Son telefon danışığından da görünür ki...

ABŞ-la təmaslar müsbət dinamikanı əks etdirir

  İyunun 20-də ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında A.Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Dövlət katibi ABŞ-nin Azərbaycanla ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək. Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, təşəbbüskarın Azərbaycan tərəfi olduğunu qeyd edib. ABŞ-nin sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlət başçısı Ermənistanda konstitusiya dəyişikliyinin sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib. Ölkə rəhbəri keçmişin qalığı olan qeyri-funksional ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini söyləyib. Telefon danışığı əsnasında insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi də aparılıb. Blinken COP29-la bağlı Vaşinqtonun dəstəyini də ifadə edib.
  ABŞ rəsmisinin Azərbaycan dövlət başçısına telefon zəngini "Sherg.az"a şərh edən politoloq Cəmaləddin Quliyev deyib ki, sülh özlüyündə ağır prosesdir və proses barədə tərəfdaşların, müttəfiqlərin bir-birini məlumatlandırması vacibdir. Ekspert xatırladıb ki, ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti ilə telefon danışığından əvvəl Türkiyə Prezidenti və Ermənistan baş naziri arasında telefon danışığı, eləcə də Azərbaycan və Türkiyə prezidentlərinin qeyri-rəsmi görüşü baş tutub:
 "Bundan əvvəl Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla Ermənistan arasında sülh danışıqları müzakirə edilib. Azərbaycan tərəfinim sülhlə bağlı ön şərt kimi irəli sürdüyü konstitusiya dəyişikliyi tələbi artıq Ermənistan tərəfindən qəbul edilib. Ermənistan baş naziri yeni konstitusiya qıbul ediləcəyi haqda açıqlama verib. Müəyyən mərhələdə proseslə bağlı ABŞ tərəfində olan anlaşılmazlıqlar da əsasən aradan qaldırılır. Hər halda ABŞ prezidenti və dövlət katibinin Azərbaycan tərəfinə ünvanladıqları müxtəlif təbrik məktublarının mətnləri, Azərbaycan rəsmilərinin Amerikada, Amerika rəsmilərinin Azərbaycanda keçirdiyi görüşlər müsbət dinamikanı əks etdirir. Azərbaycan sülh üçün öz gündəliyini təklif edir və bunun qəbuluna nail olur deyə təsbit edə bilərik. Son telefon danışığının mətnindən də görünür ki, Azərbaycan Minsk qrupunun rəsmən ləğv edilməsi, Ermənistanın ölkəmizə ərazi iddialarını ehtiva edən hüquqi aktların aradan qaldırılması tələbində israrlıdır və bu tələblər normal qarşılanır. COP29-a növbəti dəfə dəstək ifadə olunması da diqqətəlayiq haldır. Bu sammit iştirakçı sayına, müzakirə olunacaq məsələlərin sanbalına görə Azərbaycanın yaxın tarixinin ən böyük beynəlxalq tədbiri də sayıla bilər. ABŞ-nin rəsmi səviyyədə artıq bir neçə dəfə tədbirlə bağlı dəstək ifadə etməsi də bu baxımdan çox mühümdür".