Şimal-Cənub Maliyyə mexanizmi yaradıla bilər  - AÇIQLAMA

Vüqar Bayramov: "Fərqli şirkətlərdən razılıq əsasında  digər istiqamətlərə investisiya qoyulacaq"

  Azərbaycan COP29-da yeni Şimal-Cənub maliyyə mexanizmi yaratmağı təklif edəcək. Bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov İslam İnkişaf Bankı (İİB) qrupunun illik müşavirələri çərçivəsində "COP29-a doğru - prioritetlər və gündəm" mövzusunda təqdimatda deyib. Onun sözlərinə görə, Şimal-Cənub Maliyyə mexanizmi milli və beynəlxalq neft (enerji) şirkətləri arasında körpü rolunu oynaya bilər. H.Hüseynov qeyd edib ki, üzvlük imkanları bütün tərəflər, hətta əvvəlcədən təşəbbüsə qoşulmağa qərar verməyənlər üçün də açıq olaraq qalacaq.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək.
  Millət vəkili Vüqar Bayramov isə “Sherg.az"a açıqlamasında deyib ki,  Şimal-Cənub Maliyyə mexanizminin yaradılmasında məqsəd maliyyə alətlərindən daha dəqiq istifadə etməkdir:
“Şimal-Cənub Maliyyə mexanizmində üzv tərəflərin  ixrac etdikləri qazıntı yanacağına görə Fonda köçürmələr edəcəyi nəzərdə tutulur.  Vəsaiti ödəyən şirkətlər isə ödədikləri məbləğin müqabilində  səhmdarlara çevriləcəklər. Tərəflər qazıntı yanacağının həcmindən və müvafiq olaraq Fonda köçürülməli məbləğdən asılı olaraq yığımın ölçüsünü sərbəst şəkildə müəyyənləşdirəcək.
Fərqli şirkətlərdən cəlb edilən vəsaitlərlə razılıq əsasında  digər istiqamətlərə investisiya qoyulacaq. Bu zaman da  da yaşıl enerji, ətraf mühitin qorunması kimi layihələrin prioritet olacağı gözlənilir. Şimal-Cənub Maliyyə mexanizmini fərqləndirən əsas amillərdən biri maliyyə stabilliyi, yəni davamlı kapital axınının olmasıdır. Eyni zamanda Fonda yığılan vəsaitin bir hissəsi konsessiya layihələrinin maliyyələşdirilməsi məqsədləri üçün gəlirsiz kapital hesab olunacaq, yəni güzəştli investisiya qoyma. Digər hissə kommersiya cəhətdən sərfəli investisiyalara yönəldiləcək və səhmdarlar üçün gəlir mənbəyi olacaq.
  Şimal-Cənub-Maliyyə mexanizminin əsas üstünlüyü  vəsaitlərin cəlb edilməsinin koordinasiya olunması, şirkətlərarası maliyyə körpüsünün formalaşdırılması, o cümlədən də cəlb edilən  vəsaitlərin konsensus əsasında prioritet layihələrə yönləndiriləməsindən ibarətdir. Bu da öz növbəsində  həmin layihələrin daha yaxından dəstəklənməsi ilə nəticələnəcək”.