Sabir Rüstəmxanlıdan "Azercell"ə etiraz: İranda deyiləm!

Ağsaqqal yazıçının reaksiyası anlaşılandır

Öz ərazimizdə olduğumuz zaman xarici ölkənin mobil operatoruna rouminq bağlantısı mesajının daxil olması yolverilməzdir

  Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı "Azercell" şirkətini tənqid edib. Buna doğulduğu Yardımlı rayonuna səfər edən millət vəkilinin telefonuna "İrana xoş gəlmisiniz..." mesajının göndərilməsi səbəb olub.
  S.Rüstəmxanlı bunun bağlı sosial şəbəkədə paylaşım edib:
"Hörmətli Azərsell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma "İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı Azərsellsən, İransell deyilsən!", - deyə millət vəkili vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın sərhəd rayonlarında yaşayan sakinlər və ya həmin bölgələrə səfər edənlər tez-tez sosial şəbəkələrdə mobil rabitə şirkətlərinin - "Azercell", "Bakcell" və NAR-ın ünvanına oxşar şikayətlərlə çıxış edirlər. Belə ki, Yardımlı, Cəlilabad, Biləsuvar və digər rayonlarda istifadəçilərin telefonuna "İrana xoş gəlmisiniz" məzmunlu mesajlar gəlir. Bundan başqa neçə illərdir İran və digər qonşu ölkələrin telekanallarının proqramlarının sərhəd bölgələrimizdə qanunsuz yayımı halları da davam edir.
  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə mövzu ilə bağlı “Sherg.az"a açıqlamasında deyib ki, uzun illər milli məfkurə və azadlıq mübarizəsi aparan ağsaqqal yazıçının öz vətənində hərəkət edərkən ona belə bir mesajın gəlməsindən dolayı reaksiyası anlaşılandır: 

“Gərək mobil operatorlar “yatmasınlar”, aidiyyəti qurumlarla radio monitorinqlər aparsınlar, baza stansiyalarının güclərini artırsınlar. Öz ərazimizdə olduğumuz zaman xarici ölkənin mobil operatoruna rouminq bağlantısı mesajının daxil olması arzuolunan deyil, yolverilməzdir. "Azercell"in İranla rouming razılaşması var. Bu o deməkdir ki, müştərisi "Azercell"in baza stansiyasının təsir dairəsindən uzaqlaşdıqda ona həmin əraziyə yaxın olan, "Azercell"ə rouminq müqaviləsi olan digər operator xidmət göstərməlidir. Yardımlıda, həmin ərazidə isə bu operator NAR, yaxud "Bakcell" deyil, həmin əraziyə yaxın olan "İrancell"dir. Düşünürəm ki, belə olmamalıdır. Əlbəttə, beynəlxalq normativlər var, sərhəd zonalarında yerləşən radiovasitələrin gücləri ölkələr tərəfindən beynəlxalq normalarla tənzimlənir.
Lakin təəssüf ki, biz hələlik İranla bu cür tənzimləmələri, məhz onların beynəlxalq normalara sayğısızlığı səbəbindən başa çatdıra bilməmişik. Güman ki, onlar məqsədyönlü olaraq sərhəddə yerləşən baza stansiyaların istiqamətini, gücünü də beynəlxalq normalara zidd olaraq tənzimləyiblər. Belə olan halda isə bizim operatorlarımızın üzərinə daha böyük məsuliyyət düşür. Onlar daim bunu nəzarətdə saxlamalıdırlar. Təəssüf ki, bizim mobil operatorlarımız indiyədək də ortaq bir baza stansiyaları şəbəkəsi qura bilməyiblər. Yalnız NAR və "Bakcell" ortaq şəbəkəyə malikdir. Xatırlayıram ki, 2-ci Qarabağ savaşından məğlub çıxan Ermənistan , o zaman Şuşa ətrafındakı baza stansiyalarını gücləndirərək Şuşaya gələn xarici qonaqlara da bu tip mesajlar göndərmişdilər. O zaman bizim aidiyyəti qurumlar bu məsələni zamanında həll etmişdilər. İndi təsəvvür edin ki, ölkəmizə gələn COP29 qonağı, yaxud turist cənub bölgəsinə daxil olur. Onun telefonuna xidmət edən xarici mobil opetaror həmin ərazidə olan, hətta rouminq müaviləsi olan "Azercell"in baza stansiyasının siqnalını deyil, "İrancell"in siqnalını qəbul edəcək. Və ona da “İrana xoş gəlmisiz” mesajı daxil olacaq. Bütün bunlar isə yolverilməzdir. Əgər bizim operatorların baza stansiyaları bütün ərazilərimizdə daha tez əlçatan olsa, daha güclü olsa belə bir arzuolunmaz mesajlar da telefonlarımıza gəlməz. Bu, birmənalıdır. Mobil operatorlar və aidiyyəti dövlət qurumları İranla radio müdaxilə məsələlərini beynəlxalq normalara uyğun bitirməli, bu problemin həllinə resurslar ayırmalı və tez bir zamanda bunu həll etməlidirlər”.