Autizm diaqnozu necə müəyyənləşir? 

Diaqnoz pediatr, nevroloq və psixiatrın birgə rəyi ilə qoyulmalıdır

  “Autizm və ya autizm spektr pozuntusu (ASP) uşağın ünsiyyətinə və davranışına təsir edən nevroloji inkişaf pozğunluqları kompleksidir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur”. Bu barədə Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova deyib. 
  Psixoloqun sözlərinə görə, autizm spektr pozuntuları zamanı həssas və məsuliyyətli yanaşma olduqca vacibdir: “Yuxarıda qeyd edilən pozuntunun müxtəlif növləri var. Bunlara autizm, Asperger sindromu, Rett sindromunu aid edə bilərik. Sadalanan bu halların arasında dərəcələrinə görə incə fərqlər olsa da, müalicə üsulları, müvafiq tədris planları bütün hallar üçün olduqca oxşar bir məzmundadır. Müayinə olunan şəxsdə üç əsas sahəyə aid müvafiq əlamətlər müşahidə edildiyi təqdirdə autizmlə bağlı diaqnoz müəyyən edilir. Biz bura başqaları ilə qarşılıqlı münasibətlərin qurulması, ünsiyyət və davranışı aid edə bilərik. Uşaqlar oxşar davranışlar göstərən zaman autizmə (yaxud yuxarıda qeyd olunan digər pozuntulara) aid səciyyəvi dəyərləndirmədən kənar hərəkətlərə yol verirlərsə, onlara inkişaf əngəlləyici dərin pozuntu diaqnozu qoyula bilər”.
  Autizmin əlamətlərinə gəldikdə isə  L.Nəzərova deyib ki, uşaqlarda ASP üç yaşınadək müəyyən edilir: “Bunlara nitqin inkişafının ləngiməsi və sözləri başa düşməkdə çətinlik, müəyyən hərəkətləri ardıcıl olaraq dəfələrlə təkrarlama, məişət jestlərini anlamamanı daxil edə bilərik. Həmçinin bu pozğunluğu olan uşaqlar nadir hallarda göz kontaktı qurur, onlarda gülümsəmə çox gec inkişaf edir, uyğun üz ifadələrinin ötürülməsində çətinlik çəkir və yaxud etmir, uşaqlarla oynamır, digər uşaqlara maraq göstərmirlər və s. Qeyd etdiyimiz xüsusiyyətlərin bəziləri, yaxud da hamısı pozuntuların bütün formalarında (ən zəifindən kəskininədək) müşahidə oluna bilər. Bu uşaqların bəziləri danışmırlar. Digərləri danışmağa can atırlar, lakin dedikləri sözlər sadəcə təkrarlanmadan ibarət olur. Danışıq qabiliyyətləri nisbətən, daha çox inkişaf edən uşaqlar yalnız sadə və məhdud mövzulardan danışmağa meyilli olurlar. Onlar özlərinə mücərrəd görünən məsələlərdən danışmağa çətinlik çəkirlər”.
  Pediatr Vaqif Qarayev isə “Sherg.az"a açıqlamasında deyib ki, autizm bütün dünyanın bəlasıdır, amma biz diaqnostika baxımından fərqli yanaşırıq:

“Əvvəllər "spektr" sözünü işlətmirdi bu işlə məşğul olan həkimlər. İstənilən davranış pozğunluğuna autizm diaqnozu qoyurdular. Daha sonra dünya tibbi ilə ayaqlaşmağa çalışdıq və “autizm yox, autistik spektr" diaqnozu qoymağa başladıq.  Rəsmi diaqnoz adı isə “Autizm spektri pozuntusu”dur.
  Həkim valideynlərə tövsiyə edib ki, 2 yaşlı uşağın davranışında qeyri-adi nəsə hiss edən kimi  mütləq pediatra müraciət etsinlər: “Autizm spektri pozuntusunun simptomları həyatın ilk 3 ilində başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin inkişafına maneə törədən bir xəstəlikdir. Əgər pediatr uşaqda bir problem görsə, nevroloqa və psixoloqa yönləndirməlidir. Diaqnoz bu üç mütəxəssisin birgə konsultasiyası əsasında qoyulmalıdır mütləq. Bəzən psixiatr baxışı da vacib olur. Uşaqla məşğul olacaq psixoloqdan  isə mütləq lisenziya tələb edin, yoxsa pulunuz və vaxtınız boşuna gedəcək! Sonrakı reabilitasiya prosesinə loqoped də qoşula bilər. Əsas odur ki, uşaqla peşəkarlar məşğul olsun”.