COP29-la bağlı beynəlxalq toplantının ikinci günü işinə başlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan "COP29-a aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantının ikinci günü öz işinə başlayıb.

Sherg.az APA-ya istinadən xəbər verir ki, toplantının ikinci günündə panel müzakirəsində elmin, innovasiya və texnologiyaların rolu müzakirə olunub.

Qırğızıstanın keçmiş Baş naziri (2014-2015) Djoomart Otorbaev panel çıxışında Çinin innovasiyalar və texnologiyaları sahəsində potensialı və nailiyyətləri barədə danışaraq deyib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri Çinlə həmçinin başqa tərəfdaşlarla innnovasiyalar və texnologiyalar sahəsində əməkdaşlıq etməlidir.

"Bilirəm ki, Azərbaycanın prioriteti yalnız enerji deyil, insan kapitalıdır, təhsildir, elmdir, innovasiyalardır".

COP29-un BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu, Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai paneldə çıxışında texnologiya və süni intellektin rolu və təmin etdiyi fürsətlər barədə danışıb.

O deyib ki, yüksək səviyyəli texnologiyalara əlçatımlılıq dominantlıq üçün vasitəyə çevrilməməlidir, çünki bu, həm də iqlim dəyişikliyi ilə mübarizədə nailiyyətlərə çatmağı çətinləşdirir.

O, Bakının ev sahibliyi edəcəyi COP29-un inklüziv olacağına əminliyini ifadə edib.

Nigar Arpadarai deyib ki, müxtəlif tərəflər - media biznes, vətəndaş cəmiyyəti prosesdə iştirak edəcək.

"COP29-un BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu olaraq mənim prioritetim özəl sektorla fəal işləməkdir. Biz böyük korporasiyalarla yanaşı kiçik və orta sahibkarlarla işləyəcəyik".

Rumıniyanın keçmiş baş naziri (1989-1991) Petre Roman da panel müzakirəsində çıxış edib. O bildirib ki, son 4 onillikdə Xəzərin səviyyəsi 2 metrə qədər enib.

"Xəzərin suyunun azalması Volqanın suyunun azalması ilə bağlıdır, Volqanın suyunun azalması yağıntıların azalması, iqlim istiləşməsi ilə bağlıdır", o deyib.

Sabiq Baş nazir okeanların səviyyəsinin dəyişdiyini, rekord yağıntıların, sel və daşqınların ardınca kəskin istilərin, quraqlığın olduğunu xatırladaraq planetin qeyri-müəyyənliklərlə üzləşdiyini vurğulayıb və qətiyyətli addımlar atmağın vacib olduğunu deyib. O deyib ki, qlobal istiləşmə dinamikası narahatedicidir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə Elmləri və Tətbiqləri Departamentinin Proqram Koordinatoru Jean-Pierre Cayol iqlim dəyişikliyinin sadəcə bir müzakirə mövzusu olmadığının, onun sağlamlığa, su resurslarına, qida təhlükəsizliyinə birbaşa təsirini vurğulayıb.

"Mən inanıram ki, bizim iqlim fəaliyyəti üçün elmə, adaptasiyaya ehtiyacımız var. Biz səylərimiz artırmalıyıq, özəl sektoru prosesə cəlb etməliyik. İqlim dəyişikliyinin fəsadları ilə üzləşən ölkələrlə fəal işləməliyik", o vurğulayıb.