COP29-a qədər çərçivə sülh protokolu imzalana bilər - SİYASİ ŞƏRHÇİ

"Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılması, delitimasiya prosesinə start verilməsi üçün müsbət hadisədir"

"Ermənistan rəhbərliyi artıq erməni xəstəliyindən qurtulub və indi bu müsbət tendensiyanın bütövlükdə ermənilərə ötürülməsi üçün addımlar atır"


Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə əldə olunan  razılığa əsasən Qazaxın işğalda olan 4 kəndi  gələn aydan Azərbaycana təhvil veriləcək.
 Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə atılmadan, qan tökülmədən qaytarılması şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti qələbəsi kimi dəyərləndirilir. Ermənistanın qeyri-anklav dörd kəndi 34 il sonra heç bir qarşıdurmasız və qurbansız Azərbaycana qaytarmağa razılaşması Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində nə qədər ardıcıl və prinsipial mövqe tutmasının növbəti təzahürüdür. Siyasi şərhçkilər isə hesab edir ki, delimitasiya komissiyasının bu razılaşması Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində atılan ilk addımdır. Bu addımın məhz Qazaxdan başlaması isə heç də təsadüfi deyil. Delitimasiya prosesinə sərhədin məhz bu nöqtəsindən start verilməsi Azərbaycanın təkidi ilə mümkün olub.

Siyasi şərhçi Asəf Quliyev “Sherg.az”a açıqlamasında deyib ki,  Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılması, delitimasiya prosesinə start verilməsi üçün müsbət hadisədir:  

“Bu prosesi sərhədlərin müəyyənləşdirilməsi üçün ilk addım kimi də qiymətləndirə bilərik.  Əsas iki mühüm məqam var.  Birincisi - Ermənistan rəhbərliyi artıq erməni xəstəliyindən qurtulub və indi bu müsbət tendensiyanın bütövlükdə ermənilərə ötürülməsi üçün addımlar atır.  İkincisi – kəndlərin təhvil verilməsi ilə hər iki tərəfdən sərhədçilər ərazidə yeni dislokasiya yerinə yerləşdiriləcək. Ermənistan tərəfdən isə bu günə qədər Ermənistan sərhədlərini qoruyan Rusiya Sərhəd Qoşunları yox, məhz Ermənistan Sərhəd  Qoşunları ərazini nəzarətə götürəcək. Bu çox müsbət addımdır. 
Atılan bu addım sülh prosesini yaxınlaşdıracaq. Amma hələlik böyük sülh sazişindən danışmaq tezdir. Ola bilər ki, COP29-a qədər ilkin hansısa bir sənəd imzalansın. Bu çərçivə sülh protokolu və ya niyyət protokolu da adlandırıla bilər.  özlüyündə bunu sülh üçün də ilk addım kimi də qiymətləndirə bilərik”.