Həbib Mikayıllı: Azərbaycan COP29-a sədrliyin aktiv mərhələsinə qədəm qoyub

Biz qlobal istiləşməyə görə bir-birmizi ittiham etməməliyik.

Bunu COP29 Təşkilat Komitəsi Katibliyinin rəhbəri, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Həbib Mikayıllı Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantıda çıxışında deyib.

O bildirib ki, Azərbaycan COP29-a sədrliyin aktiv mərhələsinə qədəm qoyub: "Bu, çox həlledici və tarixi bir məqamdır. Altı ay ərzində əldə etdiyimiz nailiyyət ondan ibarətdir ki, bizim COP komandamız dünya paytaxtlarına səfər edib, onların fikirlərini eşitmək, prioritetlərini anlamaq, mövqe tutmaq üçün müxtəlif danışıqlar qruplarına daxil olan ölkələrlə məsləhətləşmələr aparıb və bu, kifayət qədər uğurlu olub".

O bildirib ki, ölkələr arasında razılaşdırlmayan məqamlar hələ də qalır, ancaq o, razılaşmaların əldə olunacağı barədə optimistdir: "Mən inanıram ki, əsas oyunçular razılığa gələcək, necə ki, bu, Paris İqlim Razılaşması zamanı baş vermişdi. Kiçik və inkişaf etməkdə olan ölkələrə dəstək bizim prioritetlərimizdən olacaq. Azərbaycanın prioritetlərindən biri də budur ki, qlobal istiləşmədə bir-birimizi günahlandırmayaq, eyni zamanda neft-qaz hasil edən ölkələrə qarşı hər hansı hücumu qəbul etmirik. Biz inanırıq ki, ümid əməkdaşlığın əsasıdır”.

Həbib Mikayıllının sözlərinə görə, inkişaf etməkdə olan ölkələr, ada ölkələri iqlim dəyişikliyinin fəsadlarından daha çox əziyyət çəkir.

O qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı ölkələrin planları ilə yanaşı onu həyata keçirmək mexanizmi və imkanlarının olması da vacibdir.