Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.
Bakı Enerji Həftəsi ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən millət vəkili Rüfət Quliyev bildirib ki, Əsrin müqaviləsindən 30 il keçib:
“Azərbaycan 30 il ərzində nəhəng addımlar atıb. Yəni 30 il əvvəl Azərbaycanın iqtisadiyyatı iflic vəziyyətdə idi. Bu gün isə Azərbaycanın iqtisadiyyatı böyük templərlə inkişaf edir. İqtisadiyyata 3000 000 000 dollardan yuxarı investisiya qoyulub. Artıq Azərbaycan enerji ixracatı ilə məşğuldur. Eyni zamanda, ölkəmizin yaşıl enerjini də ixrac etmək üçün imkanları var. Energetikanın tamamilə arxitekturasını dəyişmişik. Azərbaycan bütün sazişlərdə, görüşlərdə və layihələrdə birinci və ya ilk üçlükdədir. Yəni Azərbaycan hər zaman aparıcı ölkədir. Beynəlxalq 3 tədbirin 1 həftə ərzində keçirilməsi göstərir ki, Azərbaycana inanır və böyük rəğbətlə yanaşırlar. Azərbaycanın sözü dünya üçün təkcə energetika sahəsində deyil, bir çox sahələrdə önəmlidir. Digər tərəfdən bütün bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizə aparmaq istəyib-istəmədikləri barədə qərara gəlməlidirlər. Cənap Prezident İlham Əliyevin dediyi kimi hər kəs COP29-da iştirak etməlidir. Amma hazırda ölkələr problemi biri-birilərinin üzərinə atır. Yaşıl enerjiyə keçid məntiqlə və təcridən həyata keçirilməlidir”.