Əli Xamenei zəvvarları siyasi fəallığa səslədi -RƏY

İranın dini rəhbərinin çağırışı müsəlman ölkələri arasında gərginliyin yaranmasına səbəb ola bilər

“Məkkəyə gedərək siyasi çıxışlar etmək, qarışıqlıq salacaq şüarlar səsləndirmək doğru yanaşma deyil və ibadətin əsl məqsədini başqa istiqamətlərə yönəltməkdir”


  İranın dini rəhbəri Əli Xamenei bundan əvvəl baş verənləri nəzərə almadan, növbəti dəfə Həcc ziyarəti üçün Məkkəyə getməyi planlaşdıran 87550 iranlı zəvvardan Həcc mərasimləri zamanı siyasi fəallıq göstərmələrini tələb edib.
  O, mayın 6-da etdiyi çıxışında Qəzzada baş verənlərə toxunub, İsrailə qarşı ənənəvi ittihamlar səsləndirib və zəvvarları zalımlara, İsrailə və onu dəstəkləyənlərə qarşı mövqe nümayiş etdirməyə çağırıb. Qeyd edək ki,  İran hakimiyyətinin Həcc mərasimindən siyasi məqsədlər üçün istifadə etməsi dəfələrlə Ər-Riyadla Tehran arasında münasibətlərin gərginləşməsinə yol açıb. İranlı zəvvarlar 1987-ci ildə Məkkədə siyasi aksiya keçirib. Bu zaman polislə yaranan qarşıdurma nəticəsində 280 zəvvar həyatını itirib. Bundan nəticə çıxarmayan Əli Xamenei 2015-ci ildə bir daha zəvvarlardan siyasi-ideoloji məqsədlər üçün istifadə edib, Məkkədə qanlı qarşıdurma yaranmasına səbəb olub. Həmin il ziyarətçi adı ilə Məkkəyə göndərilən və siyasi-ideoloji təbliğatını aparmaq üçün təlimatlandırılan hakimiyyət məmurlarının iğtişaş törətmələri daha çox insanın həyatını itirməsi ilə nəticələnib. Belə ki, iranlı zəvvarlar Məkkədə geniş iğtişaşa əl atıb, siyasi aksiya keçirib və Həcc ziyarəti mərasimini pozublar. Bunun qarşısını almağa çalışan Səudiyyə Ərəbistanı polisinə müqavimət göstərdikləri üçün isə qanlı toqquşma olub. Güc tətbiq etməyə məcbur olan Səudiyyə Ərəbistanı polisi ilə yaranan qarşıdurma nəticəsində bu dəfə 460 iranlı həlak olub. Bundan sonra Səudiyyə Ərəbistan və İran arasında münasibətlər daha da gərginləşib, Əl-Riyad müqəddəs məkanlarda nəzarəti gücləndirib.  İranın Həcc və Ziyarət Təşkilatının verdiyi məlumata görə, bu il 87550 iranlı zəvvar Həcc ziyarətinə gedəcək. Müstəqil mənbələrin verdiyi məlumata görə, onların arasında minlərlə təbliğatçı var və Tehran hakimiyyəti builki Həcc ziyarətini anti-İsrail mərasiminə çevirməyi planlaşdırıb. Əli Xameneinin son çağırışı İran hüdudlarından kənarda yaşayan nüfuzlu din xadimləri və şiə müctəhidlərinin də narazılığına səbəb olub. Onlar İran hakimiyyətini özünün siyasi məqsədləri naminə islamın müqəddəs mərasimləri və məkanlarından sui-istifadə etməsinin islam qaydaları və təlimlərinə zidd olduğunu bildiriblər. Bir sıra yerli mənbələrin məlumatlarında isə bildirilib ki, Əli Xameneinin çağırışından sonra çox sayda iranlı zəvvar Məkkəyə getməkdən qorxaraq, Həcc və Ziyarət Təşkilatına səfərdən imtina ilə bağlı müraciətlər ediblər.
  
Mövzunu şərh edən ilahiyyatçı Əkrəm Həsənov isə “Sherg.az”a açıqlamasında  deyib ki, İranın dini liderinin belə çağırış etməsi həm dünyəvi cəhətdən, həm beynəlxalq hüquq çərçivəsində, həm də dini  baxımdan doğru addım deyil: 

“Xamenei belə etməklə müsəlman ölkələri arasında gərginliyin yaranmasına səbəb ola bilər. Bu, əslində, İranın indiyə qədər olan bütün müsəlman ölkələrində yaratdığı növbəti ajiotajdır. İran, nədənsə, heç bir müsəlman ölkələri ilə dialoqa və razılığa gələ bilmir. Bildiyimiz kimi, bu gün müsəlman ölkələrinin rəhbərləri qərb ölkələri ilə hər sahədə əlaqələri davam etdirirlər. Məsələn, həm birinci Qarabağ döyüşlərində, həm ikinci Qarabağ döyüşlərində İsrail hər zaman Azərbaycanla müttəfiq olub. Ərəb ölkələri, Səudiyyə Ərəbistanı hər zaman Azərbaycanın mövqeyini sərgiləyib. İran isə nədənsə, kifayət qədər Azərbaycana müttəfiqlik etməyib. Hətta müəyyən vaxtlarda İranın dini lideri Ermənistan prezidenti ilə görüşlər təşkil edib. İndi də İranın bu addımı müsəlman ölkələri arasında qarşıdurmaya səbəb ola bilər. Həcc ziyarətinin məqsədi Allahın əmrini yerinə yetirib ibadət etməkdir. Həcc ziyarətinə gedən insanlar orada sadəcə ibadətlərini edib gəlməlidirlər. Ora gedərək siyasi çıxışlar etmək, qarışıqlıq salacaq şüarlar səsləndirmək doğru yanaşma deyil və ibadətin əsl məqsədini başqa istiqamətlərə yönəltməkdir. İrana bağlı mollaların çoxusu təəssüf ki, müsəlmanlar yaşayan ölkələrdə ibadət adı altında siyasi çıxışlar edirlər. Bu, əlbəttə, doğru yanaşma deyil. O ki qaldı Məkkədə iranlı zəvvarların siyasi çağırışları olarsa, bunun qarşısı təhlükəsizlik orqanları tərəfindən alınacaqdır. Çünki Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gələnlərin təhlükəsizlik tədbirlərini öz üzərinə götürür.  Digər müsəlman ölkələrindən gələn zəvvarlar Həcc ziyarəti zamanı belə siyasi çağırışlara fikir verməməli, öz ibadətləri ilə məşğul olmalıdırlar. İranın bu hərəkəti qınanılmalıdır”.