Elektron arayışların verilməsində hər kəs diqqətli olmalıdır

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Vətəndaşların sağlamlıq parametrləri proqrama dəqiq yerləşdirilməlidir

Elektron arayışlar qayğıları azaldacaq
İlk baxışdan kiçik görünən, lakin ətraflı təhlil etdikdə mühüm sosial tıxac, maneə xarakteri daşıyan qayğıların tamamilə aradan qaldırılmasına münbit şərait yaranıb

  Qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının tətbiqi dövlət siyasətinin prioritetlərindəndir. Son illərdə bu sahədə mühüm nailiyyətlər əldə edilib. Xüsusən də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA ) “Kağızsız hökumət” layihəsi çərçivəsində iradəli və qərarlı addımlar atmaqda davam edir. Belə ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində “İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibbi arayışlar elektronlaşdırılıb, tibbi arayışların rəqəmsal mühitdə alınması təmin edilib. Vətəndaşların məlumatlarının altsistemlərə inteqrasiyası İRİA-nın Milli Məlumat Mübadiləsi Sistemi (digital.bridge) vasitəsilə təmin edilib.
Bu da dövlət orqanlarında kargüzarlığın İKT-dən istifadə olunmaqla rəqəmsal platformaya keçid üçün kifayət qədər mühüm addımdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında" Fərman imzalayıb.
  Marja xəbər verir ki, Fərmana, dövlət orqanlarında (qurumlarında) kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi məqsədilə qərara alınıb. Fərmanda deyilir ki, Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi (altsistem) yaradılsın.
  Rəqəmsal Sənəd Dövriyyəsi sistemindən asılı olmayaraq dövlət qurumları arasında maneəsiz əlaqəni asanlaşdıran yeni həll yoludur.
Dövlət orqanlarında RSD proqram təminatından istifadə olunsa da, həmin dövlət qurumları arasında sənədlərin mübadiləsi fiziki formada həyata keçirilir. Dövlət qurumlarında bir çox elektron sənəd dövriyyəsi sistemləri mövcuddur və onlar müxtəlif yerli İKT şirkətlərinə məxsus olduqları üçün inteqrasiya prosesində çətinliklərlə qarşılaşırdılar. Yeni həll tam kağızsız mübadilə və müxtəlif yerli İKT şirkətlərinin həllərinin inteqrasiyasını təmin etmək üçün ümumi şlüz və sənəd mübadiləsi standartlarını təqdim edir. Azərbaycanda “Kağızsız hökumət”ə keçidin təmin edilməsi istiqamətində artıq 1000-dən çox qurum altsistemə inteqrasiya olunub.
Bəs, tibbi arayışların rəqəmsallaşması necə olacaq?
  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, xüsusən də dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində yeni bir mərhələ başlandığını qeyd edib. O, səhiyyə sahəsində rəqəmsallaşdırılmanın, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin əhəmiyyətinə toxunub: “Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində ən çox müraciət olunan arayışlar - işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlardır. 2023-cü il ərzində 28 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibbi arayış təqdim olunub.
Uzun müddət TƏBİB-in Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində artıq elektron arayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub. Hazırda Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır”.
  V.Qurbanov qeyd edib ki, ölkəmizdə 1 may 2024-cü il tarixindən etibarən işə qəbul olunanlar, ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış, eləcə də sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında rəqəmsal tibbi arayışlar veriləcək. Arayışları TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrindən elektron formada əldə etmək mümkündür. Elektron arayışlar kağızdaşıyıcı ilə eyni hüquqi qüvvəyə malikdir.
  DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Vüsal Məsiyev “elektron hökumət” və “kağızsız hökumət”ə keçidlə bağlı görülən işlər barədə ətraflı məlumat verib, müxtəlif dövlət qurumlarında vətəndaşların informasiyalarının elektronlaşdırılmasının önəmini diqqətə çatdırıb: “Biz artıq 16-17 dövlət qurumu ilə bu istiqamətdə işlər aparmışıq, məlumatları inteqrasiya etmişik. Sağlamlıq barədə arayışlarının da elektronlaşdırılması kağızdaşıyıcılardan istifadəni azaldacaq. Bu, “yaşıl dünya” naminə də böyük töhfə verir”.
  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz isə “Sherg.az"a  açıqlamasında yeni təqdim olunan elektron tibbi arayışlar xidmətinin bu istiqamətdə yeni mərhələ olduğunu qeyd edib. Onun sözlərinə görə, sənədləşmədə kağız istehlakının minimuma endirilməsi ölkəmizin ekoloji rifahına da töhfə verir:

“Arayışlar hüquqi sənəd olaraq subyekt barədə müvafiq informasiyanı təsdiqləmə vasitəsi kimi ölkəmizdə demək olar ki, əksər fəaliyyət sahələrində tətbiq olunur. Bu səbəbdən kağız üzərində olan ənənəvi arayışların əldə olunması zamanı yaşanan qayğıların aradan qaldırılması arzulanan bir hal idi. “Elektron Hökumət" infrastrukturunun yaradılması ilə bu tip, ilk baxışdan kiçik görünən lakin ətraflı təhlil etdikdə mühüm sosial tıxac, maneə xarakteri daşıyan qayğıların tamamilə aradan qaldırılmasına münbit şərait yaradıb. Sağlamlıq haqqında tibbi arayışları elektron formada əldə etmək üçün vətəndaşlar yenə də əvvəlki qaydada tibb müəssisəsinə müraciət etməli, tələb olunan laborator analizlər verməli və həkim qəbullarından keçməlidirlər. Arayışın hazır formasını əldə etmək üçün isə vətəndaşlar öncə “E-TABİB” mobil tətbiqə daxil olaraq qeydiyyatdan keçməli və şəxsi kabinetə daxil olaraq QR kod vasitəsilə tibbi arayışı elektron qaydada əldə etməlidir”.
  Professor Adil Qeybulla da deyib ki, tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir. Professorun fikrincə, səhiyyə bir sistemə keçdikdən, bütün respublika üzrə vahid sistem kimi fəaliyyət göstərdikdən, ailə-həkim institutu formalaşdıqdan, xəstələrin bütün sənədləri həmin proqramda öz əksini tapdıqdan sonra, əlbəttə, arayış vermək asan olacaq: 

"Bir də ki, başqa dövlət orqanları bu cür arayışları da əldə edə biləcəklər. Amma bunun üçün xeyli iş görmək lazımdır. Hər bir kəsin xəstəlik tarixcəsi olmalıdır. Çünki sağlamlıq arayışları çox vacibdir. Həmin arayışı alan şəxsin ictimai iaşə müəssisəsində işləmək məsələsi ortaya çıxa bilər. Yəni tələbatlar çox vaxt belə yerlərdən olur”.
  A.Qeybulla bu arayışların verilməsində hər kəsi diqqətli olmağa səsləyib: "Dürüst olsunlar, vətəndaşın real durumunu əks etdirsinlər. Bu baxımdan da xeyli iş görülməlidir. Vətəndaşların sağlamlıq parametrləri dəqiq olaraq proqrama yerləşdirilməlidir”.