Sosial şəbəkələr insanları mənəvi terrora məruz qoyur

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Bu üsulla cəmiyyətin dəyərləri, dili, dini, görkəmli şəxsiyyətləri gözdən salınır

“Əl-ələ verib çalışsaq, bir-birimizə dəstək olsaq, sosial şəbəkələrdəki belə neqativ halların qarşısını rahatlıqla ala bilərik”

  Hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hüquqi dövlətdə, vətəndaş cəmiyyətində fərdi azadlıqlara nə qədər böyük önəm verilirsə, şəxsi toxunulmazlığa, fərdi məlumatların qorunmasına bir o qədər dəyər verilir. Hüququn hakim olduğu cəmiyyət və dövrlərdə fərdin hüquqlarının qorunması hər şeydən öncə gəlir. Azərbaycanda da istər əsas qanunda, istərsə də sahəvi qanunlarda şəxsi toxunulmazlıq hüququnun tələblərinə ciddi əməl edilir. Konstitusiyamıza əsasən, şəxsi toxunulmazlıq hüququ tanınır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq, həmçinin hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.
Lakin son illər internet resurslarında, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin təhqir edilməsi, onların şəxsi həyatına müdaxilə edilməsi ilə üzləşir, qarşılaşırıq. Şəbəkənin inkişafı informasiya bolluğuna və əlçatımlılığına, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır.
  Hazırda onlayn sosial şəbəkələr internet mühitində fəaliyyət göstərən ən təsirli media quruluşlarından biri halına gəlib. Dünya sürətlə dəyişir və bu dəyişiklik prizmasından baxanda informasiyanın sürətlə alınıb ötürülməsi saytların, sosial şəbəkələrin üzərinə düşür. Xəbər saytları, agentliklərin fəaliyyəti konkret "Media haqqında" qanunda tənzimlənir. Sosial şəbəkələrlə bağlı isə bunu deyə bilmirik. Cəmiyyətimiz rəngarəng insanlarla, toplumlarla zəngindir və insanların sosial şəbəkələrdə olması, burada məlumatları alması, ötürməsi, hansısa bir fikirləri paylaşması bu gün müasir dövrümüzün reallıqlarıdır.
  İnformasiya texnologiyaları inkişaf etdikcə sosial şəbəkələrdə, eləcə də onlayn mediada insan hüquqlarının pozulması halları artır. Saxta hekayələrin ən çox yayıldığı məkan, şübhəsiz ki, sosial şəbəkələrdir. Sosial şəbəkələrdə təbliğat, dezinformasiya, dərin və bəsit feyk xəbərlər, həmçinin digər manipulyasiya vasitələri üstünlük təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu mövzuda sosial şəbəkə istifadəçilərinə çağırış edib: Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda birmənalı qəbul olunmur.
  Sosial şəbəkə fəalları insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək və ictimaiyyəti çaşdıracaq paylaşımlar etməməli, həmçinin davranışlarını təmsil olunduqları sosial şəbəkənin etik qaydalarına uyğun tənzimləməli, yalan, dezinformasiya xarakterli məlumatların yayılmasından çəkinməlidirlər.
Qeyd etməliyik ki, ümumiyyətlə, son dövrlər peşəkar media subyektləri və jurnalistlər sosial mediada yayılan bu qəbildən olan məlumatlara jurnalistika prinsipləri baxımından yanaşaraq peşəkar davranış nümayiş etdirməkdədirlər.
Qeyri-dəqiq, mənbəyi bilinməyən və ictimai fikri çaşdırmağa yönəlmiş dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyirik”.
  Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli isə “Sherg.az"a açıqlamasında deyib ki, sosial şəbəkələrin elə ən təhlükəli tərəflərindən biri burada insanların mənəvi terrora məruz qalmasıdır. Haqlarında yalan məlumatların, demədiyi sözlərin adlarından paylaşılmasıdır. Hansısa şəbəkədə, tanınmış nüfuzlu adamların adından ortaya saxta bir açıqlama buraxılır və insanlar bu məlumatın doğru olub-olmadığını bilmədən o şəxsi şərhlərdə təhqir etməyə, söyməyə başlayır.

Bu üsulla cəmiyyətin dəyərləri, dili, dini, görkəmli şəxsiyyətləri gözdən salınır, insanların beyninə şüuraltı şəkildə "hər kəs saxtakardır, hər şey yalandır, heç bir dəyər yoxdur" fikirləri təlqin edilir.
Və bu informasiya terrorunun ən pis tərəfi odur ki, insan özünü müdafiə etməyə çalışanda da heç kim ona inanmır, "fake news"un "feyk" olduğunu heç kimə sübut edə bilmirsən. Dünyada aparılan araşdırmalar onu göstərir ki, ilk yayılan saxta xəbərə inananların sayı 80 faizdir, cəmi 20 faiz insan sonradan nəyisə araşdırır və ya həqiqəti axtarır. İnsanların adından demədiyi sözü yazaraq, paylaşmaq elə bir təhlükəli üsuldur ki, bundan heç kim siğortalanmayıb və hər birimizin başına gələ bilər. Burada mütləq onu demək lazımdır ki, bu tipli məlumatları hazırlayan və yayan insanlar özləri üçün cəzasızlıq mühitinin olmasından əmindirlər. Yəni həmin saxta məlumata görə cəzasız qalacaqlarını bilirlər. Buna görə də həmin şəxslərə jurnalistikanın etik davranışlarından və hüquqdan danışmaq yersizdir. Çünki onlar bunu şüurlu şəkildə edirlər və insanların zəif nöqtəsini bildikləri üçün belə dezinformasiyalar paylaşaraq sevmədikləri şəxsləri terrora məruz qoyub, "öldürürlər"”.
  H.Heydərlinin sözlərinə görə, "Fake news" və dezinformasiyalar qlobal dünyanın da problemi olduğu üçün çıxış yolu kimi bir çox ölkə "xəbər doğrulama" sistemləri yaradıb. Türkiyədə "teyit.org" saytı, ABŞ-də isə "snopes.com" bu işlərlə məşğuldur. İstənilən istifadəçi sosial şəbəkədə görüb, şübhələndiyi məlumatı o saytlara göndərir və saxta olub-olmamağının araşdırılmasını istəyir. Həmin saytlarda çalışan peşəkarlar isə məlumatı araşdırır, əgər xəbər saxtadırsa, bunu birbaşa "facebook" administrasiyasına bildirir və həmin səhifələrə xəbərdarlıq gəlir, yanlışlıq aradan qalxana qədər də həmin xəbərdarlıq səhifənin admin panelində qalır. Əgər "fake news" silinmirsə, səhifə daha az insana göstərilir, növbəti dəfələrdə isə tamamilə silinir. Səhifənin silinmə təhlükəsini görən admin də növbəti dəfə "fake news"dan qaçır və özünü yığışdırmağa başlayır.
  Daha bir çıxış yolu isə cəmiyyəti maarifləndirmədən və ictimai qınaqdan keçir. Mətbuatımız çalışmalıdır ki, cəmiyyətimizin o insanların təsirinə düşməsinin qarşısını alsın, həmin səhifə və kanalları açıq şəkildə ifşa etsin, ictimai qınağa məruz qoysun, yalnız bu halda sosial mediada dezinformasiyaların qarşısını ala bilərik. Əminliklə deyə bilərəm ki, əl-ələ verib çalışsaq, bir-birimizə dəstək olsaq, sosial şəbəkələrdəki belə neqativ halların qarşısını rahatlıqla ala bilərik. Bundan isə qazanan cəmiyyətimiz və mediamız olacaq. Cəmiyyət saxta xəbərlərdən, yalan başlıqlardan, dezinformasiyadan, mətbuatımız isə qeyri-peşəkarlardan”.