Yuxarı Əskiparalı “Topçu Ərəstun”: Kövrəlirəm…

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
"Sherg.az" xəbər verir ki, bu barədə aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qeyd edək ki, bu xəbər ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib.

 Ehtiyatda olan zabit, polkovnik-leytenant Ərəstun Hacıyev (Topçu Ərəstun)  "Sherg.az" a açıqlamasında deyib ki, Qazaxın kəndlərinin qaytarılması  2020-ci il noyabrın 8-dən,  Zəfər günümüzdən bugünə səbirsizliklə və həyəcanla gözlədiyimiz bir xəbərdir: 

"Bu şad xəbəri çoxdan gözləyirdik. 44 günlük Vətən müharibəsindən, xüsusən də 19-20 sentyabrda keçirilən antiterror əməliyyatından sonra Qazaxın işğal altında olan kəndlərinin də azad ediləcəyinə əmin idik. Ordumuzun gücünə, müzəffər Ali Baş Komandanımızın diplomatiyasına inanırdıq.

Düşmən hər nə qədər prosesi yubatsa, şərti sərhədlərdə gərginlik yaratsa da, nəticədə məsələnin xeyrimizə həll olunacağından şübhəmiz yox idi. Ali Baş Komandanımız özünün də dediyi kimi nəyi, nə zaman edəcəyini hər kəsdən yaxşı bilir.

Belə də oldu. Müdrik və düzgün  siyasət yeridən cənab prezident yaranmış beynəlxalq siyasi vəziyyətdən məharətlə istifadə edərək işğal altında qalan bütün torpaqlarımızı azad etdi. Əldə olunmuş bu razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və inşallah yaxın günlərdə davamı da olacaq. Delitimasiyanın məhz bu istiqamətdən başlaması da məhz  Azərbaycanın təkidi ilə oldu".

Ə.Hacıyevin sözlərinə görə, 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir: 

"44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdəsidir. Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı".

Ə. Hacıyev deyib ki bundan sonra bütün diqqət 4 eksklav kəndlərinə yönəltmək lazımdır. Onlardan biri də dünyaya gəldiyi Yuxarı Əskipara kəndidir:

 " Bizim kəndimiz tarixi abidələrlə zəngin olan böyük bir ərazini əhatə edir. Atamın qəbri kəndimizdədir. Mən ona söz vermişdim ki, bir gün mütləq qayıdacam. Ümid edirəm ki, biz o gözəl dağlara yenidən qayıdıb, mənzərəli bulaqlardan  su içəcəyik. Əskiparadan danışanda həmişə duyğulanıram, özümdən asılı olmadan kövrəlirəm: 

Mən də keşiyində oğul tək durdum,
Sinəmlə qorudum topumla vurdum,
Bədəsil düşmənə yurd olan yurdum,
Yəqin qoymuşdular səni  qumara
Baxmışlar falına,  ay Əskipara!
Havası xoş, bulaqları bal dadar,
Şairi vəsfinə edibdir vadar,
İnləmə səsinə yoxdur havadar,
Biz yiyə çıxmadıq, qaldın yadlara 
Yazıq əhvalına, ay Əskipara.

Çalışacam bundan sonra kövrəlməyim, Əskiparaya qayıdacağım günün xoş xəyalını qurum.
Onu da əlavə edim ki, Yuxarı Əskipara ilə yanaşı  Qazaxın Sofulu və Barxudarlı kəndləri, Naxçıvanın Kərki kəndi hələ də düşmənin nəzarətindədir. İnşallah, bu kəndlərimiz də qaytarılar və delimitasiya-demarkasiya prosesi qansız bir şəkildə həyata keçirilər. 
Məsələnin sülh yolu ilə həll olunması Ermənistanın da xeyrinədir. Şübhəsiz ki, müharibə olsa, onların itkiləri daha çox olacaq. Bizim qüdrətli ordumuz, güclü iqtisadiyyatımız var. Qanımız, canımız bahasına torpaqlarımızı qorumağa hazır millətimiz var".