Çiyələkləri xarab olmaqdan necə qorumalı?  - AÇIQLAMA

Bunu hər kəs bilmir

  Çiyələk mövsümü deyil, amma aprel ayı başlanandan satışa çıxarılır. Qida mütəxəssisləri də, həkimlər də meyvə-tərəvəzin mövsümdən kənar yeyilməsini tövsiyə etmir, lakin onları dinləyən çox azdır. Çiyələk vitaminlərlə zəngin, dadlı, ətrinə, görünüşünə görə də cəlbedici meyvədir. Amma ciyələk həm də tez xarab olan meyvədir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən ciyələyin qısa zamanda çürüməsinin qarşısını alacaq üsulu oxuculara təqdim edir. Mütəxəssislərin tövsiyəsinə əməl edilərsə, baha qiymətə alınan çiyələkləri soyuducuda tez xarab olmaqdan qorumaq mümkündür. Bunun üçün müxtəlif üsullar var. Vacib şərtlərdən biri çiyələkləri soyuducuda saxlamaqdır. Lakin soyuducuda da çiyələklər tez xarab ola bilir. Bunun qarşısını almaq üçün birincisi, çiyələklər yuyulmadan saxlama qabına yığılıb üzəri kağız dəsmalla (salfetka) örtülməli və qab da qapaqla bağlanmalıdır. Həmçinin çiyələklər bir-birinin üstünə yığılmamalıdır. Bir-biri ilə sıx təmas olduqda meyvələr əzilir və daha tez xarab olur. Digər üsul, çiyələkləri yuyarkən sirkəli sudan istifadə etməkdir. Sirkəli su çiyələklərin üzərindəki bakteriyaları zərərsizləşdirəcək, bununla da çürümənin qarşısı alınacaq. Ölçü vahidi belədir; 3 stəkan suya 1 xörək qaşığı sirkə əlavə edilməlidir. Çiyələklər bu qarışığın içində bir qədər saxlanmalıdır. Çiyələklər qumlu olur. Suda saxlamaqla üzərlərindəki qum dənələri də, bakteriyalar da suya çökəcək. Sonra durulayıb istifadə edə bilərsiniz. Təmiz yuyulmuş çiyələkləri dilimlərə bölərək də soyuducuda, hətta soyuducunun dondurucu hissəsində saxlamaq olar. Soyuducuda saxlanan çiyələklərə tez-tez baxmaq, çürüyənlər varsa, dərhal atmaq lazımdır.