Ermənistanın "yenidən hücum", "yeni müharibə" taktikası

"Fransanın Cənubi Qafqazda yeni cəbhə açmaq fikri var"

  Avropa Parlamentinə keçirilən seçkilərdə acı məğlubiyyət, daxili siyasi gərginlik Emmanuel Makron hakimiyyətini ciddi sarsıtsa da, Fransa ənənəvi riyakar siyasətə hələ də son qoymur. Rəsmi Paris bəzi ölkələrin daxili işlərinə qarışmaqla yanaşı, onları silahlandırır və hərbə sürükləyir. Fransa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının getdiyi, sərhədlərin delimitasiya prosesinin başlandığı bir ərəfədə İrəvanla təmaslarını artırmağa çalışır. Məlum olduğu kimi, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb. Danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb. Həmçinin Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib. Bu, nazirlərin son bir ildə ikinci görüşüdür. Əvvəlki görüş fevralda İrəvanda baş tutub. Qeyd edək ki, digər hərbi-texniki vasitələrlə yanaşı, Fransa Ermənistana "Caesar" özüyeriyən haubitsalarını tədarük edəcək. S.Lekornu bildirib ki, "Caesar" haubitsalarının Ermənistana tədarükü yeni mühüm mərhələdir. Fransanın bir sıra tanınmış şəxsləri də Prezident Emmanuel Makrona açıq məktub yazaraq, onu Fransa qoşunlarını Ermənistana göndərməyə çağırıblar. Buna baxmayaraq, onlar bu yardımların “Azərbaycanı dayandırmaq gücündə olmadığını” bildiriblər. Hətta iddia ediblər ki, ermənilər üçün “soyqırım riski” var. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi Parisə cavabında bildirilib ki, Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. Qeyd olunub ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etmişdi. Hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür. Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur. Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi var. Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq. Rusiya da Fransanın regionla bağlı təhlükəli addımlarına münasibət bildirib. Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib ki, Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir. Zaxarova bu müqaviləni eskalasiyaya səbəb olmaq üçün “daha bir addım” adlandırıb: “Fransa Ermənistanın maraqlarını rəhbər tutmur, sadəcə olaraq, ölkələr arasındakı fikir ayrılıqlarından öz fürsətcil məqsədlərinə çatmaq üçün alət kimi istifadə etməyə çalışır. Fransa NATO ideologiyasının dirijorudur”. Məlumat üçün bildirək ki, özüyeriyən CAESAR artilleriya qurğusu 1994-cü ildə “Nexter” şirkəti tərəfindən hazırlanıb, kütləvi istehsala 2002-ci ildə başlanılıb. Fransa ordusuna isə 2008-cu ildən təhvil verilib. Özüyeriyən artilleriya qurğusunun ekipajı 5 nəfərdən ibarətdir, 155 mm-lik topa malikdir. Fransa ilə Ermənistan arasında yeni müqavilənin dəyəri haqqında məlumat verilməsə də, artilleriya qurğusunun birinin qiymətinin 7 milyon dollara yaxın olduğu deyilir.
  Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, sülhün bugünədək əldə olunmamasının səbəbi Ermənistanın danışıqları imitasiya etməsi və sülhdən daha çox müharibəyə hazırlıq görməsidir. Deputatın sözlərinə görə, Ermənistan müdafiə nazirinin naziri Suren Papikyanın Fransaya səfəri, silah-sursat alınması ilə bağlı sazişin imzalanması göstərir ki, İrəvan hökuməti hərbi arsenalını gücləndirməklə Azərbaycana qarşı yeni təxribatlara hazırlaşır: 

"Ermənistanın silahlanması təkcə Fransa yox, həm də Hindistan vasitəsilə həyata keçirilir. Aydın olur ki, Baş nazir Nikol Paşinyanın tez-tez sülhdən danışması, müqavilənin qısa zamanda imzalanacağını deməsi sadəcə beynəlxalq rəyi aldatmağa hesablanmış siyasi manevrlərdir. İrəvan Ermənistanın "sülhsevər ölkə" obrazını yaratmağa çalışır. Amma əsl niyyət Ermənistan ordusunu gücləndirməklə Azərbaycana qarşı savaşa hazırlaşmaqdır. Azərbaycan bütün prosesləri izləyir və ciddi nəzarətdə saxlayır. Müdafiə Nazirliyinin bəyanatı da bundan xəbər verir ki, əgər Ermənistanın əldə etdiyi silahlar Azərbaycanın təhlükəsizliyi üçün təhdid yaradacaq miqdarda və keyfiyyətdə olarsa, dərhal tədbirlər həyata keçiriləcək. Ermənistan nə qədər gec deyil, bu yoldan çəkinməlidir. Azərbaycanın təhlükəsizliyi üçün hər hansı real təhdid yaranarsa, o təhdidin mənbəyi məhv ediləcək".
  Parlament üzvü vurğulayıb ki, Fransanın bu prosesdə xüsusi canfəşanlıq etməsi, qeyri-obyektiv mövqe sərgiləməsi Parisin neokolonist siyasətindən, imperialist məqsədlərindən irəli gəlir: "Dünyanın hər yerindən sıxışdırılan, qovulan, bütün cəbhələrdə uduzan Fransa bu cür təşəbbüslərə əl atır. Paris Ukrayna-Rusiya müharibəsində də həddindən artıq aqressiya nümayiş etdirirdi. Ancaq bir müddət sonra geri çəkilməyə məcbur qaldı. Əminəm ki, Fransa Cənubi Qafqaz siyasətindən, Azərbaycana yönəlik qərəzli yanaşmalarından da əl çəkəcək. Azərbaycan dövləti güclüdür və Ermənistanın kənar güclər tərəfindən alət kimi istifadə olunmasına imkan verməyəcək".
  Politoloq Fuad Abbasov da xatırladıb ki, 44 günlük Vətən müharibəsindən əvvəl Ermənistan müdafiə naziri David Tonoyanın "yeni torpaqlar, yeni müharibələr" adlı şüarı ilə qarşı-qarşıya idik. Ancaq müharibədən sonra keçilməz deyilən "Ohanyan səddinin" bir neçə saatda dağıdılmasının, Ermənistanın biabırçı məğlubiyyətinin və Tonoyanın həbsxanaya getməsinin şahidi olduq. Ekspertin sözlərinə görə, Tonoyanın xələfi Suren Papikyan da öz həmkarının uğursuz yolunu getməkdədir:

"Ermənistan "yenidən hücum" və "yeni müharibə" niyyəti ilə Fransa tərəfindən silahlandırılır. Burada Fransanın öz silahlarını hansısa ölkəyə satmasından, ticari anlaşmalarından söhbət getmir. Paris hərbi texnikalarını sataraq pul qazana bilər. Məsələ ondadır ki, Ermənistanın indiki vəziyyətdə Fransadan bahalı hücum və müdafiə silahları alması qeyri-mümkündür. İşğalçı və təcavüzkar siyasətdən əl çəkməyən Ermənistana hansı məqsədlə və hansı metodlarla silah-sursat "satıldığı" hamıya bəllidir. Əfsuslar olsun ki, Ermənistan terrorçu, separatçı və revanşist mahiyyətindən əl çəkmir".
  F.Abbasovun qənaətincə, Fransanın Ermənistana silah dəstəyi və təhriki Paşinyan hökuməti üçün müsbət heç nə vəd etmir: "Fransanın məqsədlərindən biri Ermənistana silah-sursat daşıyaraq, onu nəyəsə təhrik etməkdirsə, Rusiyanın bölgədə mövqelərini zəiflədərək bölgədən çıxarmaqdırsa, Moskva buna seyirçi qalmayacaq. Ola bilsin, Fransanın Cənubi Qafqazda yeni cəbhə açmaq fikri var. Fransa ilə gərgin münasibətdə olan Türkiyə və Azərbaycan da buna laqeyd qalmayacaq. Cənubi Qafqazda söz sahibi ölkələr Azərbaycan, Rusiya və Türkiyədir. Ona görə də İrəvanın Fransadan hərbi dəstək almasının heç bir məntiqi əsası yoxdur".