"Bu məsələdə ən sərbəst davranan ölkə Azərbaycandır"
Nə NATO-nun, nə də KTMT-nin üzvüyük
Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri Kayrat Osmonəliyev NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasını təklif edib. K.Osmonəliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, hər bir ölkənin təhlükəsizliyinin bütün regionumuzun təhlükəsizliyinin açarına çevriləcəyi Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır: "Başqa sözlə, əgər onu Türk Dövlətləri Təşkilatını Aİ ilə yanaşı, mövcud dünya analoqları ilə müqayisə etsək, gələcəkdə müdafiə ittifaqı kimi "Türk NATO-su” və ya “Türk KTMT-si”nin yaradılması haqqında düşünməliyik". Bəzi ekspertlər bu təklifi təqdirəlayiq saysalar da, hələlik reallaşmasının çətin olduğunu düşünürlər. Çünki eyni dövlətlərin iki hərbi blokda təmsil olunması mümkün görünmür. Məsələn, Qazaxıstan və ya Qırğızıstanın həm “Rusiya KTMT-sində”, həm də “Türk KTMT-sində” təmsilçiliyi mümkün deyil. Türkiyə NATO-dan, Qazaxıstan və Qırğızıstan isə KTMT-dən çıxmalıdırlar. Buna baxmayaraq, türk dövlətləri arasında hərbi əməkdaşlığın zəruri olması barədə təklifin səsləndirilməsini və bu ətrafda müzakirələrin aparılmasını müsbət qiymətləndirmək olar. Analitiklərə görə, hərbi əməkdaşlığı elə Türk Dövlətləri Təşkilatı çərçivəsində də başlamaq və inkişaf etdirmək mümkündür.
Millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib ki, bu məsələ bir neçə dəfə gündəmə gətirilib. Deputatın sözlərinə görə, müdafiə xarakteri daşıyan ortaq hərbi gücün yaradılması barədə təşəbbüs və yanaşmalar hər bir türk ölkəsini düşündürən ciddi məsələlərdən biridir:
"Amma burada bir məsələyə diqqət yetirmək lazımdır. Bunu nə dərəcədə real birliyə çevirmək mümkün olacaq? Çünki bu, bölgə dövlətlərinin iradəsinə qarşı yeni bir mövqe sərgiləməkdir. Mövqe sərgiləyərkən bu məsələlər mütləq diqqətə alınmalıdır. Elə bir şəkildə qurulmalıdır ki, həqiqətən də gücə çevrilək və hansısa formada bu gücə qarşı addımların atılması düşünülməsin. Yəni əks mövqe sərgilənməsin. Təbii ki, burada ən önəmli rolu Türkiyə oynayacaq. Türkiyə böyük orduya sahib dövlətdir. Ancaq Türkiyə də NATO-da təmsil olunur. Digər ölkələr isə KTMT-yə daxildir. Həmin ölkələrin NATO və KTMT-dəki fəaliyyətləri necə olacaq? İndiki halda təklif olunan məsələ o dövlətlərin maraqlarına uyğundurmu? İlk növbədə bu sualların cavablarını vermək lazımdır. Bu məsələdə ən sərbəst davranan ölkə Azərbaycandır. Nə NATO-nun, nə də KTMT-nin üzvüyük. Avantajımız odur ki, istənilən məsələdə sərbəst qərar vermək imkanına sahibik. Məncə, məsələyə bu prizmadan baxılmalıdır. O zaman real bir qurumun yaradılıb-yaradılmaması məsələsini düşünmək olar".