Çin və Rusiya Qərb koalisiyasına qarşı birləşib

ABŞ Prezidenti Cozef Bayden iyunun 17-də Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Ağ Evdən yayılan məlumata görə tərəflər Rusiya-Ukrayna müharibəsi və Hind-Sakit okean regionundakı vəziyyəti müzakirə ediblər:

“Prezident NATO müttəfiqlərinin Ukraynanı dəstəklədiyini, o cümlədən Hind-Sakit okean regionunda təhlükəsizliklə bağlı məsələləri alqışladığını bildirib”. 

ABŞ Prezidenti və Baş katib müdafiə xərcləri ilə bağlı əhəmiyyətli irəliləyişləri də müzakirə ediblər.

Politoloq Məhəmməd Əsadullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, Çin və Rusiya Qərb koalisiyasına qarşı birləşib:

"Ümumiyyətlə Rusiya-Ukranya müharibəsi beynəlxalq müstəvidə böyük hərbi böhrana səbəb olur. Çinin Rusiyanı, NATO-nun Ukraynaya dəstəkləməsi tərəflər arasındakı münasibətləri daha da kəskinləşdirir. Görüşdə tərəflər Hind-Sakit okean regionundakı vəziyyəti də müzakirə edib. Biz bilirik ki, Hind-Sakit okean arialı Vaşinqtonun geosiyasi maraq dairəsindədir. Hazırda NATO Rusiya və Çini sıxışdırmağa davam edir. Buna qarşılıq olaraq Rusiya və Çin Şərq blokunu formalaşdırmağa çalışır. Rusiyanın Ukraynadakı artan aqressiyası Şərqi Avropanın təhlükəsizliyini təhdid edir. Bu səbəbdən Qərb bloku bu müstəvidə görüşlər keçirir, planlar hazırlayır".

Məhəmməd Əsadullazadə əlavə edib ki, hazırda dünyada yeni nizam qurulur:

"Yəni qurulan nizam üçün Rusiya-Ukrayna müharibəsinin nəticəsi olduqca əhəmiyyətlidir. Əgər müharibədə Rusiya qalib gəlsə, bu Qərbin nüfuzuna xələl gətirəcək. Əgər müharibədə Qərbin dəstəklədiyi Ukrayna qalib gələrsə, Rusiyanın dünya siyasətində mövqeyi zəifləyəcək".