Qocalmanı yavaşlatmaq olar

Türkiyəli professor deyir ki, sirr əzələdədir

  İnsanlarda yaşlanma prosesi fərqli ola bilər. Bu, hər bir insanın orqanizminin gücündən, immunitetindən və ən əsası, əzələlərdən asılıdır. Türkiyəli professor Osman Müftüoğlu qocalma prosesini yavaşladacaq sirləri açıqlayıb. “Sherg.az”a “Milliyet.com.tr”yə istinadən bildirir ki, professor əzələ itkisinə diqqət çəkib. Əzələ itkisi orqanizmin yaşlanma prosesini sürətləndirir. O.Müftüoğlu bunun qarşısını alaraq sağlam yaşlanmanın yollarını göstərib. Professor qeyd edib ki, qocalma mərhələsi insanda fiziki problemlərə yol açdığı kimi, psixoloji problemlər də yaradır. Qocalmağa başladığını hiss edən, bunun gündəlik həyatına mənfi təsirlərini görən insan ruh düşkünlüyünə qapılır. Halbuki qocalma prosesini yavaşlatmaq, sağlam yaşlanmaq mümkündür. Bunun üçün əzələ itkisinin qarşısı alınmalıdır. Çünki əzələ itkisi sümükləri, oynaqları zəiflədir, sümük əriməsi, oynaq ağrıları başlayır ki, bunlar da qocalmanın mühüm əlamətləridir. Amma əzələlər möhkəm olarsa, sümük əriməsi də baş verməz. Bəzən səhv olaraq sümüklərin qorunmasına çalışılır, amma problem sümüklərdə deyil, əzələlərdədir. Sümükləri sağlam saxlayan əzələlərdir. Əzələlər möhkəm olsun və sümük əriməsi baş verməsin deyə, orqanizmin proteinə, D vitamininə və Omega 3-ə ehtiyacı var. Bununla yanaşı idman hərəkətləri, aktiv həyat tərzi, hərəkətlilik əzələlərin möhkəmliyini qoruyacaq vacib vasitələrdir. Qidalanma ilə yanaşı, fiziki aktivlik də çox önəmlidir. Əzələlər gərək aktiv olsun ki, itki baş verməsin. Fiziki hərəkətlilik əzələ itkisinin qarşısını alır, əzələləri möhkəmləndirir. “Burada “ya istifadə et, ya da tərk et”, prinsipi önəmlidir. Əzələləri hərəkət etdirsək, onları itirməyəcəyik, passiv olsaq, itirəcəyik”, söyləyən professor qeyd edib ki, qocalma prosesini yavaşlatmaq üçün orqanizmin nəyə ehtiyac duyduğunu bilmək lazımdır. “Yeməyi azaldacağıq, addımlarımızı artıracağıq”, söyləyən professor əlavə edib ki, hər bir insan aktiv həyat tərzi keçirməyə üstünlük verməlidir. O cümlədən də yaşlı insanlar. Amma bədəni çox yormamaq şərtilə. Hər şey qaydasında, ölçü daxilində olmalıdır. D vitamini üçün günəşli havalarda çox gəzmək, tərkibində bol miqdarda protein olan qidalar qəbul etməli, yağlı balıq, kətan toxumu, ceviz və yaşıl yarpaqlı tərəvəzlərə üstünlük verilməlidir. Protein daha çox taxıl əsaslı məhsullarda, quru meyvələr, paxlalılar, yumurta, ət və quş ətində, süd məhsullarındadır. Bütün bunlarla yanaşı mütləq əzələləri hərəkət etdirmək lazımdır.