Ermənistan hər zaman olduğu kimi maşa rolundadır - ŞƏRH

İrəvan başa düşmür ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı nəticə etibarilə erməni xalqının başında çartlayacaq

  Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb. Danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb. Həmçinin Ermənistanın müdafiə naziri silahlı qüvvələrə də Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib. Bu, nazirlərin son bir ildə ikinci görüşüdür. Əvvəlki görüş fevralda İrəvanda baş tutub. Qeyd edək ki, digər hərbi-texniki vasitələrlə yanaşı, Fransa Ermənistana "Caesar" özüyeriyən haubitsalarını tədarük edəcək. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, onun ölkəsi Ermənistanla müdafiə sahəsində əlaqələri gücləndirməkdə davam edir. Nazir qeyd edib ki, "Caesar" haubitsalarının Ermənistana tədarükü yeni mühüm mərhələdir. Fransanın bir sıra tanınmış şəxsləri də Prezident Emmanuel Makrona açıq məktub yazaraq, onu Fransa qoşunlarını Ermənistana göndərməyə çağırıblar. Buna baxmayaraq, onlar bu yardımların “həqiqi hərbi üstünlüyə malik Azərbaycanı dayandırmaq gücündə olmadığını” bildiriblər. İddia ediblər ki, ermənilər üçün “soyqırımı riski” var. Müraciəti Parisin meri Ann İdalqo, keçmiş Avropa və xarici işlər naziri Bernar Kuşner, Avropa Parlamentinin üzvləri Fransua-Ksavye Bellami və başqaları imzalayıblar. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. Qeyd olunub ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür: "Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur. Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır. Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq". Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib ki, Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir. Zaxarova bu müqaviləni eskalasiyaya səbəb olmaq üçün “daha bir addım” adlandırıb: “Fransa Ermənistanın maraqlarını rəhbər tutmur, sadəcə olaraq, ölkələr arasındakı fikir ayrılıqlarından öz fürsətcil məqsədlərinə çatmaq üçün alət kimi istifadə etməyə çalışır. Fransa NATO ideologiyasının dirijorudur”.
  Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan və Fransa müdafiə nazirləri arasında hərbi sahədə əldə olunmuş yeni razılaşmalar Cənubi Qafqaz regionunda sülhün əldə olunmasına zərbədir. Deputatın sözlərinə görə, Fransa, bundan əvvəl də Ermənistana döyüş texnikası, silahlar vermişdi: 

"Həmin silahlar müdafiə xarakterli olsa da, indiki özü yeriyən “Caesar” artilleriya sistemləri hücum silahlarıdır. Yenicə müharibədən çıxmış, qonşu ölkənin ərazisini 30 il işğalda saxlamaq təcrübəsinə malik Ermənistan kimi dövləti hücum silahları ilə təchiz etməkdə bir məqsəd var. O da Ermənistanı yenidən müharibəyə sürükləmək və yaranmış geosiyasi vəziyyətdən sui-istifadə etməklə, nəyin bahasına olursa-olsun, bölgəyə daxil olmaqdır. Fransa ilə Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə dezinformasiya xarakterli təbliğat aparırlar. Guya Azərbaycan COP29 sammitindən sonra Ermənistana hücum hazırlayır. Fransa bir güllə ilə iki quş vurmağı planlaşdırır. Bir tərəfdən kiçik bacısını müharibəyə təhrik edir, digər tərəfdən dünyada iqlim dəyişikliyinin qarşısının alınması üzrə, ən ciddi konfransın Azərbaycanda keçirilməsini həzm edə bilmir. Bəşəriyyəti narahat edən, mötəbər tədbiri ləkələmək istəyir".

Parlament üzvü vurğulayıb ki, Fransanın davranışlarında təəccüblü heç nə yoxdur: 
"Fransa sadəcə öz geosiyasi, geoiqtisadi maraqlarından çıxış edir. Geniş müstəmləkəçilik təcrübəsinə yiyələnmiş bu ölkə, əsrlər boyu çata bilmədiyi arzularına çatmaq istəyir. Qafqazın nəqliyyat-kommunikasiya-logistika imkanlarını nəzarətə götürməyə, təbii resurslarına sahib olmağa can atır. Ermənistan isə ağıllanmır və hər zaman olduğu kimi maşa rolunu ifa edir. İrəvan başa düşmür ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı nəticə etibarilə erməni xalqının başında çartlayacaq".