Uşaqları və gəncləri zərərli vərdişlərdən qorumalıyıq

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu asılılıq milyonlarla insanın normal fiziki gücünü əlindən alır, psixoloji durumunu ağırlaşdırır

  11-15 yaşlı yeniyetmələr arasında alkoqol və elektron siqaret istifadəçilərinin sayı narahatlıq doğuran həddə artıb. Dövlətlər bunun qarşısını almaq üçün konkret addımlar atmalıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin rəhbəri Hans Kluqe bildirib. Kluqe qeyd edib ki, yeniyetmələr arasında zərərli maddələrdən istifadə istər Avropa, istərsə də ondan kənarda ictimai səhiyyəyə ciddi təhdid yaradır. 15 yaşlı gənclərin 57 faizi artıq alkoqol qəbul edir, elektron siqaret adiləşir. ÜST rəsmisi vəziyyətdən çıxış yolu kimi qiymətlərin artırılmasını, satış yerlərinin məhdudlaşdırılmasını və aromatizatorların qadağan edilməsini təklif edib. Zərərli vərdişlər uşaq və gənclərdə qısa müddətdə asılılıq səviyyəsinə çatır və sonrakı illərdə daha böyük problemlər yaradır. Milli əxlaqi dəyərlərə, adət və ənənəyə zidd olan, zehni və fiziki sağlamlığa zərbə vuran bu cür zərərli vərdişlər son dərəcə təhlükəli təzahürlərdir. Zərərli vərdişlər hər il dünyada milyonlarla insanın normal fiziki gücünü əlindən alır, psixoloji durumunu ağırlaşdırır.
  Dünyada ürək-damar və beyin xəstəliklərinin, xərçəngin bir neçə növünün, qaraciyər serrozunun, hepatitin müxtəlif növlərinin, ağciyər, mədə-bağırsaq, tənəffüs sistemi və başqa xəstəliklərin ildən-ilə artmasının və bu xəstəliklər nəticəsində ölüm hallarının çoxalmasının əsas səbəblərindən biri də insanların, o cümlədən, gənclərin zərərli vərdişlərə qurşanmasıdır. Uşaq və gənclərin hərtərəfli inkişafına daha ciddi əngəl törədən zərərli vərdişlər - tütündən istifadə, spirtli içkilərə hədsiz aludəlik, narkotik vasitələr və psixotrop maddələrdən asılılıqdır.
  Siqareti adətən sağlamlığın birinci düşməni adlandırırlar. Onun tərkibində yüzlərlə kimyəvi maddə olduğu barədə mülahizələr var. Bunlardan 10-u insan sağlamlığı üçün ən təhlükəli və zərərli maddələrdir. Məhz elə buna görə də hər il dünyada nəfsinə sahib çıxmayan milyonlarla insan siqaretin və onun törətdiyi neçə-neçə xəstəliyin qurbanı olur. Siqaret həm də digər zərərli vərdişlərin meydana gəlməsində asanlıqla vasitəçi rolunu oynaya bilir. Siqaret çəkmək insan orqanizminə ciddi ziyan vurur. Xüsusi olaraq ağciyər xəstəliklərinə, o cümlədən, xərçəngə, vərəmə tutulma ehtimalı artır.
  Alkoqolizm isə tütünçəkmədən daha ağır nəticələri olan vərdişdir. Alkoqol gənc orqanizmə daha tez təsir göstərir. Böyümə dövründə olan orqanizm zərərli maddələrin təsirinə tez mübtəla olur. Uşaq və gənclərdə alkoqolizm, yaşlılara nisbətən daha ağır, çətin müalicə olunan xəstəlik kimi 4 dəfəyə qədər tez formalaşır. Belə uşaqlarda şəxsiyyət pozğunluğu da daha tez baş verir.
  Qeyd edək ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsinə dair bir sıra qanunvericilik aktları qəbul edilib və bu qanunvericilik aktlarında uşaqların zərərli vərdişlərdən və informasiyalardan qorunmasına dair bir sıra müddəalar nəzərdə tutulub. Həmin müddəalardan biri də etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatının ticarəti qaydasını tənzimləyir. Bəzən təcrübədə etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılması hallarına rast gəlirik. Bu isə qanunvericiliyimizə görə qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara (18 yaşınadək olan şəxslər) satılmasına görə inzibati məsuliyyət müəyyən olunub və bu əməlləri törətmiş şəxslərə yüz manat məbləğində inzibati cərimə tətbiq edilir.
  Qanunvericiliyə əsasən, yuxarıda qeyd edilən məmulatların satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir.
  Qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədilə hətta reklamda belə energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi və uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan olunur. Habelə, uşaq verilişlərində alkoqollu və energetik içkilərin qaçan sətirlə reklamı verilə bilməz. Qanunvericilikdə o da qeyd edilib ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Belə ki, tərbiyə və təlim vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi yetkinlik yaşına çatmayanların spirtli içki qəbul etməsinə səbəb olduqda bu valideynlər və ya onları əvəz edən şəxslər altmış manatdan yüz manatadək məbləğdə inzibati cərimə edilirlər.
  Professor Adil Qeybullanın “Sherg.az"a açıqlamasına görə, spirtli içki qəbul edən yeniyetmələrdə davranış pozuntusu, əsəbilik, baş ağrıları, diqqət dağınıqlığı yaranır:

“Uşaqların spirtli içki içməsi, siqaret çəkməsi qəbuledilməzdir. Buna valideynlərin həmin məhsullara meyilli olması da yol açır. Ona görə də həmişə tövsiyə edirik ki, övladlarının yanında spirtli içki içməsinlər, siqaret çəkməsinlər, bacarırlarsa, tamamilə tərgitsinlər. Sağlam qidalanma sağlam orqanizm deməkdir. Bu, hüceyrələrə, genetikaya, DNT quruluşuna təsir edir. Siqaretin tərkibində 4 mindən çox kimyəvi maddə var və karbon monooksid, paladium, amonyak və s. ayrı-ayrılıqda orqanizmə zərərdir. Təsəvvür edin ki, həmin zərərli maddələr hamısı eyni anda yanır və həmin tüstü ilə insan nəfəs alır. Bunun necə ziyanlı olduğunu ifadə etməyin özü çətindir. Siqaret ağız boşluğuna daxil olur, qətran maddəsi diş və diş ətinə yapışır, mina qatını zədələyir, ağızda pis qoxu və mikrobların yaranmasına səbəb olur. Siqaret tüstüsü ilə nəfəs alanda isə burundakı sinirlər zədələnir, qoxubilmə zəifləməyə başlayır. Tüstü ağciyərlərə daxil olanda bronxit, emfizema, xroniki obstruktiv ağciyər xəstəlikləri kimi problemlər yaradır və həmin hava alviollara daxil olur. Alviollar ağciyərlərlə qan arasında qaz mübadiləsində iştirak edən hissəciklərdir. Alviollardan qana oksigen getmək əvəzinə karbon monooksid daxil olur və nəticədə qan zəhərlənir. Nəzərə alsaq ki, uşaqların beyin və daxili orqanları inkişaf dövründən keçir, oksigen çatışmazlığı, nəfəs darlığı kimi problemlər yaradır. İstər aktiv, istərsə də passiv siqaret çəkməyə məruz qalan uşaqların xəstəxanada şikayətləri daha çox ağciyərlər və onlarda yaranan infeksiya ilə əlaqədar olur. Tütün infeksion və qeyri-infeksion xəstəliklərin yaranmasında iştirak edir, şəkərli diabet, ürək-damar və digər xəstəliklərin yaranmasına gətirib çıxarır”.