Cinpinin Avropa turnesi: Parislə Pekinin... - ŞƏRH

İndi də Paris Pekinin vasitəsilə strateji məsələlərdə ABŞ-dən “müstəqillik” əldə etmək layihəsini gündəmə gətirə bilər

  Çin Xalq Respublikasının Sədri Si Cinpin Parisdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə üçtərəfli görüşdə Fransa Prezidenti Emmanuel Makrona məhəl qoymayıb və onu alçadıb. Bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” hesabında paylaşım edib. Paylaşımda bildirilib: “Si Cinpinin Fransaya dövlət səfəri: Makron alçaldılır və məsxərəyə qoyulur! O, Ursula fon der Lyayeni dəvət etməklə təvazökarlığını nümayiş etdirdi. Çin prezidenti onunla daha çox danışaraq əsl müdiri müəyyənləşdirdi və bununla da Makrona məhəl qoymadı”.
Filippo onu da vurğulayıb ki, tabeçilik ruhu Fransanın milli maraqlarına zərər verir və Aİ-yə üzvlük onu zəiflədir.
  Çin Xalq Respublikasının Sədri Si Cinpin Avropa turnesini şərh edən siyasi təhlilçi Aqşin Kərimov “Sherg.az"a açıqlamasında deyib ki, o, ilk səfərini Fransaya edib, daha sonra Serbiya və Macarıstana gedəcək:

“Cinpinin Paris proqramı Fransa ilə Çinin öz vizyonlarını həyata keçirmək üçün vasitələrdən biridir. Cinpinin Parisə səfəri Çin-Fransa əlaqələrində qarşılıqlı anlaşmalara əsaslanan dinamika yaratmaq və onların genişlənmə siyasətlərində bir-birilərinə dəstək mexanizmləri tapmaq anlamına malikdir. Fransa rəsmi xarici siyasət kursundakı diskurslardan biri olan strateji muxtariyyət qazanmağı Çinin yüksələn qlobal enerjisi hesabına rəqiblərinə başa salmaq istəyir. Çin isə Avropanın və Yaxın Şərqin təhlükəsizliyi üçün çox şey edə bilmək potensialını ortaya qoyur və mümkündür ki, Pekinin Parislə yaxınlıq yaratmaq cəhdlərinə işarələr edir. Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron ölkəsinin ABŞ və Çin arasında Tayvanla əlaqədar münaqişəyə cəlb olunmaması üçün xəbərdarlıq edərkən Vaşinqtonun maraqlarına toxunmuşdu.
  Makron bildirmişdi ki, ABŞ-nin müttəfiqi olmaq onun vassalı olmağı tələb etmir və beləliklə, Fransa lideri Çinə doğru əyilən kursu nümayiş etdirib. İndi də Paris Pekinin vasitəsilə strateji məsələlərdə ABŞ-dən “müstəqillik” əldə etmək layihəsini gündəmə gətirə bilər. Cinpin Fransanın bu istəklərini səmimi başa düşmək əvəzinə, onu manipulyasiya etməyi strateji gediş kimi nəzərdə saxlayır.
Çünki indi Fransanın Çinə daha çox ehtiyacı var, hələ ötən ilin yayında Makronun də Çinə səfəri belə məqamları ağartmağa fürsət tanıyır”.
  Siyasi şərhçinin fikrincə, bu tendensiya Çinə ABŞ-nin Avropanın və Yaxın Şərqin təhlükəsizlik qarantı olmadığını göstərmək imkanı verir. Bunu sübut edə biləcək məqam Cinpinin Makronla mətbuat konfransında Çinin Ukraynadakı və Qəzzadakı müharibələrə dair ölkəsinin prinsipial mövqeyini açıqlamasıdır: “Güman ki, Çin Parislə bu iki ox üzrə “həll variantlarında” sövdələşməni tərəfdaşlıq qismində nümayiş etdirir. Məsələn, Cinpinin “Çin Avropada balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik arxitekturasını dəstəkləyir” deməsi ən azından zahiri görüntüdə Fransanın ambisiyalarını dəstəkləyə bilən xarakterə malikdir.
Mümkündür ki, bununla da Cinpin:
- Çinin Ukraynadakı münaqişədə tutduğu rola işıq salaraq Parislə razılaşdırılmış bəyanat səsləndirir.
- Yaxın Şərq arenasında Parislə Pekinin mövqelərini tutuşdurmaq planlarına dair işartıları gücləndirir.
  Cinpinin Fransadan sonra Serbiya və Macarıstan səfəri isə Pekinin daha geniş strateji vizyonunu nümayiş etdirəcək.
Çünki Macarıstan-Serbiya dəmir yolu Çinin qlobal genişlənmə bucaqlarını əks etdirən “bir kəmər, bir yol” təşəbbüsünün Avropadakı qabaqcıl layihəsidir.
  Çin bu dəmir yolunun tamamlanmasını ən azından iki aspektdən vacib sayır.
Birincisi, Çinin Avropada nüfuzunun böyüməsi və ABŞ maraqlarının ticari kodekslərlə sıxışdırılması ümumi yanaşmanı əks etdirir.
İkincisi, adıçəkilən dəmir yolu istifadəyə verilsə, yük daşımaları, ticari əlaqələr inkişaf edəcək və Çinə nəzərəçarpacaq faydalar gətirəcək.
Sözsüz ki, Cinpinin Avropa turnesinə ABŞ də gözlərini zilləyib və Pekinin portfelinə daha böyük qazanclar qoyacağından narahatlıqlarını gizlətməyəcək”.