İran tərəfi açıqlamalarında heç vaxt səmimi olmayıb

Reallıqda Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə Tehranın münasibəti birmənalı olmayıb

  İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunan razılaşmaları təqdir edir. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.
Onun sözlərinə görə, iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı şəkildə hörmətlə yanaşmaq çərçivəsində dinc metodlarla sərhəd məsələlərinin həll olunması üçün səylərin davam etdirilməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması istiqamətində zəruridir.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırılıb.
  Politoloq Samir Hümbətov “Sherg.az"a açıqlamasında deyib ki, diplomatik protokola uyğun olaraq dövlətlər bir-birinə münasibətdə bu cür rəsmi açıqlamalar verir: 

“Lakin reallıqda isə Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində Azərbaycanın irəli sürdüyü şərtlərə İran tərəfinin münasibəti birmənalı olmayıb, bəzən sərt reaksiyalar veriblər. Xüsusən də Zəngəzur dəhlizinin açılması məsələsində İran Zəngəzurun irəli sürdüyü şərtləri qəbul etməməklə yanaşı bununla bağlı hədələyici açıqlamalar da verib. Bu baxımdan Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşması, ikitərəfli münasibətlərin normallaşması ilə bağlı dediklərində İranın səmimi olduğunu zənn etmirəm. İranın bu günə qədərki açıqlamaları, keçmiş Qarabağ münaqişəsinə yanaşması, 44 günlük Vətən müharibəsindəki davranışları belə düşünməyimizə əsas verir”.