbaycanlılar məskunlaşmışdı. Ermənilər indi həmin yolu bağlayıblar. Ermənilər yaşayan Bağanıs kəndinin kənarından gələn asfalt yol Aşağı Əskiparanın yanındakı Qoşadağ dediyimiz yolla birləşir. Bugün də həmin yol işləyir və bizim ordumuz tam nəzarət edir".

Polkovnik qeyd edib ki, Qazaxın digər kəndləri də müəyyən dəyişikliklərlə Azərbaycana qaytarılacaq: 

"Bizim nəzarətimizdə olan sərhəd kəndlərindən biri də Quşçu Ayrım kəndidir. Quşçu Ayrımda bugünədək torpaq islahatı aparılmayıb. Çünki kəndin inzibati ərazisinin bəzi hissələri - əkin sahələri, otlaqlar ermənilərin nəzarətindədir. Kəndlər qaytarılırsa, bütün inzibati ərazilər təhvil verilməlidir. Bağanıs Ayrımın inzibati ərazisində, Quşçu Ayrıma yaxın ermənilərin postu var. Təxminən 30-40 metr aralıda bizim postumuz yerləşir. Bağanıs Ayrımı bizə təhvil vermək üçün bütün postları ermənilər boşaltmalıdır. Adını çəkdiyim kəndlər bir-birinə çox yaxındır. Bağanıs Ayrımla Voskepar kəndi arası məsafə 1.5 km.dir. Xeyrımlı kəndinə tam nəzarət etmirdik, çünki ermənilər işğal etmişdilər. O kənddə də sovet vaxtı 45-50 ev var idi. Xeyrımlıya bitişik ermənilərin Günən kəndi yerləşir. Qızılhacılının isə yarısından çoxu bizim nəzarətimiz altındadır. Bu kəndə yaxın məsafədə də ermənilərin Quşçu kəndi var. Qazaxda Əskipara istiqamətinə gedəndə sol tərəfdə bizim məzarlıq, sonra Məzəm gölü yerləşir. Məzəm gölünün o tayında Qızılhacılı kəndi, ona bitişik isə ermənilərin Quşçu kəndi var. Yəni məsələlər elə həll olunmalıdır ki, sabah problemlər yaşanmasın".