Şərəfli tarix

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Heydər Əliyev Fondu 20 ildir ölkəmizin dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində yorulmaz fəaliyyət göstərir

  Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur. Fondun yaradılması Ümummilli Lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlib.
  2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu elm və təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Fond eyni zamanda uşaq və gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, onların hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil edir.
  Fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda sosial rifahın, mədəni inkişafın dəstəklənməsinə, humanizm, mərhəmət və birlik ideallarının reallaşmasına yönələn çoxsaylı təşəbbüslərin ön sırasında olub. Fondun fəaliyyətinin ən mühüm istiqamətləri elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, idmanın inkişafına, sosial müdafiənin gücləndirilməsinə, ekoloji mühitin yaxşılaşdırılmasına, informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair proqramların və layihələrin gerçəkləşdirilməsi ilə bağlıdır. Milli-mənəvi dəyərlərə, humanizm prinsiplərinə sadiq olan gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmin edilməsi, sivilizasiyalararası dialoqa rəvac verilməsi, Qarabağda işğal dövründə talan edilmiş abidələrimizin bərpası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması da Fondun fəaliyyətində önəmli yer tutur.
  Şübhəsiz ki, qloballaşan dünyada milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılaması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə xüsusi olaraq diqqət yetirilir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Heydər Əliyevin zəngin irsindən bəhrələnərək və onun azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində Heydər Əliyev Fondu böyük layihələr həyata keçirir. Hələ 1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondu təsis edilərkən Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirib. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, onu bütün dünyaya tanıtdırmaqdır. Ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban Əliyevanın belə bir müqəddəs missiyanı öz üzərinə götürməsi onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi.
Fond təhsildə fərqlənən, valideyn himayəsindən məhrum uşaqları, şəhid ailələrini, müharibə veteranlarını və müharibə əlillərini hər zaman diqqət mərkəzində saxlamağa çalışır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərdən ibarət bir qrup hərbçi yüksək texnologiyalı protezlərlə təmin olunub. Uşaq və yeniyetmələrdə idmana marağın artırılması məqsədilə bir çox təhsil müəssisələrində idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələr yaradılıb. Olimpiya və Paralimpiya oyunlarında medal qazanmış idmançılar Heydər Əliyev Fondunun təqaüdlərinə və diplomlarına layiq görülüblər.
  Heydər Əliyev Fondunun fəaliyyətinin ikinci mühüm aspekti mədəni irsimizin qorunması, tanıdılması və multikutural dəyərlərimizin təbliğini əhatə edir. Ötən müddətdə Fondun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət obyektləri inşa olunub. Dünyanın bir sıra ölkələrində Azərbaycan Mədəniyyət Mərkəzləri yaradılıb. Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər beynəlxalq festivallar mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir. Heydər Əliyev Fondunun təşkil etdiyi ədəbiyyat və incəsənət festivalları artıq ölkə hüdudlarını aşaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Buna misal olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı, Beynəlxalq Kulinariya Festivalını qeyd etmək olar.
  Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycan xəzinəsinə ayrılan diqqətdir. 26 avqust Beynəlxalq Muğam Günü kimi qeyd olunur. BMT tərəfindən Novruz bayramı Beynəlxalq Gün kimi qəbul edilib. Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər də Azərbaycanın tarixinin, bu gününün təqdimidir.
  Fondun təşəbbüsü ilə nəşr olunan kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə məlumatlar verilib. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr verib. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur.
Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.
  XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsinin, Ermənistanın ölkəmizə vurduğu ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərər Fondun daim diqqət mərkəzində saxladığı mövzulardır.
  Azərbaycan barəsində doğru-düzgün məlumatların yayılması və dövlətimizin milli maraqlarının qorunması istiqamətində ən uğurlu layihələrdən biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasıdır. Bir çox dünya ölkələrini əhatə edən bu kampaniya Xocalı həqiqətlərinin dünyada yayılmasına, cinayətkarların beynəlxalq ifşasına yönələn tədbirlərin vahid konsepsiyası əsasında sistemli şəkildə həyata keçirilib.
  Bu sahədə görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Xocalı soyqırımı ətrafında qurulmuş informasiya blokadası yarılmış, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, bir çox ölkələrin parlamentləri Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğunu təsdiq etmiş və bir sıra ölkələrin parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
  İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir. Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhərağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib. Aşağı Gövhərağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir.
  Millət vəkili Sahib Alıyevin fikrincə, Ulu Öndərin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə yaradılan fondun genişmiqyaslı fəaliyyəti Azərbaycanın hüdudlarından kənarda da dəyərləndirilir: 

“Azərbaycan mədəniyyəti və musiqisi deyəndə qürurla andığımız ayrı-ayrı şəxsiyyətlərin nəvə və nəticələri indi dünya səhnələrində alqışlarla qarşılanırlar ki, burada da Fondun rolu danılmazdır. Çünki onların əksəriyyətini qərbin ən sayılıb-seçilən sənət məbədlərinə təhsil üçün məhz Heydər Əliyev Fondu göndərib. Gendən gələn istedadla yüksək təhsil bir arada olanda isə artıq virtuozluq başlayır ki, məşhur soyadların daşıyıcılarının çıxışlarında dünən mən onu gördüm. Və bunun adı muğama yanaşmada olduğu kimi təkcə mədəni irsi itməyə qoymamaq yox, həm də zənginləşdirməkdir”.
  Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond 20 il ərzində saysız-hesabsız uğurlara nail olub, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini verib. Heydər Əliyev Fondu, həmçinin ölkəmizin dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində yorulmaz fəaliyyət göstərib. Heydər Əliyev Fondu yarandığı gündən yalnız Azərbaycan xalqına, mədəniyyətinə xidmət edən ən mühüm qurumlardan biridir. Heydər Əliyev Fondunun 20 illik yubileyi münasibətilə Fondun rəhbərliyini və əməkdaşlarını ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri dəyərli Mehriban xanım Əliyeva həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir.
  Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu da Heydər Əliyev Fondunun 20 yaşı ilə bağlı fikirlərini “Şərq”lə bölüşüb. Onun sözlərinə görə, çağdaş tariximizin hansı səhifəsini vərəqləsən, inkişaf etməkdə olan ölkəmizin hansı səmtinə, ölkə həyatının hansı sferasına göz yetirsən hökmən Heydər Əliyev Fondunun gördüşü işləri- ucaldılan maddi və mənəvi abidələri, tikilən məktəbləri, restavrasiya edilən və ya abadlaşdırılan qədim, yeni sarayları, muzeyləri, məscidləri, kilsələri, məntəqələri, salınan park və yaşıllıqları, yüksək səviyyədə keçirilən müxtəlif yerli və beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərini, festivalları, təhsil alımış gəncləri, həyatı xilas olmuş tanınmış və sıravi vətəndaşları, böyük xeyirxah amalı görmək olar: “Fəaliyyəti boyu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və başqa sahələrdə gerçəkləşdirilən saysız-sonsuz layihələr Heydər Əliyev Fondunu yeni tariximizin qürur yerinə çevirir”.