Əskiparada Azərbaycan bayrağı dalğalanır

O üç rəngli bayrağın altı bizimdir

Ermənistanla Azərbaycan arasında ilk sərhəd dirəyi basdırılıb


Sərhədlərin delimitasiyası ilə bağlı prosesin başlaması sevindirici haldır

  Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başlayıb. Uzun illərdən sonra Azərbaycan bayrağı Qazax rayonunun Əskipara kəndi üzərində ucaldılıb. Ermənistanla Azərbaycan arasında ilk sərhəd dirəyi basdırılıb.
Qazaxın 4 kəndinin qaytarılmasından sonra bu, sülh üçün atılan növbəti addımdır. Ermənistan digər məsələrlə bağlı da bu cür konstruktiv mövqe sərgiləsə, Azərbaycanın tələblərini yerinə yetirərsə, yaxın aylarda iki dövlət arasında sülh müqaviləsi bağlana və Qafqazda sülh hökm sürər.
Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.
  Bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında qeyd edilib: "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb”.
  Mövzunu şərh edən politoloq İlyas Hüseynov “Sherg.az"a açıqlamasında sərhədlərin delimitasiyası ilə bağlı prosesin başlamasının sevindirici hal olduğunu deyib. Ermənistanla sərhəd olan və 30 ildir işğal altında saxlanılan Qazaxın 4 kəndinin bir güllə belə atılmadan, qan tökülmədən Azərbaycanın nəzarətinə verilməsi delimitasiya və demarkasiya istiqamətində atılan ilk addımdır.

Qazaxın 3, Naxçıvanın isə Kərki kəndinin də yaxın gələcəkdə Azərbaycana təhvil verilməsi istisna deyil.
  Politoloqun sözlərinə görə, delimitasiya prosesində Almatı Bəyannaməsinin əsas götürülməsi barədə artıq tərəflər razılaşıb: "Bu, SSRİ dağılandan sonra inzibati sərhədlərin dövlət sərhədlərinə keçirilməsini təsdiqləyən bir sənəddir. Hər nə qədər Azərbaycan ictimai rəyində, ekspert cameəsində daha köhnə sənədlərə istinad edilməsi ilə bağlı təkliflər səsləndirilsə də, dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə məhz Almatı Bəyannaməsinə üstünlük verilib. Hesab edirəm ki, əsas məsələ sülh və təhlükəsizliyin qorunması, şərti sərhəd adlandırdığımız ərazilərin Azərbaycan və Ermənistanın dövlət sərhədi olaraq formalaşmasıdır. Şübhəsiz ki, anklav kəndlərin bizə qaytarılması qarşıdakı dövrdə gündəlikdə olan məsələlərdən biridir. Bu gün isə bizim üçün vacib olan məhz 15 may tarixinə kimi 4 kəndin birmənalı olaraq Azərbaycan ordusunun nəzarətinə verilməsidir”.