“Adamın səhər dediyi ilə axşam söylədiyi üst-üstə düşmür. Eyni gündə dörd cür açıqlama verir”
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanın ittihamlarına cavab verib. Jurnalistlərin “Paşinyandan üzr istəmək fikrindəsinizmi” sualının qarşılığında Lukaşenko Ermənistan liderini təhqir edib. O, Paşinyanla bağlı bəzi məqamları açıb: “Qulaq asın, bu axı gülməlidir. O deyir ki, qoy, Lukaşenko üzr istəsin. Yaxşı, mən indi, bu dəqiqə, hər kəsin qarşısında hazıram. Üzr istəyirəm, əzizim, amma sən iyrənc insansan. Daha bir şey… Bizdə artıq yaşıl köynəkdə, daha bir şey tələb edən (Lukaşenko kimi nəzərdə tutduğunu açıqlamayıb, amma Zelenski olduğu təxmin edilir – red.) belə bir iyrənc insan olub. Onunla artıq hər şey aydındır. Lakin bu Paşinyan bir zamanlar mənə gecə zəng vurub xahiş edirdi ki, onu Putinlə barışdırım. Mən həmin vaxt ona kömək etdim. Vladimir Vladimiroviç (Putin) mənə demişdi ki, Aleksandr Qriqoryeviç, bir bilsəniz bu Paşinyan necə bezdirib. O, bir az başqa cür demişdi, sadəcə indi sizə yumşaq formada deyirəm. O zaman xahiş etdim, onlar Moskvada görüşdülər. İndi mənə belə “təşəkkür” edir”.
Qeyd edək ki, Paşinyan bundan öncə Belarusu İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana silah satmaqda ittiham edib. O, Lukaşenko prezident olduğu dönəmdə Belarusa səfər etməyəcəyini və bu fikrini yalnız Lukaşenko üzr istəyəcəyi halda dəyişəcəyini deyib. Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Ovik Ağazaryan deyib ki, əgər Putin də Lukaşenko kimi özünü həyasız aparsa, o zaman biz Rusiyaya səfərimizi dayandıracağıq. O, Paşinyanın Lukaşenkonun ünvanına sərt fikirlər səsləndirməsini belə izah edib: “Belarus prezidenti özünü həyasız adam kimi aparır. Əgər Putin də özünü bu cür aparsa, o zaman bizdə də oxşar təşəbbüs ola bilər. Lukaşenko bizim düşmən olduğumuz qonşu dövlətə gedir (Azərbaycan nəzərdə tutulur - red.) və bəyanatlar verir. Ona görə də Paşinyan Lukaşenkoya münasibətdə belə bir addım atır. Bundan başqa, əminliklə deyə bilərik ki, Rusiya düşmən dövlətə silah sataraq özünü çox pis aparır. Amma mən bunu mübahisələndirmirəm. Əlbəttə, biz hər şeyi Rusiya və Belarusun üzərinə atmamalıyıq. Çünki bizim də günahımız var. Məhz bu kontekstdə qiymətləndirmə aparmalıyıq”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı başlatdığı hücumun arxasında Qərb dayanır. Analitik bildirib ki, Rusiyanı ayaqda saxlayan əsas dövlətlərdən biri Belarusdur:
"Rusiya və Belarus vahid ittifaq yaradıblar və ora yeni üzvlər qəbul etməyə hazırlaşırlar. Hələlik rəsmi birləşən yoxdur, amma qeyri-rəsmi birləşmək istəyən dövlətlər var. Ermənistan bir növ Paşinyanın dili ilə Qərb ölkələrinə mesaj verir. KTMT-nin yiyəsi Rusiyadır və bütün sərmayəni Moskva qoyur. Belə bir məsəl var, "Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur". Ermənistan KTMT-dən çıxsa nə olacaq, çıxmasa nə olacaq? İrəvan körpüləri yandırıb, Rusiya ilə münasibətləri düzəltmə ehtimalı sıfıra yaxınlaşıb. Bu gərginlik Ermənistanda müəyyən qüvvələri, o cümlədən kənar oyunçuları ciddi narahat edir. Ermənistanın ikinci Ukraynaya çevriləcəyindən ehtiyatlanırlar. Ona görə də Paşinyanın diliylə Belarusa hücum edirlər. Amma o da var ki, Paşinyan ciddi siyasətçi kimi qəbul olunmur. Adamın səhər dediyi ilə axşam söylədiyi üst-üstə düşmür. Eyni gündə dörd cür açıqlama verir. Yəqin ki, Belarus da Paşinyanı ciddiyə almır".